Azərbaycanda aqrar sektor 4%-dən çox böyüyüb

Azərbaycanda aqrar sektor 4%-dən çox böyüyüb
16:57 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 6 200,6 mln. manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 3 258,6 mln. manatı heyvandarlıq, 2 942 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.
2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,2%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 5,9% artıb.
Məlumata görə, ölkədə kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir və yanvar-noyabr aylarında dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,97%-i, yaxud 940,5 min hektarı biçilib və həmin sahələrdən 2 691,5 min ton və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 35,6 min hektar dən üçün qarğıdalı sahəsindən 226,3 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 63,6 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2917,8 min ton olub.
2017-ci il yanvar-noyabr aylarında tarlalardan 889,4 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 1,1% çox kartof, 1370,5 min ton (10,9% çox) tərəvəz, 437,5 min ton (5,8% az) bostan məhsulları toplanıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 11 sentner, tərəvəz üzrə 31 sentner, bostan məhsulları üzrə 11 sentner artıb və uyğun olaraq 151, 199 və 187 sentner olub.
2017-ci ildə 136,4 min hektar sahədə pambıq, 14,9 min hektar sahədə dən üçün günəbaxan, 14,1 min hektar sahədə şəkər çuğunduru və 3,2 min hektar sahədə tütün əkilib. Yanvar-noyabr aylarında həmin sahələrdən 194,5 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə çox pambıq, 30,0 min ton (75,2% çox) dən üçün günəbaxan, 408,2 min ton (44% çox) şəkər çuğunduru və 5,1 min ton (41,1% çox) tütün yarpağı yığılıb.
Hesabat dövrünə 923,7 min ton (5,4% çox) meyvə və giləmeyvə, 145,8 min ton (8,4% çox) üzüm, 772,2 ton (22,9% az) yaşıl çay yarpağı toplanıb.
Təsərrüfatlarda 2018-ci ilin məhsulu üçün payız-tarla işləri davam etdirilir. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 1 034,5 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 864,6 min hektar sahəyə dən üçün payızlıqlar, ondan 584,1 min hektar sahəyə buğda, 280,4 min hektar sahəyə isə arpa səpilib.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 3,4% artaraq 450,1 min ton, süd istehsalı 0,8% artaraq 1847,1 min ton, yumurta istehsalı 6,4% artaraq 1 564,9 milyon ədəd, yun istehsalı isə 3,8% azalaraq 15,9 min ton olub. Bundan başqa, ölkədə 245,2 ton barama istehsal olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-aqrar-sektor-4-den-cox-boyuyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR