Azərbaycanda 148 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Azərbaycanda 148 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
11:07 22 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 20-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.
“Report” Komitəyə istinadən xəbər verir ki, hərraca 25-i səhmdar cəmiyyəti, 71-i kiçik dövlət müəssisə və obyekti, 52-i istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla 148 dövlət əmlakı çıxarılıb.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr - “Salyan Broyler”, “Qax Taxıl”, “Zərdab Aqrotexservis”, “Bərəkət”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Cəlilabad Məişət” və s. var. Onların investorlara təklif olunan səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Belə əmlaklar arasında ilkin start qiyməti ən çox olanı “Salyan Broyler” ASC-dir. Bu müəssisənin səhmlərinin 30%-nin qiyməti 170 min manata yaxındır.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Yevlax, İsmayıllı, Sabirabad, Yevlax, Zərdab, Şirvan, Xızı və digər bölgələrdə yerləşir. Onların ümumi faydalı sahəsi 19 - 4 386 kv.m arasında dəyişir.
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Ağcabədi, Astara, Salyan, Şəki və digər şəhər və rayonlarında yerləşir. Özəlləşdirilməyə çıxarılan müəssisələr sırasında İsmayıllıdakı Təmir Tikinti Sahəsi, Balakəndəki Əmlak kompleksi kimi iri dövlət əmlakları var.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Mingəçevirdə yerləşən Quşçuluq yardımçı təsərrüfatını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün yeyinti sənayesində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 4 386 kv.m, torpaq sahəsi isə 44 min kv.m-dir. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.
Şəki istirahət zonası isə investorlar üçün turizm sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 372 kv.m, torpaq sahəsi isə 10 min kv.m-dir.
Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 37-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 10 kv.m ilə 547 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.
Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3418

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-148-dovlet-emlaki-ozellesdirmeye-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR