Ərdoğan: “O raketlər Avropa və ABŞ-ın şəhərlərini vuracaq”

Ərdoğan: “O raketlər Avropa və ABŞ-ın şəhərlərini vuracaq”
16:48 22 Yanvar 2018
166 Dünya
Ölkə mətbuatı
A- A+

“Biz bu işə sadiqik. Afrində bir addım geri atılmayacaq. Bunu rusiyalı dostlarımızla da, digər koalisiya gücləri ilə də danışdıq. ABŞ-ı razı sala bilmədik”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

ABŞ-ın Suriyanın şimalına 5 min TIR silah-sursat gətirdiyini deyən prezident onların terror təşkilatlarına paylaşıldığını bildirib.

“Biz bunlardan pulla silah istədik, vermədilər. O silahları terror təşkilatlarına pulsuz verdilər. Heç şübhələri olmasın, o silahlar sabah onları göndərən ölkələrə də çevriləcək. Dünən Reyhanlını hədəf alan raketlərin sabah Avropa və ABŞ-ın hansı şəhərlərini hədəf alacağı bəlli olmaz. Bu gün Suriyanın şimalında Amerikanın təxminən 20 bazası var. Bütün bunları xalqım bilməlidir. İndiyə qədər dürüstlük görmədik və biz də Rusiya ilə müzakirələr çərçivəsində yolumuza davam edirik”, - o vurğulayıb.

Türkiyənin kimsənin torpaqlarında gözü olmadığını qeyd edən Türkiyə prezidentinin sözlərinə görə, Suriya torpaqlarının bir hissəsində bölgə xalqlarının tarixi gerçəkləri ilə heç bir əlaqəsi olmayan bir sistemin qurulmasına çalışırlar. O, bunun eyni zamanda Suriya, İraq və İran üçün də həyati təhlükə olduğunu deyib.

Afrində keçirilən əməliyyatın müddətinə gəlincə, Ərdoğan əməliyyatın hədəflərinə çatandan sonra başa çatacağını bildirib:

“Amerika “müddət bəlli olmalı, çox uzun olmamalıdır” deyir. Müharibə riyazi bir hadisə deyil ki, belə bir şey soruşasan. İş nə zaman bitərsə, əməliyyat da o zaman bitəcək. Biz orada qalmaqda maraqlı deyilik”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR