Vergilər Nazirliyi bank rəhbərləri ilə iclas keçirib

Vergilər Nazirliyi bank rəhbərləri ilə iclas keçirib
11:44 10 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yanvarın 9-da Vergilər Nazirliyinin və ölkədə fəaliyyət göstərən bankların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə iclas keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergilər nazirinin birinci müavini Natiq Əmirov banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərə gəlir vergisi üzrə güzəştlərin başa çatması vəMilli Məclis tərəfindən qəbul edilmiş “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunla əlaqədar bu gəlirlərin vergiyə cəlb edilməsindəki dəyişikliklər barədə bilgi verib.

 

Vergilər Nazirliyi və Mərkəzi Bank arasında aparılmış məsləhətləşmələrin nəticəsi olaraq bildirilib ki, bank əmanətləri üzrə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla, 2015-ci ilin yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq ediləcək. N. Əmirov bunun balanslaşdırılmış qərar olduğunu bildirərək, bununla, bank ictimaiyyətinin üzləşdiyi mühüm narahatlığın aradan qaldırıldığını diqqətə çatdırıb.

 

Toplantıda iştirak edən Mərkəzi Bankın baş direktoru Rəşad Orucov bank ictimaiyyətinin mövqeyinin nəzərə alınmasını müsbət dəyərləndirərək, bu qərarın ədalətli olduğunu qeyd edib. R. Orucov qəbul edilmiş qərarlar və əmanətlərin vergiyə cəlb edilməsi ilə əlaqədar məsələlərlə bağlı müştərilərin məlumatlandırılmasının zəruriliyini vurğulayıb.

 

Qeyd edək ki, toplantıda bank əmanətlərinin vergiyə cəlb edilməsində yaranan müxtəlif məsələlərlə bağlı bankların səlahiyyətli nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR