Türkiyənin Afrində həyata keçirdiyi uğurlu anti-terror
əməliyyatının dalğasının Dağlıq Qarabağa da çatacağı ehtimalı
Ermənistanı qorxuya salıb.
Publika.az xəbər verir ki, Ermənistan milli elmlər
akademiyasının şərqşünaslıq institutunun direktoru, politoloq Ruben
Safrastyan Afrin əməliyyatının İrəvan üçün təhlükəli nəticələrə
səbəb ola biləcəyini hesab edir.
Onun sözlərinə görə, Türkiyənin güclü iradə ilə atdığı addımlar
təkcə Yaxın Şərq regionu üçün yox, qonşu ölkələr, xüsusilə
Ermənistan üçün yaxşı gələcək vəd etmir: “Bizim üçün baş verənlər
kontekstində Qarabağda hadisələrin necə inkişaf edəcəyi
əhəmiyyətlidir. Suriyadakı münaqişəni Qarabağ münaqişəsi ilə düz
xətt üzrə əlaqəsi yoxdur. Lakin ortada Türkiyənin gücü və bu gün
ortaya qoyduğu iradə var. Bu baxımdan, hadisələrin Cənubi Qafqaza
qədər gəlib çıxa biləcəyi ehtimalı mövcuddur”.
Erməni politoloq arzu edir ki, Türkiyə Suriyada məğlub olsun.
“Əgər Türkiyə qalib gələrsə, bu, Dağlıq Qarabağda vəziyyətin
Ermənistanın əleyhinə dəyişəcəyi ilə nəticələnəcək. Çünki bölgədə
güclənən Türkiyə Azərbaycanla birləşərək, Qarabağ məsələsinin
tezliklə həllini tələb edəcək. Nəzərə almalıyıq ki, bu gün
Azərbaycan özlüyündə güclüdür. Lakin Türkiyənin güclənməsi
Rusiyanın və digər böyük ölkələrin də Ermənistanın əksinə olan
cəbhədə yer almasına səbəb ola bilər. Biz o təhlükəni istisna
etməməliyik ki, Bakı və Ankara Qarabağda “ildırımsürətli”
əməliyyata əl atacaqlar”, - deyə o bildirib.
Asif