Gün keçdi

Gün keçdi
16:14 10 Yanvar 2015
257 Sosial
Ölkə mətbuatı
A- A+

20 yanvardan indi şəkillər qalıb. Tank şəkli, əzilmiş maşınlar, adamlar, əlləri göyə açılan analar, qərənfillər... Amma sinəmizdə ağrı soyumur. Göynəyir, ovulur və deşilir... Hətta 20 yanvarın bu il 25 yaşı tamam olsa belə... Lap cavan oğlandı 20 yanvar.

 

Şəhidlər cavandı hələ, qəbirləri qədimləşir, şəkilləri uşaq təbəssümü ilə arxamızca baxır, bizi çağırmaq istəyir, bizimlə  gəlmək istəyir, gələ bilmir, sanki demək istəyir  ki, bizim qanımız yoxdur, biz ayağa dura bilmirik, gedin  Şuşamızda, Xocalımızda qanımız yerdə qalıb gedin onu yerdən götürün.

 

Avropaya meyit şəkilləri daşıdıq, şəkilli kitablar həsr elədik, qan şəkli çəkdik, “Qan” poeması yazdıq, amma o qanı yerdən götürə bilmədik, şəhidlərimiz məzarlarında qansız yatır.

 

Mən hələ də bu düşüncədəyəm ki, insan heç vaxt ölmür, gedib məzarda yaşayır, fikirləşir, düşünür və  nə qədər illər keçsə də, kimisə və nəyisə gözləyir. Mən insanın məzarda “sağ” qalmasına heç cürə dözə bilmirəm. Çox çətindi məzarda “sağ” qalmaq.

 

Şəhidlər Xiyabanına baxıram. Kimlər gəlib keçməyib buralardan. Prezidentlər, xarici ölkə səfirləri, beynəlxalq təşkilatlar, nazirlər, yazıçılar, sadə zəhmət adamları və Orxan Pamuk. Orxan  Pamuku ayrı  yazmağı lazım bildim, çünki bu yazı halımda təfəkkürümdən o cür də gəldi. Azərbaycan Yazıçılarının 11-ci  qurultayında Orxan Pamuk Bakıya gəlmişdi. Şəhidlər Xiyabanında olduq, görüşdük, danışdıq...

 

Lap uşaqlıqdan məzarlığı çox sevirəm. Qəribədir, hər kəndin yanında öz qonşu məzarlığı var, adamlar get-gedə kənddən məzarlığa köçür, “yaşamağa”. O böyük Allah hər ikisinə  böyümək, yaşamaq haqqı verib. Hər məzarlıqda şəhid qəbirləri var və ya hər kəndin ayrıca şəhid qəbiristanlığı var. Qəribədir, bu qəbirlər həmişə təzədir, şəkillərdəki baxışlar yorğun və ümidsiz deyil. Yadıma mərhum şairimiz Vaqif İbrahimin aşağıdakı misraları düşür.

 

Qəbiristanlığa sual verilib:

- Kim yaşamaq istəyir?

Hamı əlini qaldırıb.

 

Belə də bənzətmək olar, qəbir bir cümlədir, başdaşı nida. Əvvəllər bura babalar,  nənələr gəlib, atalar, analar gəlib, indi onlar da həyatda yoxdur, amma yenə də şəhid məzarları nəyisə və kimisə və ya yeni bir xəbər eşitmək istəyi ilə elə bil dabanı üstə dayanıblar.

 

Mənə elə gəlir ki, bütün şəhidlər aşiqlərdir.

 

Müharibədə ən çox sevənlər ölür, dostum. Bilirsənmi niyə? Qoy deyim, ilana gülləni lap gözünü yum at, yenə onun başından dəyir, çünki ilan o qədər cəlddi ki, gülləni tutur. Sevənlər də belədir, əslində güllə ilə sevgi eyni şeydir. Bir - birini asanlıqla tutur, əziz dostum, bunu həmişəlik yadda saxla!

 

Vətəni sevmək dərs deyil, əzbərləyəsən, mənim dostum, vətəni sevmək elmdi. Bax, gör sənə tuş gələn gülləni necə aldada bilirsən, yerini dəyiş, qurbanın olum, bacarsan, bir addım irəli yıxıl.

 

Şuşanı itirdiyimiz gün atam bizi inandırdı ki, bu gecə bizimkilər Şuşanı geri alacaqlar. Atam izah edirdi ki, ermənilər Şuşanı almaqla sübut etdilər ki, artıq işğalçıdırlar. Bizə də bu lazım idi. İndi Azərbaycan bu nüansdan istifadə edib bütün torpaqlarını azad edəcək. Biz onda atama elə inanırdıq ki...

 

İndi atam da həyatda yox...

 

Şəhidlərin eşqi ilə Bəxtiyar Vahabzadə də yana-yana getdi, Məmməd Araz da...

 

O günü televizorda baxıram, Qorbaçov da qocalıb, hətta Vəzirov da...

 

Gün keçdi, ay aman!


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189954

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR