"Səbail" Avropa ölkəsi milli komandasının futbolçusunu ala bilər

"Səbail" Avropa ölkəsi milli komandasının futbolçusunu ala bilər
22:02 18 Yanvar 2018
96 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ "Səbail"in baş məşqçisi Samir Əliyev yoxlama oyununda "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
"Report" xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda danışıb:
"Nəticə yaxşıdır. Amma əsas odur ki, futbolçularda istək var. Biz də bunu istəyirdik. Zədəli futbolçularımız çoxdur. Buna baxmayaraq, hamısından razıyam".
Kənardan baxanda bu matç yoldaşlıq oyununa bənzəmirdi. Meydanda istək, əzmkarlıq var idi. Siz bu oyunda əsas heyətin üzvlərinə şans verdiniz. Bu gün meydanda gənc və əvəzedicilərdən futbolçu görmədik.
- Meydanda belə futbolçular çox idi. Asif Mirilini buna misal göstərə bilərik.
Axı onun 26 yaşı var...
- Əvəzedicidə olub. Bizim komandada bu gün Kamran Əliyev meydana daxil oldu. Veteran futbolçu Ruslan Əmircanova şans verdik. Bu gün 17 futbolçu var. Kim var idi hamısına şans verdik.
Sanki komanda daha canlı görsənirdi. "Səbail” daha inamlı təsir bağışlayırdı. Futbolçular qol vuranda da rəsmi oyundakı kimi sevindi...
- "Səbail” "Sumqayıt”ı məğlub edib. Sevinməlidir. Normal bir haldır. Bizdən öndə olan komandaya qol vurduq, qalib gəldik. Əlbəttə sevinməliydik.
Gürcü futbolçu ilə bağlı qərarınız nə oldu?
- Onunla bağlı qərarı sabah rəhbərliklə birlikdə fikirləşəcəyik.
Əmircanovla müqavilə imzalanacaq? Yaydan komandadadır.
- Bu transfer rəsmiləşəcək. Yaya kimi bizimlə olacaq. Ruslan Əmircanovu kritik vəziyyətlər üçün heyətə cəlb etdik. Bizə təcrübəli futbolçu lazımdır. Eltun Yaqublu zədəlidir. Bu gün o meydanda yox idi. Kamal onun yerində oynayırdı. Kamala da nəsə ola bilər. Cinah müdafiəçisi kimi onun təcrübəsinə güvəndim. Bir də məşqçinin sağ əli kimi ona etibar edirəm. Komandanın içindəki atmosferi qorumaq lazımdır. O, ikinci gəncliyini yaşayır. Biz də ona şans veririk ki, özünü göstərsin.
İki gündən sonra Türkiyə toplanışına start verəcəksiniz. Bu toplanışla bağlı fikirlənirinizi bilmək istərdik. Fasilə vaxtı çox əcnəbi futbolçu ilə yolları ayırdınız. Komandada hansı mövqelərə futbolçu fikirləşirsiniz?
- Bir futbolçu ayın 21-i bizə qoşulacaq. Adlarını açıqlamaq istəmirəm. Komandaya yarımmüdafiəçi cəlb olunacaq. 24-ü isə hücumçu gələcək. Dayaq yarımmüdafiəçisi də alacağıq. Biz istəyirik ki, həmin mövqedə də rəqabət olsun. Mado bu gün komandada yoxdur. O tam hazır deyil.
Adlarını çəkməsəniz də hansı ölkələrdən alacaqsınız?
- Biri Avropada milli komandanın futbolçusudur. Hücumçu isə böyük ehtimalla Afrikadan olacaq.
Futbolçuları siz bəyənib dəvət edirsiniz, yoxsa menecerlər tapırlar?
- Təklif edirlər, biz də baxırıq. Büdcəmizə uyğundursa, bizi qane edirsə, razılaşırıq.
"Səbail”in bəlli büdcəsi var. Böyük büdcəsi yoxdur...
- Hamı futbolçu təklif edir. Qərarı isə biz veririk.
Bəlkə futbolçu elə bir məbləğ istədi ki, o sizi qane etmədi?
- Biz axtaranda məbləği də deyirik. 2500-3000 arası...
3000-lik əcnəbi komandaya fayda verər?
- 1000 manatlıq Setsxladze bizim komandada oynayır. Oyunundan razıyam. Axtarıb tapmışıq.
Avropadan gələn futbolçu 3000-ə razılaşar?
- Gürcü futbolçu bizdə 1000 manata oynayır. Başqa klublarda bir çox futbolçular var ki, onlardan faydalıdır. Bəzən yaxşı futbolçular olur. Bizi qane etməyənləri göndərdik. Klub formalaşdırmaq üçün zamana ehtiyac var.
Sizin fikrinizcə Antaliyaya getməyə ehtiyac var idi? Komandanın hədəfi yoxdur...
- Bizim klubun niyə hədəfi yoxdur? Gələn il üçün komanda yaratmaq istəyirik. Bunun üçün də lazımdır.
O məbləğə yaxşı futbolçular almaq olardı...
- Bizdə yetərincə yaxşı futbolçular var.
Türkiyədəki rəqibləri menecerlər təklif etdi?
- Biz istəyirik ki, bizə uyğun rəqiblər olsun. Ukrayna, Serbiya, Bolqarıstan və Slovakiyanın güclülər dəstəsində çıxış edən klublarla oynayacağıq. "Səbail”ə baxanda onlar üstün komandalardır.
Bakıda keçirdiyiniz 3 yoxlama matçından hansı sizi qane etdi?
- Bugünkü oyunu deyərdim. Səhvlər çox olsa da rəqib güclü idi. "Keşlə”ni udmaq, "Qarabağ”dan xal almaq bu özü bir hədəfdir. Təlim-məşq toplanışı klublara mütləq lazımdır. Biz ora istirahətə getmirik. Oyunlara görə gedirik.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sebail-avropa-olkesi-milli-komandasinin-futbolcusunu-ala-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR