Xudu Məmmədovun şifrəsi

Xudu Məmmədovun şifrəsi
13:39 14 Dekabr 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

 

 

1988-ci ilin fevralından sonra aləm qarışdı. Ağdamdan Stepanakertə baş tutmayan yürüşdən sonra vəziyyət gün-gündən gərginləşirdi. Dağlıq Qarabağ Muxtar Vilayətindəki kəndlərdən gündə bir xəbər gəlirdi. Orda birini döydülər. Burda maşını daşa basdılar...

 

Bütün bunlara cavab vermək imkanları məhdud idi. İki ağdamlının müəmmalı ölümü, Stepanakertə yürüşə çağıran Eldar Səmədovun həbsi, yürüşdə iştirak edənlərin milisdə çək-çevirə salınması insanların əl-qolunu bağlamışdı. İki-üç gündən bir Ağdamın mərkəzi meydanında insanlar yığışır, dərdləşir, dağılışırdı.

 

Sözsüz ki, ilk mitinqdən fərqli olaraq, insanların qarşısına rəsmi şəxslərdən heç kim çıxmırdı. Əslən Ağdamdan olan ziyalılar çıxırdı bu insanların qarşısına. Famil Mehdi, Xudu Məmmədov, Tamerlan Qarayev və başqaları.

 

Bəzən insanlar onlarla da sərt danışırdı. Hətta bəzən belə bir rəy yaranırdı ki, bu ziyalıları da sovet hökuməti öyrədib çıxarıb camaatın qarşısına. İnsanları sakitləşdirmək üçün.

 

Günlərin bir günü yenə Dağlıq Qarabağda ermənilər haranısa yandırıb, Ağdamda əsəblər gərilib və yenə xalqın qarşısına Famil Mehdi ilə Xudu Məmmədov gəlib. Hamı kimi mən də onlara yaxınlaşdım və istədim ki, onların dediklərindən nəsə eşidim, öyrənim. Camaatı yarıb, yaxınlaşdım Xudu Məmmədova.

 

Düzü, onun nə dediyini eşitmirdim. Səs-küy bir tərəfdən, rəhmətlik özü də çox sakit danışırdı axı. Bir az da yaxınlaşdım. Və onun yaxasından tutdum. Diqqətlə üzümə baxdı...

 

“Ay Xudu müəllim, axı Siz ziyalısınız, ağsaqqalsınız, bizi bir başa salın, görək nə baş verir? Biz neynəyək? Kimə inanaq?”

 

Bu suallarımdan sonra əllərimi onun yaxasından çəkmək istəyəndə Xudu Məmmədov əllərimdən tutdu. Əlimi sıxdı...

 

“Buna bax ey, Famil müəllim. Əsl zəhmətkeş əlləridir, dəmir kimidi”.

 

Düzü, bu sözləri başımı aldatmaq üçün bir tryuk hesab elədim və suallarımı təkrarladım:

 

“Biz neynəyək? Kimə inanaq?”

 

Cavab məni məyus etdi:

 

“Elə bilirsən mən bilirəm?”

 

Mən əlimi yanıma salıb geri çəkilmək istəyəndə, o əlini çiynimə qoydu:

 

“Bilirsən, bizim kənddə bir çoban var. Həmişə çətinə düşəndə gedirəm kəndə. O çobanın yanında oturub onun söhbətlərinə qulaq asıram. Nə olsun ki, aliməm. O çobandan çox şey öyrənirəm...”

 

Dedi və getdi.

 

Bu, bizim onunla ilk və son görüşümüz oldu...

 

***

 

Bu gün onun doğum günüdü...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR