Bakı. 13 dekabr. REPORT.AZ/ Abu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, xalqın mənəvi atası Şeyx Zayedin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq festivalda ilk dəfə Azərbaycan pavilyonu təşkil edilib.
Gazelli Group şirkətinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 1- dən yanvarın 25-nə kimi davam edəcək festivalda ölkəmizin pavilyonunda aparıcı rolu Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan Gazelli Group şirkəti tutur.
Şirkət burada Gazelli Skincare (Triple Youth), Aroma Collection, Buta, SunLab və müxtəlif dəstlərlə təmsil olunur. Gazelli Groupun pavilyonu BƏƏ rəsmiləri və qonaqların böyük marağına səbəb olub. 10 milyona yaxın insanın iştirakı nəzərdə tutulan festivalda xüsusi diqqəti naftalandan alınmış və patentləşdirilmiş Gazelli White Oil (Ağ Yağ) ekstraktının istifadə edildiyi Gazelli Skincare brendinin məhsulları çəkib. Möhkəmləndirici zərdab, yaşlanmaya qarşı intensiv krem, bərpaedici və xüsusi nəmləndirici maskalar, təmizləyici və makiyajın silinməsi üçün ikifazalı vasitələr, dərinin parlanması üçün skrab, nəmləndirən sprey və gözətrafı dəri üçün bərpaedici krem - kostemika istehsalı tarixində ixtira hesab edilə bilərlər.
Şirkət 18 illik fəaliyyəti dövründə gündəlik istifadə üçün nəzərdə tutulmuş 500 - dən çox adda məhsul ərsəyə gətirilib. Bunlar saç üçün şampunlar, balzamlar, maye və duru sabunlar, duş gelləri, kremlər, maskalar, losyonlar, otel məhsulları, məişət və sənayə kimyası məhsulları və s.
Xatırladak ki, Gazelli Group bundan əvvəl də Azərbaycanı çoxsaylı beynəlxalq tədbirlərdə təmsil edib. Şirkət ənənəsini davam etdirmək niyyətindədir.