Elmar Məmmədyarov fransalı həmkarı ilə görüşdü

Elmar Məmmədyarov fransalı həmkarı ilə görüşdü
23:53 16 Yanvar 2018
48 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfəri çərçivəsində həmkarı Jan-İv Lö Drian ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə etdilər və siyasi əlaqələrin daha da dərinləşdirilməsində yüksək səviyyəli səfərlərin vacibliyini vurğuladılar.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxundular. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu haqqında həmkarına məlumat verdi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğuladı. O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə bəyan etdiyi kimi mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğuladı. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllərə toxunan Elmar Məmmədyarov işğal olunmuş ərazilərdə Suriyadan olan ermənilərin yerləşdirilməsi, Azərbaycan xalqının maddi-mədəni irsinin talan və məhv edilməsi və ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda kilsənin tikilməsi kimi faktlara diqqəti çəkdi.

Elmar Məmmədyarov Azərbaycanın münaqişənin mərhələli şəkildə tezliklə həll edilməsi üçün substantiv, intensiv və məntiqi danışıqların tərəfdarı olduğunu bildirdi və bu xüsusda həmsədrlərə birgə səyləri davam etdirəcəyini dedi.

Nazirlər Azərbaycan və Fransa arasında iqtisadi sahədə əməkdaşlığın inkişafını təqdir etdilər və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin daha da artırılmasının önəmini vurğuladılar.

Nazirlər həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsində Azərbaycan-Fransa İqtisadi Komissiyasının rolunu və Komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin iqtisadi əlaqələrə müsbət təsirini qeyd etdilər.

Azərbaycanda Fransanın 50-dən çox şirkətinin fəaliyyət göstərdiyini bildirən Elmar Məmmədyarov Fransanın ölkəmizin neft və qaz sektorunda “Total Fina Elf”, “Total E&P Absheron” və “GDF Suez E&P” şirkətləri ilə təmsil olunduğunu bildirdi. Bu xüsusda, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı enerji və infrastruktur layihələri barəsində məlumat verdi.

E.Məmmədyarov Azərbaycan hökuməti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrıldığını bildirdi və İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsinin Azərbaycanın prioritet sahələrinin sırasında, Fransanın isə bu sahədə aparıcı ölkələrdən biri olduğunu nəzərə alaraq, iki ölkə arasında İKT sahəsində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırdı. O həmçinin Azərbaycanın ilk telekommunikasiya peyki - Azerspace-1 Fransanın “Arianespace” şirkətinin “Ariane-5” raketi ilə 2013-cü ilin fevralında Fransız Qvianasındakı kosmodromdan uğurla orbitə çıxarıldığını xatırlatdı və “Arianespace” şirkəti ilə imzalanmış müqavilə əsasında, Azərbaycanın Azerspace-2 ikinci telekommunikasiya peykinin 2018-ci ilin əvvəlində orbitə çıxarılması gözlənildiyini qeyd etdi.

Görüşdə həmçinin iki ölkə arasında humanitar sahədə əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, eləcə də beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/227958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR