İlham Əliyev bir ildə 16 ölkəyə getdi (FOTO)

İlham Əliyev bir ildə 16 ölkəyə getdi (FOTO)
11:46 10 Yanvar 2015
412 Digər
Ölkə mətbuatı
A- A+

2014-cü il də Azərbaycan prezidenti 16 ölkəyə səfər edib. ANS PRESS-in "Azərbaycan" qəzetinə istinadla verdiyi məlumata görə, prezidentin xarici ölkələrə keçənilki səfərləri də Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətimizin və xalqımızın maraqlarına layiqincə xidmət etdiyini göstərir.

Prezidentin ötən il ilk xarici səfəri Belçika Krallığına olub. İşgüzar səfər zamanı Azərbaycan Prezidenti Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort, NATO-nun baş katibi Anders Foq Rasmussen və NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb.

Azərbaycan Prezidentinin Davosda İsrail Prezidenti Şimon Peres, İsveçrə Prezidenti Didye Burkhalter, İran Prezidenti Həsən Ruhani, İsrailin Baş naziri Benyamin Netanyahu, Niderlandın Baş naziri Mark Rutte, Fransanın xarici işlər naziri Loran Fabius, “Holcim” şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana və başqaları ilə görüşüb.

Fevral ayında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfər ediblər. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Soçiyə gələn yüksək səviyyəli qonaqların şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edən Prezident İlham Əliyev Litvanın Baş naziri Alqirdas Butkeviçius, Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani, Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşüb.

Mart ayında Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitinə qatılıb və zirvə görüşü zamanı Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah Güllə də görüşüb.

Aprel ayında İlham Əliyev İran İslam Respublikasına rəsmi səfər edib, Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

Aprel ayında Çex Respublikasına da səfər edən Prezident İlham Əliyev Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 2009-cu ildə keçirilmiş Sammitinin beşinci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib. Praqada Çexiya Prezidenti Miloş Zeman, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Polşa Respublikasının Prezidenti Bronislav Komorovski, Moldova Prezidenti Nikolae Timofti, Çexiya Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə də görüşən prezidentin bu səfəri daha çox Ermənistan prezidenti S.Sarkisyanı yerində oturtması ilə yadda qalıb. Belə ki, Türkiyənin sammitdə təmsil olunmamasından istifadə edən S.Sarkisyan iclasın mövzusunu unudaraq Türkiyəni əsas tənqid hədəfi seçib bu ölkəni qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, Ermənistanla sərhədlərini açmamaqda ittiham edib. Prezident İlham Əliyevin buna cavabı isə erməni prezidentə vurulan sillə olub. “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb”.

May ayında Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli Sammiti keçirilib. Sammitdən sonra prezidentlərin üçtərəfli görüşü olub.

Prezident may ayında Vyetnam, Çinə səfər edir. Vyetnam səfəri zamanı keçirilən görüşlər, Vyetnam Prezidenti Truonq Tan Sanq, Baş nazir Nquyen Tan Danq, Vyetnam Milli Assambleyasının sədri Nquyen Sinh Hanq, Vyetnam Kommunist Partiyasının baş katibi Nquyen Phu Tronq ilə aparılan danışıqlar ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.

İyun ayında Türkiyəyə və Fransaya işgüzar, Yunanıstana isə dövlət səfəri edilib. Bodrumda Prezident İlham Əliyev ayrı-ayrılıqda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Türkiyə Prezidenti Abdullah Gül və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə də görüşüb.

Fransaya işgüzar səfəri zamanı dövlət başçısı Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edib, AŞ PA sədri Ann Brasör, Avropa Şurasının baş katibi Torbörn Yaqland, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman ilə görüşüb.

İyul ayında İtaliyaya etdiyi rəsmi səfər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini müzakirə edilib. Prezident İlham Əliyevin İtaliya Prezidenti Corco Napolitano, İtaliyanın Baş naziri Matteo Renzi, İtaliya Senatının sədri Pietro Qrasso ilə görüşündə Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib, ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanıb.

Prezident İlham Əliyev avqust ayında Rusiyaya, sentyabr ayında isə Uelsdə NATO-nun sammitində iştirak etmək üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərlər edib. Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ilk olaraq diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönlədib. Rusiyaya səfər zamanı Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü keçirilib. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər zamanı isə Prezident İlham Əliyev Fransa Prezidenti Fransua Ollandla görüşüb. Uelsdə həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti S.Sarkisyanın və ABŞ dövlət katibi Con Kerrinin görüşü olub.

Sentyabr ayında Rusiya Federasiyasına işgüzar səfər edən Prezident İlham Əliyev Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak edib. Rusiya, İran və Qazaxıstan prezidentləri ilə ayrılıqda görüşlər keçirilib.

Oktyabrda o MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Belarusa, Tacikistan, Fransaya rəsmi səfər edib. Səfər zamanı Tacikistan Prezidenti Emoməli Rəhmon, Tacikistanın Baş naziri Koxir Rasulzoda, Fransa prezidenti Fransua Ollandla görüşüb. Parisdə Prezident İlham Əliyev Ermənistan prezidenti və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşüb.

Noyabrda isə o Macarıstanda olub. Prezident İlham Əliyev Macarıstan-Azərbaycan Biznes Forumunda da iştirak edib.

Ümumilikdə 2014-cü il ərzində Prezident İlham Əliyev 16 ölkəyə (Belçika, İsveçrə, Rusiya, Niderland, İran, Çex Respublikası, Gürcüstan, Vyetnam, Çin, Türkiyə, Fransa, Yunanıstan, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Belarus, Tacikistan, Macarıstan) səfər edib. Bu səfərlər zamanı 18 ölkənin (Türkiyə, İsveçrə, İsrail, Rusiya, İran, Qətər, Çex Respublikası, Gürcüstan, Polşa, Moldova, Vyetnam, Çin, Fransa, Yunanıstan, Qazaxıstan, Türkmənistan, İtaliya, Tacikistan) dövlət başçısı, 9 ölkənin (İsrail, Niderland, Litva, Vyetnam, Yunanıstan, İtaliya, Gürcüstan, Tacikistan, Macarıstan) Baş naziri ilə görüşüb.













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR