Bakı. 12 dekabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizliyi Xidməti (FTX) Moskva vilayətində Orta Asiyadan olan və Yeni ildə və seçkiqabağı kampaniya dövründə terror aktları hazırlayan bir qrup şəxsi zərərsizləşdirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə FTX-nin direktoru, Rusiya Milli Antiterror Komitəsinin (MAK) sədri Aleksandr Bortnikov məlumat verib.
"Terrorçulardan əldəqayırma partlayıcı qurğular, odlu silahlar və sursatlar müsadirə edilib, terror vasitələrinin hazırlanması üçün laboratoriya ləğv edilib", - A.Bortnikov MAK-ın iclasında bildirib.
Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək, seçki kampaniyası dekabrda başlamalıdır.