Dövlət Miqrasiya Xidmətində "20 Yanvar Azərbaycan xalqının birlik, fəxr və şərəf günüdür” mövzusunda tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində "20 Yanvar Azərbaycan xalqının birlik, fəxr və şərəf günüdür” mövzusunda tədbir keçirilib
17:57 19 Yanvar 2018
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətində (DMX) “20 Yanvar Azərbaycan xalqının birlik, fəxr və şərəf günüdür” mövzusnda tədbir keçirilib.
DMX-nın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbiri Xidmət rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev bildirib ki, 28 il əvvəl 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlarda qalacaq: "Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi".
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib ki, Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz edib, nəsildən-nəslə qan yaddaşı və genlərlə ötürülüb: "Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o, eyni vaxtda, həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. 20 Yanvar faciəsinə aparan yol, əsasən, 2 amillə şərtlənmişdir: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin ermənipərəst siyasəti;Azərbaycan rəhbərliyinin qətiyyətsiz və antimilli siyasəti, Azərbaycan Xalq Cəbhəsinin timsalında müxalifətin təxribatçı addımları".
Bakıya yeridilən qoşun hissələrinin qəddarlığından söhbət açan millət vəkili SSRİ rəhbərliyinin törətdiyi 20 Yanvar faciəsinə beynəlxalq birliyin, konkret olaraq ABŞ-ın laqeyid münasibətindən bəhs edib: "20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapıb. Yanvarın 21-də - faciənin ertəsi günü Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, Mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi".


Tədbirdə qeyd olunub ki, Azərbaycan xalqının qanına əli batmış cinayətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar. Azərbaycanın bütün istiqamətlər üzrə güclənməsi, beynəlxalq mövqelərinin möhkəmlənməsi, dünyada etibarlı tərəfdaşa çevrilməsi, ən başlıcası isə ölkəmizdə siyasi sabitliyin olması və xalqın Prezident İlham Əliyevin ətrafında monolit birlik nümayiş etdirməsi həm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, həm də bu problemin birbaşa nəticəsi olan 20 Yanvar faciəsinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsini təmin edəcək.
Sonda “Hüznlü ana” sənədli filmi nümayiş olunub. 
Qeyd edək ki, DMX-nın qəbul zalında 20 Yanvar hadisələrindən bəhs edən foto və kitab sərgisi təşkil edilib, monitorlarda faciə haqqında videomaterilların yayımı təmin olunub.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/dovlet-miqrasiya-xidmetinde-20-yanvar-azerbaycan-xalqinin-birlik-fexr-ve-seref-gunudur-movzusunda-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR