İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə yalnız beynəlxalq sertifikat almasına dəstək veriləcək.
Publika.az xəbər verir ki, Azərbaycan
prezidenti İlham Əliyev bununla bağlı “Xarici ölkələrə ixrac
missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və
marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici
bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici
ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli
tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət
büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və
ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5
oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə” fərman verib.
Qüvvədə olan qaydaya əsasən indiyə qədər ixracatçıların xarici
ölkələrdə məhsula sertifikat və patent almasına, habelə əmtəə
nişanlarının qeydiyyatına görə onlara ödənilən dəstək məbləği qeyd
olunan işlərlə bağlı çəkilən xərclərin 50 faizini (5 min manatdan
artıq olmamaqla) təşkil edib. Dəyişikliyə əsasən isə Qaydaya
“Beynəlxalq sertifikatın alınmasına dəstək” fəsil əlavə edilib.
Beləliklə, beynəlxalq sertifikatın alınmasına dəstək tədbirini
müvafiq beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların)
ixracatçılarının sifarişi əsasında və “Dövlət satınalmaları
haqqında” qanuna uyğun olaraq nazirliyin seçdiyi ixtisaslaşmış
hüquqi və ya fiziki şəxslər həyata keçirəcəklər.
Hər il fevralın 1-dək beynəlxalq sertifikatın alınmasına dəstəklə
bağlı ixracatçılardan sifarişlərin qəbuluna dair elan veriləcək və
müraciət edilməsi üçün ən azı 60 günlük müddət müəyyən olunacaq.
Həmin dəstək tədbirindən bir ixracatçı eyni təqvim ili ərzində
yalnız bir beynəlxalq sertifikatın alınması üçün faydalana bilər.
Dəstək tədbiri çərçivəsində alınmasına dəstək verilən beynəlxalq
sertifikatların siyahısını İqtisadiyyat Nazirliyi müəyyən edəcək və
özünün rəsmi internet saytında yerləşdirəcək. Hər bir ixracatçı
üçün beynəlxalq sertifikatın alınmasına görə ödənilən dəstək
məbləği çəkilən xərclərin 50 faizini (60 min manatdan artıq
olmamaqla) təşkil edir.
Dəstək tədbiri çərçivəsində beynəlxalq sertifikat əldə etmiş
ixracatçı sertifikatla əhatə olunan məhsulu (məhsulları)
sertifikatı əldə etdiyi tarixdən etibarən ixrac etməli və bu barədə
məlumatları və sənədləri (Azərbaycan Respublikasından ixrac və
digər dövlətə idxal gömrük bəyannamələrinin surətlərini) müvafiq
ixrac əməliyyatlarının aparıldığı tarixdən etibarən 30 (otuz)
gündən gec olmayaraq nazirliyə təqdim etməlidir. İxracatçı
beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların)
ixracına dair məlumatları və sənədləri nazirliyə təqdim etmədikdə
və ya sertifikatın əldə olunduğu tarixdən 1 il ərzində sertifikatla
əhatə olunan məhsulun (məhsulların) ixracını həyata keçirmədikdə,
həmin sertifikatın əldə edilməsinə görə ödənilmiş dəstək məbləğini
geri qaytarmalıdır.