"Sərhəd-keçid məntəqələrində elektron sistem və məlumat mübadiləsi" mövzusunda seminar başlayıb

"Sərhəd-keçid məntəqələrində elektron sistem və məlumat mübadiləsi" mövzusunda seminar başlayıb
15:17 18 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Bakıda "Sərhəd-keçid məntəqələrində elektron sistem və məlumat mübadiləsi" mövzusunda seminar başlayıb. 
“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində təşkil olunan 2 günlük seminarda Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin əməkdaşları iştirak edir.
Xatırladaq ki, layihəni Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Agentliyi Komitə ilə birgə icra edir. 
Seminarın açılış mərasimində giriş sözü ilə çıxış edən BMT İnkişaf Proqramının proqram rəhbəri Məzahir Əfəndiyev layihə üzrə indiyə qədər görülmüş işlər barədə məlumat verib.
DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov isə deyib ki, layihə çərçivəsində Azərbaycan və Gürcüstan gömrük əməkdaşlarının fitosanitar nəzarəti sahəsində bilik səviyyəsinin artırılması məqsədilə təlimlər keçirilib və sözügedən sahədə Avropa İttifaqının təcrübəsi öyrənilib.
Gürcüstanın Gömrük Xidmətinin rəis müavini Giorgi Kobeşavidze isə layihənin hər iki ölkənin gömrük əməkdaşlığının və qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. Layihənin hər iki ölkənin sanitar və fitosanitar sahədə bacarıqlarının inkişafına şərait yaratdığını söyləyən rəis müavini, layihə çərçivəsində təlimləri aparan avropalı mütəxəssislərin də əməyini dəyərləndirib.
Seminar Litvanın Maliyyə Nazirliyinin nəzdindəki Gömrük İdarəsinin gömrük nəzarətinin təşkili şöbəsinin müdiri Laimis Zlabisin təqdimatı ilə başlayıb. Təqdimatda Litva gömrüyünün fəaliyyəti barədə ətraflı məlumat verilib.
Təlim müddətində litvalı ekspertlər iştirakçıları sanitar, fitosanitar və baytarlıq məsələləri, eləcə də gömrüklə bağlı Avropa İttifaqının qanunvericiliyi, Avropa İttifaqının məlumat mübadiləsi mexanizmləri, qarşılıqlı məlumat mübadiləsinin faydaları, ərzaq və qeyri-ərzaq məhsullarına nəzarət və s. mövzuda bilgiləndirəcək, həmçinin müzakirələr aparılacaq.



Xəbərin orijinal ünvanı: https://report.az/biznes/serhed-kecid-menteqelerinde-elektron-sistem-ve-melumat-mubadilesi-movzusunda-seminar-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR