İlham Əliyev: "Əhalinin mütləq əksəriyyəti internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır"

İlham Əliyev: "Əhalinin mütləq əksəriyyəti internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır"
00:12 24 Yanvar 2018
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ "Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyəti internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır".
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında aparıcının suallarını cavablandırarkən deyib.
Aparıcı: Prezident Əliyev. Gəlin, siyasi fəallıq və insan hüquqları ilə bağlı Avropa normasından danışaq. Bir çoxları hesab edir ki, bu, yalnız fərdlərin şəxsi inkişafına deyil, ümumi iqtisadi inkişafa da təsir edir. Yəni, bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Azərbaycanda bu sahədə vəziyyət necədir? Sizin ölkə mətbuat azadlığı ilə bağlı tənqid olunur.
Prezident İlham Əliyev: Hesab edirəm ki, bu tənqidin əsası yoxdur. Məsələnin mahiyyətinə baxdıqda məlum olur ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır.
Aparıcı: O zaman necə olur ki, Azərbaycan mətbuat azadlığına görə dünyada 162-cı yerdədir?
Prezident İlham Əliyev: Bunun siyasi səbəbləri var. Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Bir daha qeyd edirəm ki, Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur və dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirib. Bu təsnifat olduqca qərəzli yanaşma üzərində qurulub. Hərdən bu yanaşma bədxah olur. Bunlar Qərbdə müəyyən siyasi mərkəzlərin fəaliyyətinin məhsuludur.
Aparıcı: Daha konkret ünvanlar açıqlaya bilərsinizmi, bu, haradan qaynaqlanır?
Prezident İlham Əliyev: Bu haqda daha konkret danışmaq istəməzdim, bunun haradan qaynaqlanması bəllidir. Ancaq bu nədən belədir? Bunun isə sadə səbəbi var - Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risklər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər.
Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbələrindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Bəzi QHT-lərin belə reytinqləri ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır. Bu isə qətiyyən belə deyil.
Bu gün biz həm siyasi, həm iqtisadi inkişafdan bəhs edirik. Bunlar ayrılmazdır. Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülürsə, bu, ölkədə azadlıqların təmin olunmasının yaxşı göstəricisidir. Davos Forumu bu yaxınlarda siyasətçilərə inamla bağlı yeni bir hesabat yayıb və Azərbaycan orada 20-ci yerdədir. İnkişaf etməkdə olan dövlətlərdə hərtərəfli inkişafa dair digər bir hesabatda Azərbaycan 3-cü yerdədir. Yəni, bəzi QHT-lərin təqdim etməyə çalışdıqları məlumatlar doğru olsaydı, biz bu uğurlara nail ola bilməzdik. Biz məsələnin mahiyyətinə və real vəziyyətə baxmalı, Azərbaycanla bağlı müəyyən gözləntiləri və siyasi motivləri reallıqdan ayrı tutmalıyıq.

Xəbərin orijinal ünvanı: https://report.az/media/i-lham-eliyev-ehalinin-mutleq-ekseriyyeti-internet-istifadecisi-oldugu-halda-metbuat-azadliginin-mehdudlasdirilmasi-haqqinda-danismaq-esassizdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR