Azərbaycan bütün dövlətlərlə dostluq münasibətlərinin tərəfdarıdır

Azərbaycan bütün dövlətlərlə dostluq münasibətlərinin tərəfdarıdır
13:05 10 Yanvar 2015
147 Digər
Ölkə mətbuatı
A- A+

Elşən Musayev: “QHT institutu və ayrı-ayrı “ekspertlər” son 20 ildə fövqəldövlətlərin əsas silahı, vuran əli olub”
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu günlərdə “Bloomberg” agentliyinə müsahibə verərək, ABŞ-Azərbaycan münasibətlərinə, Qərb dairələrinin ölkəmizə qarşı qərəzli şəkildə həyata keçirdiyi kampaniyalara toxunub, bir sıra məqamlara aydınlıq gətirib. O, son illər ABŞ-ın bir sıra qeyri-hökumət təşkilatlarının, media və ayrı-ayrı “ekspertlər”inin Azərbaycana qarşı qeyri-sağlam, tərəfdaşlıq münasibətlərinin ruhuna zidd olan “qara piar” kampaniyası həyata keçirdiklərini dilə gətirib. Qeyd edib ki, bu kampaniyanın məntiqini, məqsədini, hədəflərini anlamaq və izah etmək çətin olsa da, onun ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyi aydın görünür. Ə.Həsənov Azərbaycan Prezidentinin xarici siyasət kursundakı bəzi məqamlara da toxunub. Onun sözlərinə görə, Prezident İlham Əliyev istəyir ki, bütün dünya ölkələri onun ölkəsinin milli iradəsinə və beynəlxalq hüquq normalarına uyğun siyasətinə hörmətlə yanaşsınlar. Belə münasibəti Azərbaycan ilk növbədə qlobal dünya siyasətini formalaşdıran BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən - ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa kimi ölkələrdən, habelə İran, Türkiyə və s. kimi qonşu və tərəfdaş dövlətlərdən gözləyir. Azərbaycan müstəqil ölkə kimi xarici siyasətində daim öz milli maraqlarını rəhbər tutur, heç vaxt təzyiq və təhdid cəhdlərini qəbul etmir və gələcəkdə də etməyəcək. İkitərəfli əlaqələr kimlərinsə öz dominantlıq iddialarını reallaşdırmaq istəyi üzərində deyil, ümumi maraqlar, bərabərhüquqlu əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilə bilər. PA rəsmisinin səsləndirdiyi fikirlər, ABŞ-Azərbaycan münasibətləri, ölkənin xarici siyasət kursu və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik partiyasının sədri, politoloq Elşən Musayev cavablandırır.

- Elşən müəllim, Ə.Həsənov “Bloomberg” agentliyinə müsahibəsində ABŞ-ın bəzi dairələrinin qərəzli mövqeyindən söhbət açıb. Bildirib ki, onlar Azərbaycana qarşı qeyri-sağlam münasibət sərgiləyirlər. Sizcə bu davranışın səbəbi nədir?

- Əvvəla ondan başlayaq ki, QHT şnstitutu və ayrı-ayrı “ekspertlər” son 20 ildə fövqəldövlətlərin əsas silahı, vuran əli olub. Yəni həmin fövqəldövlətlər hansı məqsədi, məramı, istəyi dolayı yolla ifadə etmək istəyiblərsə, istinad etdikləri ən “mükəmməl” vasitə söylədiklərim olub. Həm də məqsədli formada. Yaxşı bəs nədir o səbəb? Budur ki, sabah tutaq ki, kimsə bunlara irad tutanda desinlər ki, QHT-lər müstəqildir, biz onların fəaliyyətinə qarışa bilmərik, bu dövlətin mövqeyi deyil və sair və ilaxır. Eyni zamanda bu prosedur ekspert adı ilə ortalıqda dolaşan xüsusi təyinatlı missionerlərə də aiddir. Yenə də bəlli məqsədləri ifadə etmək üçün. Odur ki, onlar meydanda, siyasi arenada zühur etməyə başladısa, bu, artıq haqqında danışılan tərəfdaşlığın da, müttəfiqlik münasibətlərinin də birmənalı şəkildə pozulması anlamına gəlməlidir. Ayrıca, “qara piar” və bənzər icraatlar da eyni adlı prosesin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

- Sizcə ABŞ Dövlət departamentinin sabiq əməkdaşlarının, keçmiş səfirlərinin və “ekspertlər”inin bu cür qərəzli mövqeləri ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə necə təsir edir?

- Ümumiyyətlə, Amerikanın ölkəmizdə zaman-zaman fəaliyyət göstərən bütün sabiqləri niyəsə Azərbaycana qarşı aqressivdir. Sanki, bunlar ölkəmizdə yemlənməli, cah-cəlal içində yaşamalı və bütün ömürləri boyunca xüsusi imtiyazlar daşımalıymışlar. Amma dövlətimiz buna imkan verməyib. Və ya baxın kimlərdir onlar! Dünya siyasətində və diplomatiyasında biri-birindən urvatsız adamlar! O insanlar ki, sözləri və fikirləri illər boyunca “Azadlıq” qəzetinin manşetindən, ya da el dilində desək “Biləcəridən o yana” keçə bilməyib. Ona görə cırnaya-cırnaya qalıblar. Ya da Devid Kramer kimi işsiz-gücsüz adamlar. Bekarçılıqdan bilmirlər nə etsinlər. “Kloun” kimi hər gün bir dona girirlər. O gün baxıram ki, “Azadlıq”a açıqlama verən həmin bu Kramer dönüb olub Vaşinqtondakı Makkeyn adına İnstitutunun direktoru. İndi mən sual edim: Bu adam dolamaqdır ya yox? Və ya adamdan soruşmaq lazım: “Fredoom Hause”-nin icraçı direktorluğundan niyə imtina elədin? O qədər yalan danışıb, iftira söylədin ki, artıq ciddilik deyə bir şey qalmadı, deyilmi? Ona görə tük atıb, dəri dəyişib, növbəti buqələmun rənginə girdin. Ona görə “Azadlıq”ın manşetlərinə sülənməkdən başqa çarən qalmadı. Barı bunu etiraf et, biz də işimizi bilək ki, kimlə mübarizə aparırıq da.

- Azərbaycanda ABŞ-la əlaqəli təşkilatların, media qurumlarının öz fəaliyyətlərinə son qoymasından sonra bəziləri belə iddia irəli sürürlər ki, bu, iqtidarın antiamerika siyasətinin nəticəsidir. Siz bu deyilənləri nə dərəcədə əsaslı sayırsınız?

- Azərbaycan dövlətinin hansısa radio və ya saytla qərəzi olsaydı onların 20 illik sərsəm fəaliyyətini bu qədər səbrlə izləməzdi. Yox əgər eyni adlı hadisə baş verirsə, demək ki artıq bunu qərəz kontekstində deyil, daha qlobal fonda müzakirə etmək lazımdır. Ya da belə deyək: Azərbaycanın Konstitusion quruluşuna görə məhkəmə hakimiyyəti müstəqil qoldur. Hüquq-mühafizə orqanları da heç bir zaman tapşırıq icra etməyib. İstənilən prosesual hərəkətlər də səbəbli xarakter daşıyır. Və ya əgər “Azadlıq” radiosu ilə bağlı şübhələr varsa, həmin şübhələr dəqiqləşdirilirsə, bunun mütləq və mütləq bir açıqlaması vardır. Hansı ki, həmin açıqlama anındaca, yerindəcə də verilib. Eyni zamanda bu, nə antiamerika siyasətidir, nə kiməsə qarşı siyasi demarşdır, nə də məqsədli fəaliyyət. Bu, dövlətçiliyi, Azərbaycanın maraqlarını qorumaq cəhdidir. Bu ölkəni ixtiyari təxribatlardan sığortalamaq məqsədi güdür. Və həmin maraqların müdafiə olunması istiqamətində Azərbaycan hakimiyyətinin, dövlətinin qarşısına hər nə boyda güc, qüvvə çıxacaqsa çıxsın, fərq etməz. Cavabı veriləcək. Həm də ən yüksək səviyyədə!

- Bəzi siyasətçi və ekspertlər son prosesləri təhlil edərkən Azərbaycanın strateji xətti dəyişdirdiyini, artıq Rusiyaya doğru yön aldığını iddia edirlər. Siz bu barədə necə düşünürsünüz?


- Azərbaycanın beynəlxalq strateji maraqlarında prioritet xətt onun müstəqilliyinə, beynəlxalq hüquqa, diplomatik protokola, müttəfiqliyə və tərəfdaşlığa qarşılıqlı formada riayət edən dövlətlərlə isti münasibətlər qurmaqdır. Prezident Administrasiyasının şöbə müdiri, hörmətli Əli Həsənov da son müsahibəsində maraqlı, eyni zamanda diqqət çəkən bir fikir qeyd edib: “Dövlətimiz istəyir ki, onun milli iradəsinə və beynəlxalq hüquq normalarına uyğun siyasətinə hörmətlə yanaşılsın”. Hesab edirəm Əli müəllimin bu fikri dövlətin, hakimiyyətin birmənalı mövqeyi olaraq qiymətləndirilməli və qəbul edilməlidir. Və deyim ki, bu mövqe həm də illər boyu yürüdülən məqsədyönlü siyasətin davamıdır, növbəti anonsudur. Üstəgəl, o anlamdadır ki, Azərbaycan balanslı siyasət deyərkən, həmin balansın yalnız öz üzərimizə düşən tərəfindən danışmır, eyni zamanda qarşı tərəfin də atdığı və atacağı addımları önəmsəyir. Bunu isə nə ruspərəst nə də qeyri-pərəst mövqe kimi tövsif etmək, dəyərləndirmək olmaz. Azərbaycan bütün dövlətlərlə dostluq münasibətlərinin tərəfdarıdır. Amma bununla bərabər ölkəmizə qarşı təxribat cəhdində bulunan, “Azadlıq” radiosu kimi agentura şəbəkəsini maliyyələşdirən, himayə edən dövlətlərin də cavabını yerindəcə və lazımınca verməyə qadirdir.

Kaspi.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR