Missiya sui-qəsddən xilas olan generala verildi - Əməliyyat planının DETALLARI

Missiya sui-qəsddən xilas olan generala verildi - Əməliyyat planının DETALLARI
13:58 19 Yanvar 2018
85 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirəcəyi əməliyyatın planı artıq hazırdır.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, əməliyyata 2-ci ordu komandiri general İsmail Mətin Təməl başçılıq edəcək.

Türkiyənin müxtəlif bölgələrindən gətirilən və çoxu xüsusi təlim alan hərbçilərdən ibarət təxminən iki briqada böyüklüyündə hərbi güc əməliyyatda iştirak edəcək. “Fərat Qalxanı” bölgəsində İŞİD terror təşkilatına qarşı “süpürmə” taktikası tətbiq edən Türkiyə ordusu Afrində PKK/ PYD-yə qarşı “mühasirə əməliyyatı” taktikasını həyata keçirəcək. Terrorçular bütün istiqamətlərdən mühasirəyə alınacaq, xüsusilə, Tel Rifat və Minnig hava limanları ərazisindən terror təşkilatına edilən lojistik dəstək tamamilə kəsiləcək.

Afrin əməliyyatı coğrafi şərtlər baxımından da İŞİD-dən alınan Əl-Babdan fərqli olacaq. “Fərat Qalxanı” əməliyyatında bölgədə əlverişli coğrafi şəraitlə əlaqədar ağır zirehli texnikadan istifadə olunmuşdu. Lakin Afrində qayalıqlar və sıx meşələr olduğu üçün əməliyyatın havadan edilən dəstəklə həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, əməliyyatda daha çox komando, xüsusi təyinatlılar və piyada birlikləri iştirak edəcək.

Hatayın Afrinlə sərhədində - Afrinin şimalındakı Hassa bölgəsində PKK-çıların olduğu Amanos dağında xüsusi təyinatlılardan istifadə olunacaq. Terrorçuların Amanos dağından Türkiyəyə qaçmalarının qarşısı alınacaq.

Türkiyə Silahlı qüvvələri tərəfindən hazırlanan Azad Suriya Ordusunun təxminən 5 min döyüşçüsü əməliyyata qatılacaq.

Qeyd edək ki, əməliyyata başçılıq edəcək İsmayıl Mətin Təməl 2016-cı il 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı istintaq çərçivəsində həbs olunan 2-ci ordu komandiri general Adəm Hudutinin yerinə təyin edilib. Məlumata görə, qiyamçılar Təmələ sui-qəsd etməyi planlaşdırmışdılar. Silopi xüsusi təyinatlılar bazasına helikopterlə gələn 8 nəfərlik sui-qəsd qrupu bazada generalın tərəfdarları tərəfindən qarşılanır. Sui-qəsd planının baş tutmayacağını görən qiyamçılar geri qayıtmağa məcbur olurlar.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR