DİM 6-cı siniflər üçün monitorinq imtahanı keçirəcək

DİM 6-cı siniflər üçün monitorinq imtahanı keçirəcək
12:34 12 Dekabr 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 14-15-də respublikanın 38 şəhər və rayonunda (Kəngərli, Babək, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Yevlax,  Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz,  Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Kürdəmir, Zərdab, Ağdaş, Ağsu,İmişli,  Beyləqan, Şirvan,  Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz, Siyəzən) ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək. DİM-dən Lent.az-a verilən məlumata görə, qeyd olunan regionlarda keçiriləcək monitorinq imtahanlarında 230 məktəb əhatə olunacaq. Azərbaycan dili fənni üzrə 8554, rus dili fənni üzrə 339, riyaziyyat fənni üzrə isə  8546 şagirdin imtahanda iştirakı nəzərdə tutulur.
 
 
Azərbaycan (rus) dili fənni üzrə imtahan 14 dekabr tarixində keçiriləcək. İmtahan saat 10:00 da başlanacaq və 2 saat davam edəcək, ilk 1 saat 30 dəqiqə açıq tipli test tapşırıqlarının cavablandırılmasına, son 30 dəqiqə inşa (esse) yazılmasına ayrılır.
 
 
Riyaziyyat fənni üzrə imtahan 15 dekabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.
 
 
Xatırladaq ki, 6-cı siniflər üçün monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində dekabrın 20-21-də keçiriləcək. 
 
 
Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar  dövlət vəsaiti hesabına təşkil olunur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR