Qalmaqal böyüdü: Əsgər, yoxsa əskər? - VİDEO

Qalmaqal böyüdü: Əsgər, yoxsa əskər? - VİDEO
19:29 15 Yanvar 2018
176 Digər
Ölkə mətbuatı
A- A+

AMEA-nın Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin orfoqrafiya lüğətinə təklif olunan dəyişikliklərin siyahısını ictimai müzakirəyə təqdim edib.

 

APA TV-nin məlumatına görə, təkliflər arasında tərkibində "makro", "mikro", "mono" hissəcikləri olan sözlərin bitişik yazılması, habelə "əsgər", "əsginas", "İsgəndər" kimi isimlərin tərkibindəki "g" samitinin "k" samiti ilə əvəz olunması, "ekspress", "stress" "press" sözlərinin bir "s" hərfinin, qoşa "y" hərfli tərkibə malik sözlərin isə bir "y" ilə yazılmasıdır. Yeniliklərdən biri də bir zamanlar mövcud olan "apostrof" işarəli sözlərin sətirdən-sətrə keçirilməsi ilə bağlıdır.

 

Təkliflər təqdim olunduğu andan etibarən cəmiyyətdə birmənalı qarşılanmayıb və sosial şəbəkələrin daha çox müzakirə olunan mövzularından birinə çevrilib, bəzi insanlarda narazılıq doğurub. Lakin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, təkliflərin həmmüəlifi olan akademik Möhsün Nağısoylu hesab edir ki, lüğət tərkibinə dəyişikliklər olunması günün tələbidir: "Dövlət dili haqqında" Azərbaycan Respublikasının qanununda nəzərdə tutulub ki, orfoqrafiya lüğəti beş ildən bir yenilənsin və yenilənməyini şərtləndirən səbəblər var: dilə yeni sözlər daxil edilir, bəziləri də işləkliyini itirir və s. Bu mənada yeni orfoqrafiya lüğətinin hazırlanması günün tələbidir və yeniliklər də əslində günün tələbindən yaranıb. Mən orta məktəbdə müəllim də işləmişəm və özümün şəxsi müşahidələrimə əsasən görmüşəm ki, şagirdlər və ümumiyyətlə, vətəndaşlar bəzi sözlərin yazılışında çətinlik çəkir. Tutaq ki, 2004-cü ilin orfoqrafiya lüğətində bir cür yazıblar, 2013-cü ilin lüğətində başqa cür. "Metafora" sözü birində "metafora" yazılmışdı, o birində "metafor". Bunun özü narazılığa səbəb oldu. Əgər "metafora" metafor olurdusa, onda "anafora" da gərək anafor olsun. Ona görə də biz təklif edirik ki, bu sözlər əvvəlki kimi yazılsın. Biz istəyirik ki, belə sözlərin yazılışında çaşqınlıq yaranmasın, hamı tərəfindən qəbul edilsin. Orada əsas yeniliklərdən biri də günün tələbindən doğur. Məsələn, tutaq ki, vaxtilə bizim əlifbamızda apostrof var idi, indi isə yoxdur. Şagird müəllimdən soruşur ki, belə sözləri sətirdən-sətrə necə keçirək?"

 

M.Nağısoylu hesab edir ki, bir-biri ilə iqtisadi inteqrasiya şəraitində olan türk xalqlarının dilində də yaxınlıq olması zəruridir: "Türklər "asker", "İskender" yazırlar və bu sözün kökü də "Aleksandr", yəni "k"dir, "g" deyil. İndi kimsə tələffüz eləyəndə "g" yazıb. Buna da "qələti-məşhur" deyirlər, yəni məşhur səhvlər. Nəyə görə biz bu səhvləri aradan qaldırmayaq?"

 

M.Nağısoylunun sözlərinə görə, dəyişikliklər ictimai rəy alındıqdan sonra yekun variantda Nazirlər Kabinetinə təqdim olunacaq. İctimaiyyətdə yaranan narazılıqlara gəlincə, akademik hesab edir ki, burada daha çox elm adamlarının fikirləri nəzərə alınmalıdır.

 

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyliyə isə lüğət tərkibinə dair təkliflərin hansı zərurətdən yarandığı qaranlıqdır: "Doğrusu, artıq bir müddətdir ki, bu proses davam edir. Ayrı-ayrı strukturlar, Terminologiya Komissiyası, Tərcümə Mərkəzi, Dil Komissiyası, Dilçilik İnstitutu ən müxtəlif səviyyələrdə Azərbaycanın həm terminologiya, həm də orfoqrafiya lüğəti ilə bağlı fikirlər səsləndirirlər. Doğrusu, bu məsələlərin nədən birdən-birə ortaya çıxdığının səbəbini bilmirəm. Əgər söhbət Azərbaycan prezidentinin Azərbaycan dili ilə bağlı sərəncamının icrasından gedirsə, zənnimcə, Azərbaycan dilinin təbliği ilə bağlı həyata keçirilən bu tədbirlər yetərli deyil, həm də sərəncamın mahiyyətinə və prinsiplərinə uyğun gəlmir".

 

Baş  yazar düşünür ki, dilin lüğət tərkibinə olunan dəyişikliklər zamanı ictimaiyyətin fikri nəzərə alınmalı, buna sırf inzibati qərar çərçivəsində yanaşılmamalıdır: "Akademiyanın divarları arasında dil formalaşmır. O baxımdan da harada dil yaranırsa, elmin də, bu istiqamətdə fəaliyyət göstərən strukturların da həmin qurumlarla işləməsinə ehtiyac var. Mən Terminologiya Komissiyasının daha öncə açıqladığı terminlərin siyahısına diqqət yetirdim. Bildiyiniz kimi, sosial şəbəkələrdə az qala məzhəkə obyektinə və subyektinə çevrilmişdi. Hər kəs bununla bağlı fikirlərini izah edirdi və birdən-birə bu məsələlərin haradan çıxdığı da kimsəyə aydın deyildi".

 

Baş redaktor hesab edir ki, istənilən sahədə olduğu kimi, dilçilikdə də islahatlar dağıdıcılığa yol açmamalıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR