Yeni Orfoqrafiya layihəsi birmənalı qarşılanmadı

Yeni Orfoqrafiya lüğətinin layihəsi ictimaiyyətə təqdim ediləndən sonra bir sıra müzakirələrə səbəb oldu. "Əsgər", "isgəndər", "alqı-satqı" və bu kimi bəzi sözlərin yazılışının dəyişdirilməsi təklifi cəmiyyətdə birmənalı qarşılanmadı. Dilçilik İnstitutunun Direktoru Möhsün Nağısoylu isə bildirib ki, dəyişikliklərin hər birinin elmi əsası var. Buna baxmayaraq, yeni lüğət hazırlanarkən ictimai rəylər də nəzərə alınacaq. Bəs bu il qəbul imtahanlarında Azərbaycan dili sualları hansı lüğət əsasında hazırlanacaq?

Sözlərin yazılış qaydası dəyişdirilərkən ictimai rəylər də nəzərə alınacaq...

Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib ki, "Dövlət dili haqqında qanun"a əsasən, Orfoqrafiya lüğəti 5 ildən bir yenilənməlidir. Bu, dilə yeni sözlərin daxil olması ilə əlaqədardır. Direktor deyib ki, hər bir sözün dəyişdirilməsi dilçilik elmi ilə tənzimlənir. Hazırlanan son layihədəki bəzi sözlərin yazılışının dəyişdirilməsi də onların tələffüzü ilə bağlıdır.

Ən çox müzakirələrə səbəb olan "Əsgər", "İsgəndər" kimi sözlər isə ərəb dilindən alınmadır. Ərəb dilində də onların hamısı "K" ilə yazılır.

Möhsün Nağısoylu deyir ki, yeni lüğət hazırlanarkən ictimai müzakirələr zamanı səslənən fikirlər və alimlərin rəyləri əsas götürüləcək.

Layihə Dilçilik İnstitutunun internet saytında yerləşdirilib və bu həftə "Elm" qəzetində dərc ediləcək. Fikir və rəyləri bildirmək üçün əlaqə vasitələri də orada qeyd olunacaq.

O ki qaldı, bu il qəbul imtahanlarında Azərbaycan dili ilə bağlı suallarda yeni dəyişikliklərin nəzərə alınıb-alınmaması məsələsinə, Dövlət İmtahan Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, qəbul imtahanları Nazirlər Kabinetinin təyin etdiyi qaydalara əsasən keçirilir. Nazirlər Kabineti tərəfindən hansı sözün yazılışı düzgün hesab edilərsə, imtahan sualları da onun əsasında tərtib ediləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR