"Düşmən böyük itki verdi"

"Düşmən böyük itki verdi"
13:31 10 Yanvar 2015
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

ANS PRESS-in məlumatına görə, prezident iclasda çıxışı zamanı bildirib ki, ötən il dünyada və bölgədə bir sıra proseslərin getməsinə baxmayaraq, Azərbaycan özünün sürətli inkişaf tempini saxlayıb, xalqımız 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşayıb. İlham Əliyev qeyd edib ki, müstəqillik və inkişaf yolu ilə gedən ölkəmizdə xalqla iqtidar arasında möhkəm birlik var.

"Keçən il ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımızın 3 faiz, qeyri-neft sektoru isə 7 faiz artıb. 2014-cü ildə infilyasiya 1,4 faiz olub, əhalinin pul gəlirləri isə 4,8 faiz artıb".

Prezident qeyd edib ki, bu dövrdə ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub, onun da 16 milyard dolları daxili sərmayələrdir. Manatın məzənnəsi sabitdir, valyuta ehtiyatlarımız isə artaraq 50 milyard dolları keçib.

2014-cü ildə ölkədə 30-dan çox sənaye müəssisinin yaradıldığını, xeyli yeni iş yerlərinin açıldığını deyən Prezident İlham Əliyev bir neçə nəhəng layihənin də icra olunduğunu, Azərbaycanın yer səthini müşahidə edən ikinci peykinin orbitə buraxıldığını bildirib. Düşünülmüş iqtisadiyyatın verdiyi imkanlardan yararlanaraq sosial sahənin inkişafına diqqətin artırıldığını diqqətə çatdıran dövlət başçısı 2014-cü ildə 60-dan çox tibb mərkəzinin, 50-dən artıq məktəbin tikilib istifadəyə verildiyini, ölkə əhalisinin 116 min nəfər artdığını, “ASAN xidmət” in uğurla fəaliyyət göstərdiyini, yarandığı gündən bu quruma 3 milyon 500 min müraciətin daxil olduğunu vurğulayıb.

Prezident İlham Əliyev ötən il Azərbaycanın beynəlxalq əlaqələrinin də uğurlu olduğunu deyib, ölkəmizin ikitərəfli və çoxtərəfli formatda fəal xarici siyasət yürütdüyünü bildirib. “Azərbaycan dünyada böyük hörmətə malikdir”,- deyən dövlət başçısı ölkəmizin regional məsələlərin həllində də mühüm amil olduğunu diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyini bildirən prezident deyib ki, ölkəmizin müsbət imicini korlamaq, beynəlxalq miqyasda Azərbaycana qarayaxma cəhdləri əbəsdir və heç kim ölkəmizlə ultimatum dilində danışa bilməz.

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İlham Əliyev təəssüflə qeyd edib ki, 2014-cü ildə də Ermənistan imitasiya taktikasına üstünlük verib və münaqişənin həlli ilə bağlı heç bir konstruktiv addım atmayıb. Ötən il bir neçə dəfə Ermənistanın açıq təxribatlara əl atdığını deyən dövlət başçısı bu cəhdlərin qarşısının ordumuz tərəfindən uğurla alındığını, düşmənin böyük itki verdiyini bildirib.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2014-cü ildə əldə olunan sosial-iqtisadi nəticələr və qarşıda duran vəzifələr barədə məruzə ediblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=318886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR