Parisdə “Qarabağ, mən səni tərk etmirəm“ sənədli filmi nümayiş etdirilib

Parisdə “Qarabağ, mən səni tərk etmirəm“ sənədli filmi nümayiş etdirilib
04:52 15 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Paris. 15 dekabr. REPORT.AZ/ Parisin Balzak kinoteatrında fransalı kinorejissor Maksim Marduxayevin “Qarabağ, mən səni tərk etmirəm“ sənədli filmi nümayiş olunub.
“Report”un Fransa bürosu məlumat verir ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasını məcburən tərk etmiş qaçqın və məcburi köçkünlərə həsr edilmiş filmin nümayişi azərbaycanlı qaçqınlara həsr edilmiş debatla müşayiət olunub.
Tədbir “Ulduz” Assosiasiyasının və Hilal İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
“Qarabağ, mən səni tərk etmirəm“ Maksim Marduxayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərə həsr etdiyi ilk film deyil. 17 il bundan öncə Azərbaycanda olan rejissor çadır şəhərciklərində, vaqonlarda məskunlaşmış insanların vəziyyətini filmə alaraq onların acı talelərini Fransa ictimaiyyətinə çatdırıb.
Üstündən uzun illər keçdikdən sonra rejissor ikinci filmini çəkərək Azərbaycan dövlətinin bütün səylərini səfərbər etməsi sayəsində onların vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görüldüyünü, qaçqınlar üçün xüsusi imtiyazların tətbiq olunduğunu, onlar üçün evlərin tikildiyini, artıq çadır şəhərciyində və vaqonlarda yaşayan insanın qalmadığını nümayiş etdirir.
Bununla belə, filmdə şahidlik edən qaçqınlar şəraitlərinin yaxşı olmalarına baxmayaraq, öz doğma yurdlarına, Qarabağa qayıtmaq xəyalları və ümidləri ilə yaşadıqlarını bildiriblər. Çobanlıqla məşğul oğlan, uşaq ikən məktəbdə əlaçı olduğunu və gələcəyi ilə bağlı böyük arzular qurduğunu, lakin qaçqınlıq həyatının acısını dadaraq, xəyallarının puça çıxdığını ürək ağrısı ilə nəql edir. Filmdə ahıl yaşında olan məcburi köçkünlərimizin dəbə-baba yurdlarında canlarını tapşırmaq kimi arzuları, cavanların doğmalarının qəbirlərini ziyarət etmək üçün Qarabağa qayıtmaq istədikləri səsləndirilir.
Vüsalə İsmətqızı




Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/parisde-qarabag-men-seni-terk-etmirem-senedli-filmi-numayis-etdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR