Ümumdünya Qızıl Şurası 2018-ci ilin əsas trendlərini açıqlayıb

Ümumdünya Qızıl Şurası 2018-ci ilin əsas trendlərini açıqlayıb
13:32 16 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Ümumdünya Qızıl Şurası (Gold Council) 2018-ci ilin icmal proqnoz hesabatında qlobal iqtisadi trendləri və onların qızılın qiymətinə təsirini təhlil edib. "Report" Şuraya istinadən xəbər verir ki, bu trendlər arasında 4 əsas istiqamət müəyyənləşdirilib.
Bunlardan birincisi, 2018-ci ildə qlobal iqtisadi artımın sinxron şəkildə həyata keçməsidir. Hesabatda 2018-ci ildə Avropa və ABŞ iqtisadiyyatlarının genişləyəcəyi, işsizliyin azalmağa davam edəcəyi, maaşların artacağı bildirilir. Dünya qızıl bazarının əsas iki ölkəsi olan Çin və Hindistan iqtisadiyyatında da artımın davam etməsi qızıla tələbatı möhkəmləndirəcək. Qlobal rifahın artması istehlakçı xərclərini artıraraq qızıla tələbatı yüksəldəcək və qızıl sənayesinə investisiyaları artıracaq.
İkincisi, mərkəzi bankların balanslarını azaltması və uçot dərəcəsinin artmasıdır. Qlobal iqtisadiyyatın sürətlənməsi prosesinin monetar siyasətlərin sərtləşdirilməsinə səbəb olacağı gözlənilir. FED öz balansını ayda 50 mlrd. dollar azaldaraq 2020-ci ilə qədər 2 trln. dollara endirəcəyini planlaşdırır. Uçot dərəcəsinin artması isə qızıla investisiyaları azaldır. Belə ki, qızıl heç bir dividend gətirməyən maliyyə alətidir. Sonuncu onillikdə maliyyə bazarlarına daxil olan ucuz vəsaitlər bir çox aktivin qiymətinin artmasına səbəb olub. Hesabatda bildirilir ki, FED-in uçot dərəcəsinin 0-4% arasında olması qızıla investisiya edənlərə müsbət gəlir gətirə bilər. Uçot dərəcəsinin artması hər zaman qızıla mənfi təsir göstərmir. Qızıl, ona investisiya edənlərə maliyyə bazarı risklərini idarə etmək üçün kömək edir.
Üçüncüsü, aktivlərin qiymətinin həddindən artıq şişməsidir. Belə ki, 2017-ci ildə aktivlər üzrə, xüsusilə də ABŞ-da səhm bazarında tarixi rekord səviyyələr əldə edilib. Bu durum 2018-ci ildə də davam edə bilər. Bir müddət sonra isə maliyyə bazarları narahatlıqla üzləşəcək. Əgər maliyyə bazarları korrektirovka ilə üzləşərsə, o zaman riskdən qaçmaq üçün qızıla investisiyalar arta bilər.
Dördüncü istiqamət isə bazarların şəffaflığı, effektivliyi və çıxış imkanlarıdır. Son dekadada maliyyə bazarları bu istiqamətdə xeyli irəliləyib. Qızıl bazarına çıxışın asanlaşması investisiya imkanlarını artırır və qızıla tələbatı daim fəal saxlayır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/umumdunya-qizil-surasi-2018-ci-ilin-esas-trendlerini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR