Bakı aeroportunda nə baş verir?

Bakı aeroportunda nə baş verir?
10:47 10 Yanvar 2015
291 Sosial
Ölkə mətbuatı
A- A+

Hava limanında vətəndaşlar yerli-yersiz təkrar yoxlanır, çantaları açılıb-tökülür
Bakı Hava limanında sərnişinlər üçün “Gestapo rejimi” yaradılıb. Vətənə qayıdan sərnişinlərin çantaları açılıb-tökülür, üzərindəki aksessuarlar, bilərzik, qol saatının hesabı sorulur, hətta əynindəki paltosuna qədər yoxlanılır.

Vətəndaşların tez-tez qarşılaşdığı bu problem heç də ölkəyə başucalığı gətirmir. Gömrükçülər yerli-xarici turist arasında fərq qoymadan ölkəyə girən hər kəsi təpədən-dırnağa, kəmərlərinin, ayaqqabılarının içinə qədər yoxlayır.

Təyyarədən düşən, evinə gedən sərnişin üçün bu cür həssas yoxlama məntiqli görünmür. Sərnişinin təyyarəyə minmədən öncə bütün yoxlama prosedurlarından keçdiyini nəzərə alanda ikiqat-üçqat, təkrar yoxlamanın hansı səbəbdən yarandığı sual doğurur.

AZAL Dövlət Konserni mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “Yeni Müsavat”a bildirdi ki, suallar Dövlət Gömrük Komitəsinə ünvanlanmalıdır, çünki yoxlamanı onlar aparır. Dövlət Gömrük Komitəsinin mətbuat xidməti isə mətbuatın suallarına, demək olar ki, heç zaman cavab vermir.

AZAL-ın keçmiş prezidenti Ədalət Əliyev isə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, təhlükəsizlik baxımından yoxlamalar mütləqdir.

Onun sözlərinə görə, Təhlükəsizlik Xidməti və Gömrük Komitəsi bu yoxlamaları həyata keçirməlidir. Ə.Əliyevin fikrincə, yoxlamalar mədəni şəkildə aparılmalıdır və vətəndaşın çantalarını kobud şəkildə açıb-tökmək etik deyil:

“Onlar bu yoxlamaların səbəbini izah etməlidir. Əgər hər hansı hadisə olacağı haqda məlumat daxil olubsa, yoxlama olmalıdır. Ancaq vətəndaş elektron avadanlıqlar da gətirə bilər, gömrükçülər bunu görürlər və əlavə çantanı açıb tökməyə ehtiyac yoxdur. Sadəcə, bu gün monopoliya var. Eyni zamanda bu yersiz yoxlamalardırsa və əlavə qeyri-rəsmi rüsum tələb etmək məqsədi ilə edilirsə, o zaman məsuliyyət yaradır”.

Keçmiş AZAL rəhbəri hesab edir ki, bu gün hava limanında təhlükəsizliyin təmin edilməsi üçün həm peşəkar komanda var, həm də müasir texniki avadanlıqlar: “Qanunsuz malların, qadağan edilmiş materialların keçidinə nəzarət edən qüvvə var. Kim bu imkanlardan başqa cür istifadə edirsə, artıq ayrı qiymət vermək lazımdır”.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR