O haradan gəlmişdi, bilinmirdi...

O haradan gəlmişdi, bilinmirdi...
22:52 9 Yanvar 2015
320 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az kult.az-a istinadən Knut Hamsunun hekayəsini təqdim edir
“Əgər güc əmələ gəlmirsə, yemək yeməyin və sağlam bağırsaqlara malik olmağın nə faydası var?” - K.Hamsun, “Torpağın bərəkəti”
 
Torpağın bəhəri, mədənin zəhəri
 
İsaakın pilləkan düzəltmək üçün yararlı olan daşı torpaqdan təkbaşına çıxara bilməyib, arvadı İngeri köməyə çağırması ilə ataxaqanlığın çöküşünü ikinci dəfə yaşadım.
Etirazlar şahə qalxıb, bir zamanlar kötük kimi sarsılmaz İsaaka bir evi paylaşdığı arvadının kömək etməsində qəbahət axtarmağın yersiz olduğu deyilə bilər.
 
Amma İsaak o kişilərdən deyildi ki, iri şəhərlərdə doğulub, texnika kişinin gücünü bölüşüb, yeni iş sahələrində çalışıb.
 
İsaak 9 yüz yaşlı qədim bir kişi idi. Onun üçün sadəcə səma, torpaq, mal-qara, ağac, çay, balıq və arvad-uşaq vardı.
 
O, Neolit dönəminin yadigarı idi, əkinçilik və maldarlığı yeni kəşf etmişdi, lazım gəldiyində isə tuncdan dəmir dövrünə girən kəndə enirdi.
 
Ümumilikdə isə onun kəndə, oradakı insanlara elə də ehtiyacı yox idi.
 
Zatən o, bütün dünyanı geridə qoyub ilk insan Adəm kimi çöllüyün ortasına atılmışdı.
 
O haradan gəlmişdi, bilinmirdi. Hər halda ilk insanın gəldiyi yerdən idi.
 
Adəm kimi onun da Həvvaya ehtiyacı var idi, amma İsaak Allahın nəfəsindən üfürülmədiyindən güclü olsa da, çirkin idi.
 
Nəhayət o, özünə layiq Həvva tapa bilir.
 
Bu, dovşandodaq İnger idi.
 
İnger bacarıqlı idi, həm də çöllüyün ortasında gələcək xutoru tikəcək İsaak üçün zəngin qadın da hesab etmək olardı. Çünki onun iddia etdiyi kimi Sivert adlı varlı dayısı, qızıl inəyi vardı. Və o, yavaş-yavaş öz mal-qarasını çöllüyün ortasındakı yeni evlərinə daşıyacaqdı.
 
Onlar çöllüyün ortasında tək idilər. İsaak qırdığı meşə ilə, balıq tutduğu çay ilə, seyr etdiyi sonsuz səma ilə təbiətin ən varlı adamı idi. Onlar gecə-gündüz torpaqla əlləşir, çox uzaqlardan gələn yeni bitki olan kartofun vəfasına etibar edirdilər. Çünki yağış yağmayan günlərdə də onlar kimi kartof da quraqlıqla mübarizə aparır, sahiblərinin ac qalmamasına çalışırdı.
 
Çöllüyün ortasında onların da Habil və Qabilləri doğulur. Birinin adı Yelisey, digəri isə varlı dayının şərəfinə Sivert qoyulur.
 
Gələcəkdə iblis Yeliseyi yoldan çıxararaq onu öz cəhənnəminə (Amerikaya) aparacaq, atasının qurduğu cənnəti birdəfəlik tərk edəcəkdi. Çünki o, torpağın bərəkətindən qaçıb şəhərin hərəkətinə öyrənmişdi. Qolları bükülmüş, düşüncələri dəyişmiş, sərgərdan avara bir gəncə çevrilmişdi. İsaak onu dəfələrlə doğru hesab etdiyi yola qaytarmağa çalışmış, onun üçün gələcəkdə tikilən xutorlardan satın almışdı. Amma Yelisey o qədər ərköyün idi ki, çaypulu olaraq 10 ere verilməli olduğu halda, yekəxanalıq edib 20 ere verirdi. O, Akselin arvad və qulluqçusu Varvaraya öz paltosunun ipəyini, dəb olaraq əlində hərlədiyi çəliyini belə göstərməkdən zövq alır, bunu əsilzadəlikdən doğan hərəkət kimi edirdi. Çünki o, çöldəkilərdən fərqli olaraq yazıb-oxumağı bacarır, hesabdan başı çıxırdı. Bu isə onun ayrıcalığı idi.
 
Amma ikinci oğlan Sivert şəhər üzü görmədiyindən atasına dəstək olur, böyüdükdən sonra onunla birgə torpaqla əlləşir, gələcək varlı dayının mirasının eşqi ilə yaşayır.
Lakin hələ bu hadisələrdən qabaq dovşandodaq İnger İsaakın başına böyük bir bəla açır.
O, üçüncü uşaq olaraq dünyaya gələn qızını doğulduğu anda boğaraq öldürür, meşənin kənarında dəfn edir.
 
İngeri başa düşmək olardı. O, uşaqlığını, gəncliyini dovşandodaq olduğuna görə əzabla keçirmişdi. Heç bir gənc onun üzünə baxmamış, dodaqlarını öpməmiş, saçlarına sığal çəkməmişdi. Onun ən böyük uğuru İsaaka ərə getmək idi. O, qızını özü kimi doğulduğunu gördüyü an qızı da eyni taleyi yaşamasın deyə öldürmüşdü: “O, eynilə mənə oxşayırdı. Ona görə də onu üzüqoylu çevirdim. Həmin dəqiqə də öldü...”
İsaak bu hadisəni bildi. Amma bu hadisəni Olina qarı da bildi.
 
Nəhayət, onların qapısını dövlət kəsir. Uşaq qəbirdən çıxarılır, meyit yarılmaq üçün aparılır. İnger isə 7 il həbsə məhkum edilir.
 
***
 
Amma həbs İngeri tamam dəyişir. Orada İsaakın növbəti uşağı Leopoldina doğulur. İnger dovşan dodaqlarını düzəltdirir. Məhbəsdə tikiş tikməyi öyrənir. Geriyə- Sellanroya qayıtmaq ona sıxıcı gəlir, şəhər mühiti beynindən heç cür çıxmır. İsaak İngerin gözəlləşməsinə sevinir, amma bu dəyişiklik onu tamam ruhdan salır.
 
İnger bu müddətdə ikili həyat sürür, tikiş maşınına sahib olur, kənddən gənc qızlar onun yanına sifarişə gəlir. O, hamıya şəhərdə gördüklərini danışmaqla öyünür. Zamanla İnger düzəlir, İsaaka fəhlə Qustavla xəyanət etsə də, İsaak bunu üzə vurmur. Çünki İnger ikinci böyük günahından sonra Allaha bağlanır, dua kitablarını oxuyur. Onların Revekka adlı başqa qızları da doğulur. Mal-qaraları başlarından aşır, ağac sexi, dəyirmana, qayığa sahib olurlar. Ömürlərinin sonuna qədər torpağın bərəkətindən qidalanırlar.
 
Onların bu qədər xoşbəxtliyə sahib olmalarının isə gizli bir qəhrəmanı da vardı:
Heysler.
 
***
 
İsaak çöllüyün ortasında özünə ev tikmişdi. Onun ağlına da gəlməzdi ki, bu kimsəsiz torpaqların kimsəsi çıxacaq, hətta ondan pul alacaq, evinin, təsərrüfatının sərhədlərini çizəcək. Dövlət adına onun qapısını kəsən adam isə Lensman Heysler idi.
 
Heyslər onların həyatında önəmli rol oynayır. İngerin məhkəmədə az iş almasına səbəb olur, İsaakın mülkünü ədalətli şəkildə hesablayır, çətin günlərində onların yanında olur. Vəzifəsindən azad olduqdan sonra da daim onların xutoruna gəlir. Gün gəlir ki, İsaakın şöhrəti, təsərrüfatı dildən-dilə dolaşır, artıq ona qonşu olmaq, onun kimi yurd salmaq istəyənlər çoxalır. Brede, Aksel, tacir Aronsen yeni xutorlar tikir. Teleqraf xətti çəkilir. Amma buranın Adəmi İsaak olduğuna görə o markqraf idi, hər kəsin hörmət etdiyi bir kimliyə sahib idi.
 
Heysler İsaakın xutoruna xəritə çəkərkən oraya qayalığın bir hissəsini də salmışdı. İllər sonra Heysler o qayalığı İsaakdan alıb başqasına, başqası da digərinə sataraq əldən-ələ keçmişdi. Çünki o qayalıqda filiz mədəni vardı...
 
Mədəndə işlər başladı, tacir Aronsen öz mallarını fəhlələrə, kəndlilərə satmağa başladı, kənd, xutorlar zənginləşməyə başladı. Amma tezliklə mühəndislər yır-yığış edib buradan getdilər. Çünki Heysler özünə kiçik bir qayalıq saxlamışdı və onu əsla satmaq istəmirdi.
 
Mədənin zəhəri, torpağın bəhərinin qarşısına dikilib kəndlilərin, xutordakıların düzənini pozdu. Torpağa toxanın, kərkilərin, bellərin əvəzinə kürə daşlar, maşınlar daxil olurdu...
Heysler isə haqlıydı:
 
“Kaş ki o, mühəndisi görsəydin: o, burada işləyir, adamlarla, atlarla, pullarla, maşınlarla uğraşır, buraları xaraba qoyurdu və əmin idi ki əsl işlə məşğuldur. Elə bilirdi ki, nə qədər çox daşı pula çevirsə, bir o qədər yaxşıdır; guya ki bununla çox şərəfli bir iş görür, kəndə, ölkəyə pul qazandırır; başa düşmürdü ki, bununla uçurumun kənarına daha çox yaxınlaşır; ölkəyə pul lazım deyil, ölkənin pulu kifayət qədərdir; ölkəyə lazım olan sənin atan kimi adamlardır... Siz torpaq və səmayla birlikdə yaşayırsınız, onlarla qaynayıb-qarışıb bütövləşmisiniz, bu genişliklə, durğunluqla. Sizə qılınc lazım deyil, siz həyatı böyük mərhəmətin ortasında boş əllərlə və açıq başla yaşayırsınız. Bax bu təbiət sənindir, səninkilərindir! İnsan və təbiət bir-birini top atəşinə tutmur, onlar bir-biri üçün zəruri olanı yaradırlar, rəqabət aparmırlar, bəhsə girmirlər, onlar bir-birinin ardınca gedirlər”.
 
Heysler haqlı idi. Nə qədər ki, xutorlular təbiətlə vəhdətdə bir-birini dolandırırdılar, daha xoşbəxt, daha güclü idilər. Mədənlərdən pul çıxdıqca, torpağın bərəkəti qaçır, insanlar filizlə yanaşı zəhər çıxarır, bu isə ilkinliyi, təbiiliyi pozurdu.
 
***
 
İsaak kimi çöllükdə yeni xutor salanlar çıxdıqca, Hamsun onların da taleyini göstərir. Gənc, gözəl Varvara İngerdən daha qəddar çıxaraq iki uşağı öldürür, amma həbsə düşmür. Çünki onun yeni lensman Heyerdalın xanımı kimi müdafiəçisi vardı. O, məhkəmədə gücünə və natiqliyinə görə andlıları susdurur:
 
“Biz, qadınlar, bəşəriyyətin bədbəxt və əzilən yarısıyıq. Qanunları kişilər yaradır, bu sahəyə biz qadınların heç bir təsiri yoxdur. Məgər kişi qadınçün uşaq doğmağın nə demək olduğunu başa düşə bilər?”
 
Çöllüyün ortasında bir neçə xutor olsa da, oranın sakinləri bir-birini elə də çox sevmirdilər. Aksel meşədə ağacın altında qalarkən yoldan ötən Brede bunu görür, amma üzünü çevirib gedir. Akselin həyatını xilas edən Olina qarı onun nikahsız arvadı Varvaranın uşağını öldürməsini kəndə xəbər salır.
 
“Torpağın bərəkəti”nə görə Hamsun Nobel mükafatı qazanıb. Bu əsər elə bir dönəmdə yazılmışdı ki, I Dünya müharibəsi davam edirdi, insanlıq yeni silahlara qurşanaraq bir-birini qətlə yetirirdi. Ona görə də insanlığın ilkin məbədi olan torpağa bağlılıq bütün zamanların ən böyük səcdəgahı idi. Bu ali həqiqətə görə qazandığı Nobeli Hamsun sonralar bütün həqiqətlərə üz çevirərək yalnız öz aliliyini və ariliyini diqtə edən bir görüşə-faşizmə ərməğan etdi.
 
Bu isa daşı təkbaşına qaldıra bilməyən İsaak kimi Hamsunun həyatının ən böyük uğursuzluğu idi.
 
P.S. K.Hamsunun “Torpağın bərəkəti” romanı 2013-cü ildə “Qanun” nəşriyyatı tərəfindən Azərbaycan dilində çap olunub. Tərcüməçi Nadir Qocabəylidir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR