Əfqanıstan Azərbaycanın tranzit imkanlarından yararlanmaq niyyətindədir

Əfqanıstan Azərbaycanın tranzit imkanlarından yararlanmaq niyyətindədir
18:57 19 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Azərbaycanda səfərdə olan Əfqanıstanın maliyyə nazirinin müavini Nəcibullah Vərdəkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Görüşdə Azərbaycan-Əfqanıstan əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.
A.Əliyev iki ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.
Kömitə sədri iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, 2013-cü ildə DGK-nın nümayəndə heyətinin Əfqanıstana səfərini xatırlayıb, keçirilən görüşlərin, müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb, eləcə də Azərbaycan tərəfinin gömrük işi sahəsində istər informasiya texnologiyaları, qaçaqmalçılıqla mübarizə, istərsə də kadr potensialının gücləndirilməsi ilə bağlı və s. sahələrdə yardımını əfqanlı həmkarlarına bundan sonra da əsirgəməyəcəyini vurğulayıb.
Ölkəsinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən N.Vərdək iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Əfqanıstan gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
N.Vərdək ölkələr arasında əməkdaşlığın, o cümlədən iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu qeyd edib, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Əfqanıstan Gömrük Xidmətinə göstərilən yardımlara görə təşəkkürünü də ifadə edən qonaq Əfqanıstan tərəfinin Azərbaycan gömrüyündə həyata keçirilən yeniliklərdən faydalanmaq və tətbiq etmək, eləcə də kadr potensialının gücləndirilməsi işində azərbaycanlı gömrük mütəxəssislərinin köməyindən yararlanmaq niyyətində olduğunu diqqətə çatdırıb.
N.Vərdək Əfqanıstan tərəfinin Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etmək arzusunda olduğunu diqqətə çatdırıb.
Görüş başa çatdıqdan sonra qonaqlar Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və “Hədəf” Mərkəzi ilə tanış olublar.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/efqanistan-azerbaycanin-tranzit-imkanlarindan-yararlanmaq-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR