Pedro Enrike: "Qışda PAOK-a qayıtmağımla bağlı mənə heç nə deyilməyib"

Pedro Enrike: "Qışda PAOK-a qayıtmağımla bağlı mənə heç nə deyilməyib"
02:02 12 Dekabr 2017
128 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Pedro Enrike Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sumqayıt" üzərində 2:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.
"Report" həmin müsahibəni təqdim edir:
Matçla bağlı nə deyə bilərsiniz? Qələbə qolunun müəllifi oldunuz...
- Çempionatdan fərqli bir kubok oyunu idi. Ona görə də qələbə qazanmaqdan başqa əlacımız yox idi. Rəqibin çətin olduğunu gördük. Cavab matçında işimiz ağır olacaq.
Komandanız bu gün əsl "Qarabağ" kimi oynaya bilmədi. Bu rəqibdən irəli gəlir, yoxsa sizin son zamanlar sıx qrafiklə çıxış etməyinizdən?
- "Sumqayıt"ı sıradan bir komanda adlandırmazdım. Nəticənin çətin əldə edilməsində rəqibin əziyyətini də qeyd edərdim. Qapanmağı yaxşı bacardılar. Həm də əks hücumlardan istifadə etdilər. Biz topla oynamağı sevən komandayıq. Külək oyunun sürətini daha da artırırdı. Yəni, bu amilin də təsiri oldu.
Matça ehtiyatda başlamağınız nə ilə bağlıdır?
- Bu, baş məşqçiyə veriləsi sualdır. Bunu təbii qəbul etmək lazımdır. Çünki 2 gün öncə çempionat oyunu keçirmişdik. Belə rotasiyalar normaldır. Üstəlik, heyətimizdə yüksək səviyyəli futbolçular var. Kimliyindən asılı olmayaraq meydana çıxan üzərinə düşən vəzifəni yerinə yetirir.
İli necə dəyərləndirirsiniz?
- Mövsüm yarılanır, amma ili götürsək, uğurlu hesab edirəm. Əvvəlki komandam PAOK-da da müntəzəm oynayıb, qollar vururdum. Buradakı yarım mövsümü analiz etsək, xüsusilə son matçlarda komandama qollarımla kömək edirəm. Həm də Çempionlar Liqasında (ÇL) iştirak mənim üçün böyük təcrübə oldu.
Azərbaycana gəlməyinizdə əsas stimul ÇL idi. Artıq "Qarabağ" bu turnirdə mübarizəni dayandırıb. Gələn ildə bu komandada qalıb, qitənin ən nüfuzlu klub turnirində çıxış etmək istəyirsiniz?
- Təbii, bura gəlməyimə ÇL amili də təsir etdi. Amma yalnız bununla əlaqələndirməzdim. Müqavilə ilə PAOK-a məxsusam. Maya qədər "Qarabağ"da oynayacağam. Ondan sonra nə baş verəcəyini deyə bilmərəm. Yoldaşlıq matçında belə, çıxıb həzz almağa çalışıram. Əlbəttə, böyük turnirlərdə böyük komandalara qarşı forma geyinmək başqa hisslərdir.
Qışda PAOK-a dönəcəyinizlə bağlı xəbərlər çıxmışdı. Bunun bir əsası varmı?
- Bu sırf mətbuatın işidir. Bununla bağlı mənə rəsmi olaraq heç nə deyilməyib. Mənim işim futbol oynamaqdır. Qışda qayıtmağımla bağlı heç nə söylənilməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/pedro-enrike-qisda-paok-a-qayitmagimla-bagli-mene-hec-ne-deyilmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR