Sergey Lavrovun Qarabağ açıqlaması - “mərhələli həll” prinsipi hələ də dəbdədir

Sergey Lavrovun Qarabağ açıqlaması - “mərhələli həll” prinsipi hələ də dəbdədir
15:02 16 Yanvar 2018
63 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan tərəfi Dağlıq Qarabağın işğaldan azad olunması üçün istənilən ədalətli və məntiqi təklifə razıdır. Bu, həm də Ermənistanın işğal altında saxladığı torpaqlardan Azərbaycanın imtina etməyəcəyi deməkdir.
Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 15-də 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ məsələsindən danışıb. Azərbaycanın işğal altında saxlanılan torpaqları ilə bağlı rusiyalı nazirin dediklərində qeyri-adi heç nə yoxdur. Bundan başqa, Rusiya ATƏT-in Minsk qrupunun üzvü və münaqişənin həllində beynəlxalq vasitəçilərdən biridir. Bu baxımdan, S.Lavrov ötən bir il ərzində ölkəsinin xarici siyasət kursu ilə bağlı hesabatda Dağlıq Qarabağ məsələsindən də danışmalı və yeni fikir, söz deməli idi. Rusiya XİN başçısı da bunu edib. Əslində, S.Lavrovun fikrincə, indi vacib olan odur ki, təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılsın: “Bu problemi bir sənədlə birdəfəlik həll etmək mümkün deyil. Bu siyasi həllə keçməyə də kömək edər. Problemi bir sənədlə birdəfəlik həll etmək mümkün deyil. Məsələyə mərhələli yanaşma lazımdır. Mərhələli yanaşma isə indi edilməsi mümkün olan işi göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək. Odur ki, hər şey tərəflərin özlərindən asılıdır”. 
O, cari ildə Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müsbət impulsların olacağına inandıqlarını söyləyib: “Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri arasında keçirilən görüşlərdən məmnunuq. Həmsədr ölkələrin nümayəndələri bu görüşdə iştirak ediblər. Bu problemi bir sənədlə birdəfəlik tam həll etmək alınmayacaq. Ona görə də hazırda mümkün olan razılıqlar və sonradan yekun həll üçün üzərində işlənməsini tələb edən məsələlər, o cümlədən Dağlıq Qarabağın statusu əsasında mərhələli yanaşma lazımdır. Odur ki, hər şey tərəflərin özlərindən asılıdır”. Rusiyanın XİN başçısının fikrincə, Dağlıq Qarabağ münaqişəsini yalnız Azərbaycan və Ermənistan tənzimləyə bilər.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev S.Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışladığını söyləyib. Azərbaycan XİN təmsilçisinin məsələyə belə münasibəti yuxarıda qeyd etdiyimiz fikrin təsdiqidir. Əgər münaqişəni Azərbaycan və Ermənistan həll edəcəkdisə, o zaman 25 ildən artıqdır ABŞ, Fransa və Rusiyanın timsalında beynəlxalq vasitəçilər nə işlə məşğul olub?
S.Lavrov Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərindən məmnun qaldıqlarını deyib. Bu, hansı məmnunluqdur? Prezidentlərin Cenevrədə keçirilən sonuncu görüşündən sonra Serj Sarqsyan demişdi: “Münaqişə Dağlıq Qarabağa Azərbaycanın tərkibindən kənarda statusun verilməsindən sonra həll edilə bilər... İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycanın hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bunun üçün hər şeyi edəcəyik”.
Bu isə Minsk qrupu həmsədrlərinin bəyanatında qeyd olunanlarla tam ziddiyyət təşkil edir.  
Həmin vaxt həmsədr dövlətlərdən heç biri, o cümlədən Rusiya S.Sarqsyanın dediklərinə münasibət bildirməmişdi. Hətta S.Lavrov 2016-cı ilin yekununa dair keçirdiyi böyük mətbuat konfransında “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi" sualına belə cavab vermişdi: “Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil”. Bu baxımdan, ötən bir il ərzində işğal altında saxlanılan Azərbaycan torpaqları ilə bağlı nə Rusiyanın, nə başqa həmsədrlərin, nə də Lavrovun mövqeyində dəyişiklik var. Rusiyanın xarisi siysət kursunu həyata keçirən qurumun başçısının dedikləri yeni deyil. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan problemin mərhələli həllinin qurbanı oldu. Buna razılıq verdiyi üçün onu istefaya göndərdilər. O, bir neçə il əvvəl tərəflərin nə vaxt sülh razılaşmasına daha çox yaxın olması haqda sualı belə cavablandırmışdı: “Fikrimcə, bu, 1997-ci ildə idi. Həmin il bu məsələni həll etmək olardı. Yəni müəyyən əraziləri Azərbaycana qaytarmaq, sülh razılaşması imzalayaraq Qarabağa aralıq status vermək və yekun status məsələsini sonraya saxlamaq mümkün idi. Ancaq bu baş tutmadı. Çünki qarabağlılar (Dağlıq Qarabağdakı separatçıları nəzərdə tutur - S.İ.) maksimal yanaşma tələb etdilər. Onlar tələb edirdi ki, bu azdır, bir az da sıxmaq və daha çox şey əldə etmək olar. Təkcə onlar deyil, komandamda da bəziləri bu qənaətdə idi. Onda dedim, bir halda ki, daha yaxşı həll yolunun olduğuna inanırsınız, o zaman buyurun. Mən buna qarşı çıxa bilmərəm, buyurun sınayın, bəlkə alındı”. Ancaq ötən illər ərzində ermənilər və onların havadarları münaqişənin həlli üçün konstruktiv mövqe tutmaq əvəzinə, prosesə yalnız mane olublar. Odur ki, S.Lavrov kimi vasitəçilər və havadarlar “mərhələli həll” adlı köhnə valı zaman-zaman fırladırlar.
Ümumiyyətlə, S.Lavrovun dediklərindən belə qənaətə gəlmək olar ki, cari ildə də Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi nəticə gözləmək sadəlövhlükdür. Rusiya XİN başçısının ötəngünkü məlum bəyanatı isə yada bir atalar sözünü salır: “Bütövü paralama, paranı yaralama, doğra doyunca ye”. Başqa sözlə, vasitəçilər torpaqların işğaldan azad edilməsi ilə bağlı Ermənistana təzyiq göstərmirlər. Belə olan halda Azərbaycan və Ermənistan birbaşa nəyi müzakirə edəcək? Çünki rəsmi Yerevanın işğal faktından əl çəkməsi tələb edilir. Ermənistan buna razılıq verəcəkmi? Əlbəttə, bu, havadarlarının, beynəlxalq vasitəçilərin pərdəarxası razılığından asılıdır. Ötən illərin təcrübəsi göstərir ki, onların buna razılıq verəcəyi ehtimalı çox azdır. Belə bir şəraitdə isə bir çıxış yolu qalır: Azərbaycan torpaqlarını daxili imkanları hesabına işğaldan azad etməlidir.
Əslində, son 25 ildə beynəlxalq vasitəçilərin iştirak etdiyi hansı münaqişəli məsələ həll edilib? Heç biri. Çünki həmin vasitəçilər münaqişələrdən həm də bir-birinə təzyiq vasitəsi kimi istifadə edirlər. Yeri gəlmişkən, yanvarın 18-də xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək. Anjey Kaspişik isə bu il 22-ci dəfə bu vəzifəyə təyin edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/sergey-lavrovun-qarabag-aciqlamasi-merheleli-hell-prinsipi-hele-de-debdedir-serh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR