“Hepatitə görə çox ailələr dağılıb”

Hazırda ölkədə nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir. Lakin hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsi təklif edilir.

Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədri Murad Məmmədov açıqlamasında bildirib ki, ailə qurmaq istəyən şəxslərin hepatitlərə görə analiz verməsi infeksiyaya yoluxmuş şəxslərin sayını müəyyənləşdirməyə imkan verəcək.

“Amma bunun nə qədər məqsədəuyğun olması barədə bir söz deməyəcəm. Hepatit C elə də böyük problemli xəstəlik deyil, müalicə metodları var. Hepatit B üçün isə analiz məqsədəuyğundur. Hepatit C adətən cinsi yolla keçmir, çox nadir hallarda olur. Hepatit B isə keçə bilər”.

M.Məmmədov təcrübəsində hepatit infeksiyasına yoluxmaya görə, çox ailənin dağıldığının şahidi olduğunu deyib.

“Analizin nəticəsi ailə qurmaq istəyən şəxslərin fikirlərində dəyişiklik yarada bilər. Hepatitlərə görə çox ailələr dağılıb. Nişanlı adamlar münasibətlərini pozub. Ər-arvad problemin dərinliyini, müalicəsini bilmədən boşanıblar. Bu problemin ictimai aspektləri var. Tibbi nöqteyi-nəzərdən təklif yaxşıdır, nə qədər şəxsin hepatitə yoluxması bilinəcək. Lakin ictimai nöqteyi-nəzərdən necə olacağını deməkdə çətinlik çəkirəm”.

M.Məmmədov Azərbaycanda hepatit B və C-yə yoluxmuş insanların sayının o qədər də çox olmadığını vurğulayıb: “Azərbaycanda Hepatit B və C-yə yoluxanların sayı bir çox ölkələrdən qat-qat aşağıdır. 18-60 yaş qrupunda olan insanlar arasında hepatitlərə yoluxmuşların sayı təxminən 2 faizdən aşağıdır”.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib. Deputat hesab edir ki, ailə həyatı quran şəxslərdə hepatit virusunun olub-olmaması müəyyən edilməlidir. //Azvision


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR