Azərbaycanlı rəssamın əl işi ilk dəfə olaraq "Fransız Rəssamları Cəmiyyəti" salonunda sərgilənəcək

Azərbaycanlı rəssamın əl işi ilk dəfə olaraq "Fransız Rəssamları Cəmiyyəti" salonunda sərgilənəcək
06:32 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Paris. 11 dekabr. REPORT.AZ/ Azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın bir əsəri Parisdə "Grand Pale" (Böyük Saray - red) də "Art Capital 2018" sərgisinin "Fransız Rəssamları Cəmiyyəti" Salonunda sərgilənmək üçün münsiflər heyətinin razılığını alıb.
Bu barədə "Stella Art İnternational" Assosiasiyasının sədri Stella Kalinina "Report"un Fransa bürosuna açıqlamasında bildirib.
"Avropa və dünyanın ən yaxşı rəssamlarının əl işləri nümayiş olunacaq "Art Capital" sərgisinin "Fransız Rəssamları Cəmiyyəti" Salonunda sərgiləmək çox çətindir. 2018-ci ilin 14-18 fevral tarixlərində keçiriləcək 228-ci "Fransız Rəssamları Cəmiyyəti" Salonunda ilk dəfə olaraq azərbaycanlı rəssamın əsəri nümayiş olunacaq" - deyə o bildirib.
Onun sözlərinə görə, salonda nümayiş edilən rəsm əsərləri peşəkar və tələbkar münsiflər heyəti tərəfindən seçilir.
"Fransız Rəssamları Cəmiyyəti" 1663-cü ildə Fransa Kralı XİV Lui tərəfindən yaradılıb. 2018-ci ildə keçiriləcək salonda dünyanın müxtəlif bölgələrindən cəmi 667 rəssama iştirak etmək imkanı verilib.
Hər il təşkil olunan "Art Capital" sərgisi "Fransız Rəssamları Cəmiyyəti", "Müstəqil Rəssamlar Cəmiyyəti", "Rəssamlıq və su üzərində rəsm" və "Müqayisələr" kimi 4 salondan ibarətdir.
Qeyd edək ki, Nigar Nərimanbəyova məşhur rəssam Toğrul Nərimanbəyovun qardaşı, rəssam Vidadi Nərimanbəyovun qızıdır.




Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/azerbaycanli-ressamin-el-isi-ilk-defe-olaraq-fransiz-ressamlari-cemiyyeti-salonunda-sergilenecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR