Yazıçı Nahid Hacızadə vəfat edib

Yazıçı Nahid Hacızadə vəfat edib
11:52 18 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Yazıçı, ssenarist, kino redaktoru Nahid Hacızadə vəfat edib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi, şair Xəyal Rza "Report"a açılamasında bildirib ki, N.Hacızadə bu gün, yəni yanvarın 18-də 82 yaşında dünyasını dəyişib: "Mərhum bu gün Biləcəri qəbiristanlığında dəfn olunacaq. Nahid Hacızadənin cənazəsi evindən götürüləcək".
Qeyd edək ki, Nahid Rəhim oğlu Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, ömrünün sonun qədər Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru olub.
Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub.
Nahid Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib. Müəllifin "Son qəmin olsun, Vətən!", "Qayalarda qalan səs" və "Yaşa, ey haqq" filmləri Qızıl Fonda daxil edilib.
Bəstəkar Eldar Mansurov Nahid Hacızadənin sözlərinə bəstələdiyi "Qalx, qalx, ulu torpaq!" mahnısı xalq artisti Mübariz Tağıyevin ifasında neçə illərdir səslənməkdədir. Bu mahnı Qarabağ müharibəsinin, müqəddəs torpaqlarımızın hünər və rəşadət himni kimi sevilir.
Uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Redaktorluqdan şirkətin sədr müavini vəzifəsinə qədər yüksəlib. Ömrünün 40 ilə yaxını radio və televiziya ilə bağlı olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/yazici-nahid-hacizade-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR