20 min ilin keçisi, qaval çalan ovçular, damğalı məzarın sirri... - Qədim dünyadan REPORTAJ

20 min ilin keçisi, qaval çalan ovçular, damğalı məzarın sirri... - Qədim dünyadan REPORTAJ
14:49 11 Dekabr 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

Üst paleolit dövründə ibtidai rəssamın qayalar üzərində çəkdiyi rəsmlər 20 min il sonra belə insanları heyrətləndirməyi bacarır. Söhbət 6 mindən çox qayaüstü təsvirlərin yer aldığı Qobustan Milli tarix-bədii qoruğundan gedir.

 

 

 

Qayaüstü rəsmləri ilk dəfə 1939-cu ildə Azərbaycan arxeoloqu və etnoqrafı İshaq Cəfərzadə aşkarlayıb. O, ilk dəfə Cingirdağın şimal ətəyində Yazılı təpədəki rəsmləri görüb. İlk gördüyü isə bezuar keçinin rəsmidir.

 

 

 

Ümumi sahəsi 4535 hektar olan qoruqda 1000 qaya üzərində 6 mindən çox rəsm var. Qayaüstü təsvirlər 2 yerə bölünür: Piktoqrafiklər və petroqliflər. Petroqliflər daşda, qayada cızaraq çəkilmiş rəsmlərdir. Qobustanda pektoqliflər əsasən 3 dağda toplanıb. Böyük Daş, Kiçik Daş və Cingirdağ dağlarında. Heyvanları çəkmək üçün qədim rəssamların günlərlə, aylarla heyvanlara müşahidə etdiyi ehtimal edilir. İlk vaxtlar heyvanları olduğu boyda, hansı böyüklükdə görüblərsə, elə də təsvir ediblər. Zamanla daha kiçik ölçüdə çəkməyə başlayıblar. Qobustandan başqa Azərbaycanın digər bölgələrində də qaya üzərində rəsmlər aşkarlanıb. Naxçıvan, Kəlbəcər və s.

 

 

 

***

 

 

 

Qobustan 1966-cı ildə qoruq elan olunub. İlk muzey 1970-ci illərin əvvəllərində inşa edilib. Muzeydə arxeoloji qazıntılar zamanı aşkar edilmiş tapıntıların kolleksiyası yerləşdirilib. O zaman muzeyin 1 zalı fəaliyyət göstərib. Hazırda bu muzey müşahidə meydanı kimi istifadə edilir. 2011-ci ildə isə qoruq ərazisində yeni inzibati və muzey binası tikilib. Muzeyin ekspozisiyası Latviyanın məşhur “DD Studio” dizayn şirkəti tərəfindən hazırlanıb. Muzeyin 12 ekspozisiya zalı var. Sensor ekranlı monitorlar və 3D elementlərlə zəngin muzeydə dünyanın müxtəlif guşələrində olan qayaüstü incəsənət nümunələri, Qobustanın minilliklər ərzində dəyişən təbii mühiti, burada aparılmış arxeoloji qazıntılar, daş dövrü insanlarının həyat tərzi və incəsənəti, Qobustan petroqliflərinin xronologiyası, mənası və s. haqda məlumat almaq olar. Yeni Muzey “Avromuzey 2013” mükafatı alıb. Qobustan 2007-ci ildə UNESCO-nin mədəni irs siyahısına daxil olub.

 

 

 

Yeni muzeydə qədim insanların daş alətlərini də görmək olur. Məsələn, onlar daş qaşovla dərinin yonulmasında istifadə ediblər. Həmçinin, iskənə, kəsə, doğrayıcı alətlər və s. Milyon illər ərzində Qobustan Xəzər dənizinin altında olub. Dəniz suları çəkildikdə qayalar meydana gəlib: Kiçik Daş, Böyük Daş və Cingirdağ dağları, Kənizə vulkanı və s.

 

 

 

***

 

 

 

Hazırda Qobustan Milli tarix-bədii qoruğundayıq. Bizim bələdçimiz qoruğun elmi işçisi Arifə Qurbanova, siz oxucuların bələdçisi isə bizik – Ləman Mustafaqızı və fotoqrafımız Şahin Sərdərov.

 

 

 

Beləcə, soyuğun bıçaq kimi kəsdiyi küləkli havada Böyük Daş dağına qalxırıq.

 

 

 

Qobustandakı Qaval daşlarının dəqiq sayı bilinmir. Ekskursiya marşrutu boyu biz ikisini görəcəyik. Biri kiçik, digəri böyük. Kiçik Qaval daşının yanında dayanmışıq.

 

 

 

“Güman edilir ki, qədim insanlar ova getməzdən əvvəl ovlarının şəklini çəkər, çəkdikləri heyvanı ovlamağa ümid edərdilər. Ovlarının uğurlu olması üçün isə yallı rəqsi ifa ediblər. Kişilər Qaval daşını çalıb, ətrafında rəqs ediblər. Onların uğurlu ov əldə etdikdən sonra da ov rəqsi etdikləri haqda da bəzi mülahizələr mövcuddur” - deyən bələdçimiz qaval daşının arxasındakı qayadakı yallı rəqsi edən insanların təsvirini göstərir. 

 

 

 

Şahin Qaval daşı ilə qayaüstü yallı rəqsini eyni kadra salmağa çalışır.

 

 

 

"Qaval daşı” adlanan böyük bir qaya parçasını əl, ayaq və yaxud hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. Tarixçi-tədqiqatçı Şakir Qabıssanlının araşdırmasına görə, dünyada ilk musiqi aləti Qaval daşı olub. Bu ecazkar səsə malik olan Qaval daşının ilk ifaçısı mərhum Çingiz Mehdiyev olub. Məhz onun bu daşda ifasından sonra, Qaval daşı dövrümüzün insanlarına daha da yaxın və doğma olub. Yaxşı çalındıqda 7 notu almaq olur. Əsasən çay daşı ilə çalınır.

 

 

 

İbtidai insanların ov üsulları da maraqlı olub. Heyvanları dar cığırlarla qovub qayalara dırmandırıb, sıldırımdan aşağı tullanmağa məcbur ediblər. Bəzən ovla bərabər insanlar da qayadan düşüb ölürdülər. Və həmin insanı qayığa qoyub dənizə göndərirdilər. Tunc dövründən etibarən ölüləri basdırmağa başlayıblar.

 

 

 

At təsviri digərlərinə nisbətən daha cavandır. Dəmir dövrünə təsadüf edilir. Bələdçimiz metal alətlə döymə üsulu ilə qaya üstünə çəkilmiş at rəsmini göstərir. Qaya üzərində rəsm çəkmək üçün adətən ağır – yəşəm və çay daşlarından istifadə ediblər. Əsasən bezuar keçisi, şir, öküz, insan, qayıq, Günəş rəsmləri çəkiblər.

 

 

 

Qayaüstü təsvirlərə tamaşa edərək dağın zirvəsinə qalxırıq. Arifə lazer uclu metal çubuqla ilə qoruğun ən qədim təsviri olan Bezuar keçi rəsmini göstərir.

 

 

 

Qoruq ərazisində alimlər tərəfindən 20 mağara və yaşayış yeri, 40 kurqan da aşkar edilib. Kurqanlar tunc dövrünə aiddir. Mağaralardan yalnız 3-ünü gəzəcəyik.

 

 

 

Birinci mağaraya gəlib çatırıq. Mağaranın adı Ana Zağadır. Ana baş, əsas, - zağa isə mağara mənasını verir.

 

 

 

Əslində bura tam da mağara sayılmır. Daha çox qayaaltı sığınacaq, düşərgə kimi istifadə ediblər. Qobustanda yaşayanlar müvəqqəti həyat tərzi sürüblər.

 

 

 

Qaya üzərindəki damğa təsvirləri burada yaşayan tayfaları işarə edir. AMEA-nın Arxeologiya İnstitutunun doktorantı Sevinc Şirinlinin sözlərinə görə, tayfa deyərkən burada yaşamış maldarlar nəzərdə tutulur: “Qobustan ərazisində orta əsrlərdə köçəri maldarlıq həyat tərzi üstünlük təşkil edib. Bu ərazilər də maldarların qışlağı olub. Bu gün də Böyük Qobustan ərazisinə qışlaqlar var. Hətta bir neçəsi də qoruğun ərazisinə düşür. Hacı Molla Vəli, Xalid, Qızıl Keçi, Şahgəldi qışlağı və s. Qayaların üzərində bir necə damğa var. Qobustanın əsas ana damğası dairəvi başlıq və ondan aşağı çəkilmiş 3 şüadır. Deminski (red. - Fyodor Alekseyeviç Deminski, XIX əsrin əvvəllərində Bakı quberniyasının Şamaxı qəzasında (indiki Qobustan) sahə pristavı vəzifəsində çalışıb) öz məqaləsində mənim yuxarıda söz açdığım 3 ayaq damğasını İbn Şamlı tayfasının damğası kimi təqdim edim. Kiçikdaş dağında orta əsr məzarlığı var. Oradakı bəzi qəbirlərin üzərində həmin bu Şamlı nəslinin damğası var. Sonra kiril əlifbasındakı “P” hərfinə oxşayan damğa var. Bu damğa daha çox Şonqarla Şıxqayadadır. Cıngirdağda 1 qaya üzərində 2 damğa var. Görünür, bu damğanın mənsub olduğu nəsil ərazidə dominant olmayıb. Əsas Şonqarla Şıxqayada olublar”.

 

 

 

***

 

 

 

Burada 17 min il əvvəl - üst paleolitdən orta əsrlərə qədər də yaşayıblar. Buna sübut kimi Ana Zağa mağarasında torpağın üstündə olan qırmızı və qara izlərdir. Bunlar ocaq izinin qalıqlarıdır. Sığınacağın qaya divarında oyuqlar var. Bu oyuqlar eroziya nəticəsində yaranmır. Ehtimal edilir ki, qədim insanlar ərzaq saxlamaq üçün istifadə ediblər. Müasir dildə desək, şkaflarıdır.

 

 

 

Oyuqlardan aşıda və yuxarıda təsvirlər var. Orta hissədə ağ xətt keçir. Bu, mədəni tədqiq adlanır. Aşağıdakı təbəqədə olanlar qədim, yuxarı təbəqədə olanlar isə daha qədim təsvirlərdir.

 

 

 

Qayanın aşağısında üst-üstə çıxmış adam rəsmləri var. Bu da onu göstərir ki, insanlar hündür qayaların üzərində rəsmlər çəkmək üçün bir-birinin çiyini üstə çıxıblar.

 

 

 

Heyvan rəsmləri ilə yanaşı, neolit və mezolit dövrünə aid qayıq rəsmləri də çoxluq təşkil edir. Qədim insanlar 3 cür üsulla qayıq hazırlayıblar. Taxtadan yonma üsulu ilə, qamışdan və dəridən. Bunlardan ən qədimi 1-2 nəfərlik taxtadan yonma qayıqlar, suya ən davamlısı isə qamışdan hazırlanmış qayıqlardır. Dəridən hazırlanmış qayıqlar səbət şəklində olub, karkas tipli yığma qayıqdır ki, Qobustanda yalnız bir yerdə təsvir edilib.

 

 

 

Qayıq rəsmlərində olan xətlər qayıqdakı insanların sayını bildirir. Uc hissədəki gülə bənzər rəsm isə Günəşdir.

 

 

 

Qayaüstü rəsmlərdən heyrətlənən Şahin dilə gəldi:

 

 

 

- Foto-jurnalistika buradan başlayır...

 

 

 

***

 

 

 

İkinci mağara Öküzlər mağarasıdır. Öküz təsvirləri çoxdur. Öküz başının üstündə qəzaya uğramış qayıq rəsmi var.

 

 

 

Qədim rəssamlar qadınları adətən profildən başsız, qolsuz və ayaqsız təsvir ediblər. Bəzi qadınlar döyməli təsvir olunub. Bu da onların hansısa xüsusi statusa malik olduğunu göstərir. Bəzi qadınlar isə hamilə təsvir edilib. Qobustan cəmi bir qadın rəsmi var ki, qadın öndən və əl barmaqlarına qədər təsvir edilib. O da Öküzlər mağarasındadır.

 

 

 

Qobustanda bir çox rəsmlər var ki, eroziyaya məruz qalıb. Öküzlər mağarasında qayanın yağış tutan hissəsində öküzün baş hissəsi artıq silinib. Diqqətlə baxdıqda öküzün üst hissəsində yarısı sillinmiş qayıq da görünür. Qədim rəsmlərin itməməsi üçün arxeoloqlar onların sürətini çıxarırlar.

 

 

 

***

 

 

 

Ekskursiyamızı üçüncü – Ovçular mağarası ilə davam etdiririk. Mağaradakı təsvirlərdəki heyvanların boynunda ip var. Bu da onu göstərir ki, artıq ibtidai insanları heyvanları əhliləşdirməyə başlayıblar. Neolit dövründə insanlar heyvanları əhliləşdirib, növbəti gün üçün saxlayıblar. Mağaranın çıxışında qaya üzərində dəliklər var ki, heyvan qaçmasın deyə heyvanları bura bağlayıblar.

 

 

 

***

 

 

 

Gəlib çatırıq böyük Qaval daşına. Dünyanın ilk musiqi aləti olduğu güman edilən Qaval daşını çalmadan olmaz. Çay daşı olmadığından hər hansı bir daşla Qaval daşına döyürəm. Qavalın ecazkar səsi Qobustana yayılır.

 

 

 

Qayalar üzərində 30-40 sm dərinliyində su çuxurlar var. İbtidai insanlar bu çuxurlarda su ehtiyatı toplayırlarmış. Buranı qədim insanların mətbəxi də adlandırmaq olar. Çuxurlar fərqlidirlər. Kənarda olan yağış sularının çuxura axması üçün bəzilərinin kənarında xətlər var.

 

 

 

Günəşli günlərdə çuxurdakı su tez qoruduğundan yağışın yağması üçün qurban kəsirlərmiş. Qədim insanların inancına görə qurban kəsəndən sonra yağış yağır. Qurbanın qanını da çuxurlardan birinə axıdıldığı güman edilir. Qurbanın qanının toplanması günü bu gün də var.

 

 

 

***

 

 

 

Qədim insanların inancına gəlincə, Sevinc Şirinli onların öküzə və günəşə sitayiş etdiklərini bildirir: “Qədim mifologiyaya görə öküz kişi başlanğıcını, gücü, həm də Günəşi simvolizə edir. Öküz kultu bizdə ən qədim kult hesab edilir”.

 

 

 

Qaya üzərindəki ziqzaq təsvirləri isə yağışı ifadə edir.

 

 

 

Qobustandakı qədim rəsmlər əsasən üst paleolitdən orta əsrlərə qədərdə çəkilib. Arxeoloji qazıntılar zamanı tapılmış qadın bəzək əşyaları Yeni muzeydə nümayiş olunur. İbtidai insanları müxtəlif çay daşları, balıq qulaqları və heyvan sümüklərindən bəzək əşyaları hazırlayıb. Tunc dövrünə aid bəzək əşyaları metaldan hazırlayıblar. Metal düymə, boyunbağılar və s. Orta əsrlərə aid təsvirlərdə dəvə, dəvə karvanı, mehrab rəsmləri var. Dəmir dövründə artıq arabalı atlılar da təsvir olunub.

 

 

 

Qobustan Milli tarix-bədii qoruğuna virtual səyahətimizi bununla da yekunlaşdırırıq. Üst paleolitdən orta əsrlərə doğru 20 min il əvvələ real səyahət etmək istəyirsinizsə, buyurub gedin...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR