"Zirə"nin baş məşqçisi: "Bizdə inam çatmadı, uşaqlarda həyəcan var idi"

"Zirə"nin baş məşqçisi: "Bizdə inam çatmadı, uşaqlarda həyəcan var idi"
21:57 14 Dekabr 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ "Belə oyundan sonra danışmaq çətindir. Bizim üçün 2 cəbhədə vuruşmaq ağırdır. İki oyunçumuz – Sadiq Quliyev və Aleksandr Şemonayev yox idi. Ümumi götürsək, qışa qədərki çıxışımız normaldır. Kubokda yarımfinala çıxmasaq da, uşaqları təbrik etdim. Bizi qarşıda 2 dövrə gözləyir, ona hazırlaşmalıyıq. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. İstirahətə ehtiyacımız var. Bundan sonra çatışmazlıqların üzərində işləyəcəyik".
"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov səfərdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
Elə futbolçularınız var ki, bu cür təzyiqdə oynaya bilmirlər...
- Doğrudan da təzyiq var idi. "Neftçi”nin var gücü ilə hücum edəcəyini bilirdik. Birinci hissədə etdiyimiz səhvləri buraxmamalıyıq. Heyətdəki bəzi futbolçuların alternativi yoxdur. Zədəlilər sağalandan sonra komandada daha güclü rəqabət olacaq. Bu oyun da bizim üçün təcrübə idi.
David Manqanın "Zirə”dən ayrılacağı haqda xəbərlər yayılsa da, bu gün ona şans verdiniz. Lakin fasilədə Manqanı əvəzlədiniz. Bu, nə ilə bağlı idi?
- Manqa legionerlərimizin sırasında ən saf insandır. Onunla yollarımızı ayırırıq. Manqa bizə kömək etməyi çox istəyirdi. Çempionatın əvvəlindən o özünü yaxşı hiss etmirdi, onda nəsə alınmırdı. İnanmırdım ki, bu gün nədənsə çəkinsin. Taktiki gedişimiz var idi, buna görə Manqanı meydana buraxdım. 0:2 hesabı ilə geridə olanda isə Vüsal İsgəndərlini oyuna daxil etdim. Ümumən, Manqadan narazı olmasam da, onda Azərbaycanda alınmadı.
Hakimliklə bağlı nə deyə bilərsiniz?
- Hakim səhv etsə belə, futbolçular səbrli olmalıdırlar. Yan xətt hakimləri göz görə-görə autu səhv verirdilər. İlin sonunda belə gərgin olmaq bizim üçün də xoş deyil. Amma gərginlik də normaldır.
Heyəti gücləndirməsəniz, növbəti dövrələrdə sizə çətin olmayacaq?
- Çalışacağıq ki, komandaya 1 legioner dəvət edək. Amma qışda xarici futbolçu tapmaq çətindir. Bilirik ki, digər komandalar güclənəcəklər. Amma zədəlilərimiz sağalandan sonra bizdə də problem olmayacaq.
İkinci hissədəki oyunu qol buraxana qədər oynasaydınız, nəticə sizin xeyrinizə ola bilərdi?
- Azərbaycanda dəb alıb ki, biri deyir hücum futbolu oynayıram, digəri başqa söz deyir. Bizdə inam çatmadı, uşaqlarda həyəcan var idi. Qalan şeylər normal idi. "Neftçi” bizim qapımızın ağzına gələ bilmirdi, rəqibi əks-hücumlarda tuta bilərdik. 2 belə imkanımız oldu, dəyərləndirməyi bacarmadıq. Amma rəqib çox qüvvə ilə üstünə gələndə geriyə çəkilməyə məcbur olursan. Mənim futbola baxışım belədir. Düz yoldayıq, gələcəkdə bu işləri daha kəsərli etməliyik.
Hansı mövqeyə legioner gətirmək fikrindəsiniz?
- İrəli xəttə xarici futbolçu transfer etməyi düşünürük.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-nin-bas-mesqcisi-bizde-inam-catmadi-usaqlarda-heyecan-var-idi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR