ABŞ-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTO

ABŞ-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTO
08:27 12 Dekabr 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Milli.Az-a səfirlikdn verilən məlumata görə, tədbirə ABŞ ictimaiyyətinin nümayəndələri, ABŞ-da yaşayan həmyerlilərimiz və Səfirliyin əməkdaşları ilə yanaşı Xocalı faciəsinə həsr olunmuş "Sülh laylayı" (The Lulluby of Peace) adlı musiqi əsərinin hazırlanmasında iştirak etmiş Vaşinqton Beynəlxalq Piano Sənəti Şurasının çoxsaylı nümayəndələri qatılıblar.

Tədbiri giriş nitqi ilə açan səfir Elin Süleymanov Ümummilli liderin Azərbaycanın inkişafı və xalqımızın rifahında rolu, göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna xidmətləri olan Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və qətiyyətli addımları nəticəsində ölkənin hərtərəfli inkişafına nail olunduğu qeyd edilib. Müasir Azərbaycan dövlətinin banisi olan Ulu öndərin qətiyyətli mövqeyinin və uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycanın irimiqyaslı tarixi layihələrə imza atdığı bildirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü çərçivəsində ABŞ-ın Merilend ştatının Qida Bankına Azərbaycan tərəfindən ianə edilib. Merilend Qida Bankının Prezidenti Karmen Del Qersio və Hökumətlə Əlaqələr üzrə Direktoru Nensi Smitlə Səfirlikdə keçirilən görüş zamanı səfir Elin Süleymanov ümummilli lider Heydər Əliyevin bir neçə dəfə Merilənd ştatına səfər etməsindən bəhs etmiş və dahi liderin sayəsində Azərbaycan-ABŞ münasibətlərinin inkişaf edərək strateji önəm almasını vurğulayıb. Səfir ümummilli liderin siyasətini davam etdirən Azərbaycan rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşması, həmçinin yoxsulluq səviyyəsinin kəskin dərəcədə azalmasından bəhs edib.

Merilend Qida Bankının prezidenti K.Qersio Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Merilend Qida Bankına ölkəmizin yardımının artıq çox gözəl bir ənənəyə çevrildiyini qeyd edib və buna görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib. O, həmçinin Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ilə bağlı yaranmış əməkdaşlığın Azərbaycanla Merilənd ştatı arasında bağların daha da möhkəmlənməsinə səbəb olduğunu qeyd edib. N.Smit 1979-cu ildən fəaliyyət göstərən Merilend Qida Bankının vasitəsilə hər il ehtiyacı olan yüz minlərlə amerikalıya qida məhsullarının paylanıldığını qeyd etmiş və bu il Azərbaycan tərəfindən edilən töhfə nəticəsində qarşıdan gələn milad və yeni il bayramları ərəfəsində on beş min ehtiyacı olan insanın yeməklə təmin olunacağını vurğulayıb.

Bundan başqa, Səfirliyin təşkilatçılığı ilə 8 dekabr 2017-ci il tarixində Vaşinqton şəhərində yerləşən İslam Mərkəzində cümə namazı zamanı Ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunub və ona Allahdan rəhmət dilənib. İslam Mərkəzinin direktoru doktor Abdulla Xuc iştirak edənlərə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqının tarixində oynadığı misilsiz rolu barədə məlumat verib. Cümə namazının ardından təşkil edilən ehsan süfrəsində 300 nəfər iştirak edib.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/607144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR