Azərbaycanda özəl sektora dəstək siyasəti

Azərbaycanda özəl sektora dəstək siyasəti davam etdiriləcək.

Metbuat.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın sahibkarlığa xüsusi dəstək fondu var və onun vasitəsilə son on illik ərzində özəl sektora təxminən 2 milyard dollar ayrılıb:

"Bu vəsait özəl sektora çox güzəştli qaydada yönəldilib - aşağı faiz dərəcələri və dövlət dəstəyi ilə. Xüsusilə regional inkişafa diqqət yetiririk. Biz hazırda kiçik sahibkarlara şərait yaratmağa imkan verəcək üçüncü regional inkişaf proqramını həyata keçiririk".

Prezident bildirib ki, son 15 il ərzində ölkədə 12 min kilometr uzunluğunda, o cümlədən xidmətlərə çıxışı asanlaşdıran, eləcə də fermerlərə bazarlara öz məhsullarını çatdırmağa imkan verən kənd yolları yol çəkilib:

"Qaz təchizatının səviyyəsi Azərbaycanda 93 faiz təşkil edir. Dağlıq əraziləri nəzərə alaraq, düşünürəm ki, bu, çox yüksək göstəricidir. Azərbaycan elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, bizdə əlavə həcmlər, əlavə mənbələr yaranıb. Dövlət hər il təxminən 100 min hektar torpağın suvarılmasını təmin edir. Bundan başqa, bizim fermerlər torpaq vergisi istisna olmaqla, heç bir vergi ödəmirlər və gübrənin dəyərinin yalnız 30 faizini və yanacağın dəyərinin 50 faizini ödəyirlər. Bu, biznesə mühüm dövlət dəstəyidir. Biz son 15 il ərzində 230 milyard dollar investisiya cəlb etmişik, onların yarısı xarici investisiyalar, yarısı isə yerlidir. Bütün bunlar özəl sektorun inkişafına şərait yaradıb. Özəl sektora dəstək siyasəti davam edəcək. Bizim ÜDM-də kiçik biznesin səviyyəsi hələ də aşağıdır, ona görə də yaxın illərdə əsas vəzifəmiz onların yeni iş yerləri və daha çox gəlir etməsi üçün əlavə şərait yaratmaqdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR