Bakı. 24 yanvar. REPORT.AZ/ Afrində terrorçu YPG qruplaşmasının tərkibində Britaniya vətəndaşları da var.
“Report” "Hurriyet"ə istinadən xəbər verir ki, İngiltərədə çıxan “Times” qəzeti bu barədə məlumat yayıb.
Qəzetin yazdığına əsasən, terrorçu qruplaşmanın sırasında Britaniya vətəndaşları ilə yanaşı, ABŞ və Almaniya əsilli terrorçular da var.
Terrorçuların arasında Britaniya vətəndaşlarının döyüşməsi xəbəri Krallığı çətin vəziyyətə salıb.
“Reuters”in məlumatına görə, Afrində ABŞ, Almaniya və Britaniyanın xeyli vətəndaşı YPG terrorçu qruplaşmasının sıralarındadır.
“Qərb dövlətlərinin yüzlərlə vətəndaşı İŞİD-ə qarşı savaşmaq adı altında Suriyaya gedərək YPG-yə qoşulublar. Qərb dövlətləri bunun qarşısını almağa çalışıblar. Ancaq YPG Britaniya hakimiyyəti tərəfindən terror qruplaşması olaraq tanınmır. Ona görə də YPG üzvləri Krallığa qayıtdıqdan sonra onların mühakimə olunmasında çətinlik yaranıb. Vətəndaşlarının NATO-da müttəfiqi olan Türkiyəyə qarşı çıxması Britaniya hökuməti üçün mövcud vəziyyətdə qarışıqlıq yaradıb”, - “Times” vurğulayıb.
Qəzet yazıb ki, Çin əsilli İngiltərə vətəndaşı Huang Le Afrinə getmək üçün yola çıxdığını bildirir. Terrorçular Bəşşar Əsədə bağlı Suriya ordusunun nəzarəti altında olan bölgələrdən keçərək Afrinə yetişirlər.