Bakıda Beynəlxalq Holokostu Anma Gününə həsr olunmuş sərgi açılıb

Bakıda Beynəlxalq Holokostu Anma Gününə həsr olunmuş sərgi açılıb
12:47 23 Yanvar 2018
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakıda ADA Universitetində “Vəzifədən kənar: Millətlər arasında ədalətli sayılan diplomatlar” (“Beyond Duty: Diplomats Recognized as Righteous Among the Nations”) adlı sərginin açılışı olub.
"Report" xəbər verir ki, ekspozisiya Beynəlxalq Holokostu Anma Gününə həsr olunmuş tədbirlər çərçivəsində təqdim olunub.
İyirmi doqquz posterdən ibarət sərgi Avropada yəhudilərin həyatlarını xilas edən dünyanın müxtəlif ölkələrindən olan 10 diplomatdan bəhs edir.
Açılış mərasimində İsrailin Azərbaycandaki missiyası rəhbərinin müavini Avital Rosenberq sərginin həsr olunduğu insanların vəzifə hüdudlarından çıxmalarına baxmayaraq, etməli olduqları işi gördüklərini vurğulayıb. Onun sözlərinə görə, bu münasibətlə Qüdsdə günahsız insanları xilas edən 44 diplomatın xatirəsinə memorial açılacaq.
BMT-nin İctimai informasiya departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynov öz növbəsində qeyd edib ki, Holokost işıqlandırılması vacib olan ümumdünyada problemidir: "Diplomatlar insanları xilas etmək üçün həyatlarını, karyeralarını təhlükə altına atıblar və onların bu hərəkətləri gələcək diplomatlar üçün əla nümunə ola bilər."
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə sərginin tələbələr üçün faydalı olacağına ümid etdiyini deyib.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Bakıda “Holokostun anımı və öyrənilməsi: birgə məsuliyyətimiz” (“Holocaust remembrance and education: our shared responsibility”) şüarı altında bir sıra məlumatlandırıcı tədbirlər keçirilir.
BMT-nin Azərbaycandakı nümayəndəliyi və İsrailin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərin əsas məqsədi Holokostun miqyasını vurğulamaq və gələcək nəsillərin irqçilik, şiddət və antisemitizmin bütün növlərini qəti şəkildə rədd etmələri üçün faciə barədə məlumat yaymaqdır.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bakida-beynelxalq-holokostu-anma-gunune-hesr-olunmus-sergi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR