Azərbaycanın İKT-yə üzv olmasından - 26 il ötür

Bu gün Azərbaycanın İslam Konfransı Təşkilatının üzvü olmasından 26 il ötür.

Metbuat.az-ın məlumatına görə, tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin 8 dekabrında İslam Konfransı Təşkilatına (İKT) üzv olması beynəlxalq aləmdə ölkəmiz üçün yeni üfüqlər açıb. Çünki bununla Azərbaycan İKT və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail ola bilib. İlk vaxtlarda İKT Baş katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verib, daha sonrakı mərhələdə İKT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında kəsərli qətnamələr qəbul edib. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistanın Azərbaycana qarşı təcavüzü kimi qiymətləndirilir.

İKT xarici işlər nazirlərinin 1993-cü ildə Karaçidə keçirilən XXI, 1994-cü ildə Kasablankada keçirilən XXII, 1995-ci ildə Konakridə keçirilən XXIII konfransları Ermənistan ilə Azərbaycan arasında münaqişə haqqında qətnamələr qəbul edib. İKT xarici işlər nazirlərinin 1996-cı ildə Cakartada keçirilmiş XXIV konfransında müvafiq qətnamənin adı dəyişdirilərək, "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" adlandırılıb. O vaxtdan etibarən xarici işlər nazirlərinin bütün konfranslarında bu qəbildən olan qətnamələrin adı dəyişilməz qalıb. İKT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda keçirilən VIII, 2000-ci ildə Dohada keçirilən IX və 2003-cü ildə Malayziyanın Putracaya şəhərində keçirilən X konfransları eyni adlı qətnamələr qəbul edib.

Əvvəlki qətnamələrdən fərqli olaraq, son qətnamələr xeyli təkmilləşdirilib, yeni bəndlər əlavə edilib: "Bütün dövlətləri təcavüzkarı münaqişəni dərinləşdirməyə təşviq edən və Azərbaycan ərazilərinin işğalını davam etdirməyə imkan yaradan silah və döyüş sürsatı təchizatından imtina etməyə çağırır; İKT-yə üzv dövlətin ərazisi hərbi təchizatın tranziti üçün istifadə edilməməlidir; İKT-yə üzv dövlətləri və dünya birliyinin digər ölkələrini Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün təsirli siyasi və iqtisadi təzyiqlərdən istifadəyə dəvət edir; hesab edir ki, Azərbaycan ona dəymiş ziyana görə kompensasiya almaq hüququna malikdir və bu ziyanın tam şəkildə ödənilməsi üçün məsuliyyəti Ermənistanın üzərinə qoyur; bu məsələ üzrə İKT-yə üzv dövlətlərin mövqeyi barədə ATƏT-in hazırkı sədrinə məlumat verməsini İKT Baş katibindən tələb edir" və s.

İKT Dövlət və Hökumət başçılarının Putracayada keçirilən X Zirvə Konfransının qəbul etdiyi qətnamələr Azərbaycan-İKT münasibətlərinin hazırkı vəziyyətinin əyani göstəricisidir. Konfrans qeyd edilən siyasi qətnamə ilə yanaşı, "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında" qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinin işğalı, bir milyonadək əhalinin öz yurdundan zorla qovulması ilə müşayət olunan əməlləri pislənilir, ölkənin tarixi üçün belə çətin və böhranlı vaxtda Azərbaycan hökuməti və xalqı ilə tam həmrəylik ifadə olunur, Azərbaycan xalqının əzab-əziyyətini yüngülləşdirmək məqsədi ilə İKT-yə üzv dövlətlərə, islam qurumlarına və eləcə də beynəlxalq təşkilatlara müraciət edilir ki, respublikamıza lazımi iqtisadi, maliyyə və humanitar yardım göstərsinlər. Konfrans ölkəmizlə bağlı üçüncü sənəd - "Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnaməni qəbul edib. Geniş və əhatəli preambula və 7 bənddən ibarət bu qətnamə işğal edilmiş torpaqlarımızdakı mədəniyyət və tarixi abidələrimizin müdafiəsinə yönəlib.

Konfrans İKT Baş katibinin bu haqda müvafiq hesabatını nəzərdən keçirərək, erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam sivilizasiyasının tam məhvinə yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pisləyib, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini tələb etmiş, problemlə bağlı İKT-yə üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verməsini İKT Baş katibindən xahiş edib. Respublikamızla bağlı bütün qətnamə layihələrinin təqdim etdiyimiz şəkildə, mübahisəsiz, heç bir düzəliş və təftişə məruz qalmadan qəbul olunması bir daha təsdiq edir ki, islam aləmi problemlərimizlə yaxından tanışdır və bizi dönmədən dəstəkləyir. İKT qətnamələri Azərbaycan üçün yalnız siyasi əhəmiyyət daşımır, respublikamıza müsəlman ölkələri tərəfindən göstərilən humanitar, texniki və s. yardımın böyük bir hissəsi İKT konfranslarının qəbul etdiyi bu kimi mühüm sənədlər əsasında həyata keçirilir.

İslam İnkişaf Bankı (İİB) 1994-cü ildən etibarən hər il 2500 ədəd (son illər bu rəqəm ikiqat artmışdır) qurbanlıq qoyun cəmdəyi göndərir və bu yardımın respublikamıza daşınması məsrəflərini də ödəyir. Əlavə olaraq İİB qaçqınlara humanitar yardım göstərilməsinə 500 min dollar və onlar üçün iş yerləri yaradılması məqsədi ilə dəzgah və avdanlığın alınmasına 1 milyon dollar vəsait ayırıb.

Günay Elşadqızı / METBUAT.AZ

“Xəzəryanı dövlətlərin ortaq məxrəcə gəlməsi mümkün olub” - Elman Nəsirov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR