Azərbaycan vətəndaşları üçün mühüm olan Vergi Məcəlləsinə dəyişikliklər təsdiqləndi

Azərbaycan vətəndaşları üçün mühüm olan Vergi Məcəlləsinə dəyişikliklər təsdiqləndi
18:53 10 Yanvar 2015
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib.

Trend-in məlumatına görə, Prezident, həmçinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunub ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar dövlət qeydiyyatı, həmçinin avtonəqliyyat vasitələrinə dövlət texniki baxışı zamanı aidiyyəti dövlət orqanlarının yol vergisinin ödənilməsi barədə sənədi tələb etməsinin həmin Qanun qüvvəyə mindiyi gündən dayandırılmasını təmin etməlidir.

Aidiyyəti dövlət orqanları ilə birlikdə, bu Qanunla təsdiq edilmiş yeni vergi dərəcələrinə uyğun olaraq, 2015-ci il dövlət büdcəsinin gəlirlərinin artırılması üçün zəruri tədbirlər görülməli və hər rüb dövlət büdcəsinə vergi növləri üzrə əlavə daxilolmaların vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Vergilər Nazirliyi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 212.3-cü maddəsinə uyğun olaraq, bir ay müddətində yol vergisi bəyannaməsinin formasını müəyyənləşdirsin.

Qeyd edək ki, qanuna əsasən, yol vergisi ödəyiciləri siyahısına Azərbaycan ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazının istehsalı və ya idxalı ilə məşğul olan şəxslər daxil ediliblər.

Qanunda deyilir: "Azərbaycan ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələri, habelə Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir".

Sənədə əsasən, Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz vergisi daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır: "Bundan başqa idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi isə Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilib, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz vergisi daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır".

Qanunda deyilir ki, Azərbaycanda istehsal edilən neft məhsullarından yol vergisinin hesablanması və ödənişinə nəzarəti vergi orqanları, idxal edilən məhsullara görə verginin hesablanmasını isə gömrük orqanları həyata keçirəcək.

Müvafiq olaraq, aşağıdakı iki maddə ləğv edilir. Birinci maddəyə əsasən, illik yol vergisinin ödənildiyini təsdiq edən sənədlər təqdim edilmədikdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtonəqliyyat vasitələrinin qeydiyyatı, yenidən qeydiyyatı və texniki baxışı həyata keçirilmir. Digər maddəyə əsasən, Azərbaycanda mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxışdan keçən zaman dövlət büdcəsinə ödəyirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2351841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR