AMADA-nın icraçı direktoru: "Federasiyalardakı pozuntuları ilin sonunda açıqlayacağam"

AMADA-nın icraçı direktoru: "Federasiyalardakı pozuntuları ilin sonunda açıqlayacağam"
12:02 11 Dekabr 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Dopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynlinin bu gün Bakıda federasiyaların həkimləri üçün işə başlayan seminarla əlaqədar “Report”a müsahibəsi 
- Bugünkü seminarda hansı məsələlərin müzakirəsi gözlənilir? 
- Bu, həkimlərlə əlaqədar ilk tədbirmizidir. Terapevtik istifadə üçün istisnalar (Tİİ) haqda çox vacib mövzudan - idmançıların hər hansı tibbi göstərişlər əsasında qadağan edilmiş maddələrin və üsulların istifadə edilməsinin tibbi və hüquqi əsasları barəsində danışılacaq. Astma, androgen çatışmazlıq, həmçinin idmançıların qlukokortikoid və venadaxili infuziyalardan istifadə edilməsi mövzularına ayrıca toxunacağıq. Bu məlumatlar idmançılara məsləhətlər vermək, lazim olan sənədləri toplamaqda düzgün yol göstərmək və onlarla birgə Tİİ formasını doldurmaqda kömək edəcək. Həmin forma Terapevtik İstifadəyə İcazə Komitəsinə müraciət etmək üçündür. Komitənin əsas məqsədi qadağan edilmiş maddələrin və üsulların tibbi göstərişlər əsasında yalnız buna ehtıyacı olan idmançılar tərəfindən istifadə edilməsinə icazə verməkdir. Bunlar bütün dünyada həkimlərin iş prinsiplərinə uyğundur. Hər bir idmançının hansısa xəstəliyi ola bilər və bununla bağlı həmin şəxs istifadəsi qadağan olunan dərman qəbul etmək məcburiyyətində qalar. Bu halda onlar AMADA-ya müraciət edib, bütün sənədləri düzgün formada toplayıb, həmin dərmandan istifadə icazəsini ala bilərlər. Bu, bütün dünya idmanında öndə olan məsələlərdəndir. İdmançılar bundan çox yararlana bilərlər. Ola bilər ki, təcil yardım zamanı idmançıya hansısa peraparat verilib və ya cərahiyyə əməliyyatı vaxtı infuziya-köçürülməsi baş verib. Bu kimi hallarda dopinq-test müsbət çıxsa belə, müvafiq icazə sertifkatı olan idmançı diskvalifikasiyaya məruz qalmayacaq. 
- Dünyada belə nümunələr var?
- Bir müddət əvvəl hakerlər Ümumdünya Anti-Dopinq Agentliyinin (WADA) bazasındakı məlumatları əldə etdilər və bəzi məşhur idmançılarla bağlı detalları yaydılar. O zaman bilindi ki, bir çox tanınmış idmançı, məsələn, Serena və Vinus Uilyams bacıları bir neçə maddədən istifadə edir. Halbuki, bunlar məxfi informasiyalardır. Yayımlanandan sonra hər kəs bildi ki, idmançılar xəstə olduqları üçün istifadəsi qadağan edilən maddə qəbul etslər də, problem yaşamırlar. Çünki müvafiq sertifkatları var. Bugünkü seminarda məhz bu önəmli mövzu haqda, eləcə də qadağan edilmiş maddələrin siyahısı barədə danışacağıq. Sual-cavab mövzularımız da olacaq. Seminarda bütün federasiyaların həkimləri iştirak edir. 
- AMADA-nın il ərzində götürdüyü dopinq-testin sayı nə qədərdir? 
- İl ərzində 400-dən çox test götürmüşük. Yarış zamanı götürülən teslərin sayı isə 200-dən artıqdır. Həmçinin, beynəlxalq turnirlərdə də öz işimizi görmüşük. Hələ də davam etməliyik. İlin sonuna qədər bir neçə Respublika çempionatı baş tutacaq. Aktiv formada test aparırıq. 
- Nəticələr nə zaman açıqlanacaq? 
- Artıq nəticələr var, statistika yüksəkdir. İlin sonunda təşkil edəcəyimiz mətbuat konfransında hesabat verəcəyik. Adlar olmasa da, hansı federasiyada neçə müsbət dopinq-test aşkarlanması və hansı qadağan olunmuş maddələrdən istifadə ilə bağlı məlumat verəcəyik. 
- İlin sonunda diskvalifikasiya olmayacaq? 
- Burada prosedur var. Dopinq-test müsbət çıxandan sonra dinləmələrə başlayırıq. Yalnız hansısa qərar qəbul olunduqdan, federasiya və idmançıya çatdırıldıqdan 21 gün sonra açıqlayırıq. Niyə 21 gün? Çünki həmin müddətdə idmançı apellyasiya verə bilər. 
- Futbol sektorunda dopinq-testinin nəticəsi müsbət olanlar var? 
- Hələlik bu haqda danışa bilmərəm. İlin sonunda hansı federasiyada neçə qayda pozuntusu olması barədə məlumat verəcəyəm. 
- AMADA-nın əməkdaşları dopinq-testlər götürən zaman hər hansı problemlə üzləşmirlər? 
- Agentlik işə təzə başlayıb. Ola bilər ki, hələlik bütün federasiyalarda qayda və prosedurla tam tanış deyillər. Lakin bu cür anlaşılmazlıqlar çox nadir hallarda baş verir. Bizim yeganə vacib problemimiz qeydiyyata alınmış test qrupundakı idmançıların məkan məlumatlarını vaxtında və düzgün formada vermələri ilə bağlıdır. Ancaq bəzən bunu etmirlər. Ona görə də, bu, buraxılmış test sayılır. Üç dəfə buraxılmış test 1 ildən 2 ilədək diskvalifikasiyadır. Buna qeyri-ciddi yanaşırlar. Amma bu, anti-dopinq pozuntularından biridir. Bəzi idmançılarda artıq 2 buraxılmış test var. Bu isə o deməkdir ki, bir il ərzində 3-cü belə hal cəzaya səbəb olacaq. Federasiya nümayəndələri və həkimlər bu məsələyə ciddi fikir verməlidirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/amada-nin-icraci-direktoru-federasiyalardaki-pozuntulari-ilin-sonunda-aciqlayacagam

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR