Yavuz Sultan Səlim və şair Vəhbi

Yavuz Sultan Səlim və şair Vəhbi
19:05 10 Yanvar 2015
218 Sosial
Ölkə mətbuatı
A- A+

Osmanlı padşahı Sultan Səlimin ən çox hörmət elədiyi söz adamı saray şairi Vəhbi idi. Şair Vəhbi özünə, sözünə hörmət qoyan adam idi, sultan da olsa, kimsənin sözünü yeməzdi. Amma Yavuz Səlim də Yavuz Səlim idi də, bir söz üstündə başı bədəndən ayırırdı.

Bir gün nə olursa Yavuz Səlim şair Vəhbiyə hirslənir və sultanın sözünü həzm eləməyən Vəhbi sarayı tərk edib gedir. Qəlbi qırılan Vəhbi fikirləşir ki, elə yerə getsin ki, bundan sonra nə sultanın üzünü görsün, nə sultan onun üzünü görsün. Bir xeyli araşdırandan sonra öyrənir ki, Van müftisi çox ziyalı, alicənab bir adamdır. Ona görə də kimsəyə bir söz söyləmədən yola çıxır, Vana gedir, müfti ilə görüşür və deyir:

- Mən saray şairi Vəhbiyəm.

Van müftisi onu tanıdığını söyləyir. Vəhbi də sözlərinə davam edir:

- Sultan mənim qəlbimi qırdı, mən də sarayı tərk etdim, sənin alicənab, geniş üfüqlü adam olduğunu bildiyim üçün bura gəldim.

Müfti də o an fikirləşir ki, onu necə saxlasın, nə iş versin. Bunu hiss edibmiş kimi Vəhbi deyir:

- Mən yazı-pozu işini yaxşı bilirəm. Yanınızda katib kimi çalışa bilərəm. Gündəlik yeyib-içməyimdən və qalacaq yerdən başqa da sizdən bir təmənnam da yoxdur. Amma səndən bircə xahişim var ki, məni burda gizli saxlayasan, kimliyim haqda kimsəyə bir söz deməyəsən, sultan məni soruşsa belə burada olduğumu deməyəsən.

Müfti şairin təklifini qəbul edir və onu özünə katib götürür.

Aradan bir müddət keçir və Yavuzun ürəyi Vəhbinin söhbətləri üçün darıxır və soruşur:

- Bizim bu Vəhbi hardadır, nə zamandır gözümə görünmür

Deyirlər ki, sarayı tərk edib gedib.

- Niyə getdi?

- ...

Hara getdi?

- ...

- Haradadırsa tapıb gətirin.

Deməyinə dedi, amma kim tapsın, haradan tapsın, necə tapsın? Əyan-əşrəf oturub fikirləşir və vəzirlərdən biri belə söyləyir:

- Sultan sağ olsun, şair Vəhbini tapmağın ən asan yolu budur ki, siz yarım beyt, yəni bir misra seir yazasınız və biz də o bir misranı məmləkətin hər tərəfinə göndərib elan edək ki, kim bu beyti ən gözəl şəkildə tamamlasa, sultan tərəfindən böyük mükafata layiq görüləcək. Mən Vəhbini tanıyıram, yerin deşiyinə də girmiş olsa, bu elandan xəbər tutsa, mütləq ya öz adıyla, ya bir başqasının adıyla yarışa qatılacaq. Biz də o zaman onu tanıyıb taparıq.

Sultan vəzirin təklifi ilə razılaşır və bir misra şeir yazır:

Bütün dünya mənim olsa, qəmim bitməz nədəndir bu?

Məmləkətin bütün vilayətlərinə məktub yazılır, müsabiqənin şərtləri, mükafatın miqdarı və həmin misra hər kəsə bildirilir. Bəli, məktub gəlib Van müftisinə də yetişir və o da şair təbli olduğu üçün bu yarışa qatılmaq istəyir, beyti tamamlayır, amma yazdığını şair Vəhbiyə də göstərib, məsləhətini almaq istəyir. Şair Vəhbi də baxır ki, müftinin yazdığı zay bir misradır, amma bunu ona necə desin ki, qəlbi qırılmasın, necə olmaya boynunda bu qədər xərit-minnəti var. Ona görə də “burasını belə dəyişsək”, “orasını belə dəyişsək, necə olar?” deyə-deyə misranı bu hala gətirir:

Əzəldə qəm turabından biçilmiş bir bədəndir bu.

Beləcə, Vəhbinin misrasını müftinin adından yarışmaya göndərirlər. Yarışmanın tək münsifi Sultan Yavuz taxtında oturub, gələn şeirləri dinləyir və axtardığını tapa bilməyincə növbəti misranı istəyir. Dövrün tanınmış bütün qələm adamları yarışa qatılıblarmış, təxminən iki yüz ətrafında iştirakçı varmış. Növbəti misra da oxunur, sultan əli ilə davam işarəsi verir, yəni bu da deyil. Növbəti misra oxunur:

Bütün dünya mənim olsa, qəmim bitməz nədəndir bu?

Əzəldə qəm turabından biçilmiş bir bədəndir bu.

Sultanın üzünə xəfif bir təbəssüm qonur və soruşur:

- Bunu göndərən kimdir?

- Van müftisi, sultan sağ olsun!

Sultan katibinə tərəf dönür və deyir:

Yaz: Sultanın fərmanıdır. Müfti əfəndi, göndərdiyiniz şeir qalib elan olunmuşdur. Sizə çatacaq mükafat yola çıxmışdır, amma sizdən də ricamız budur ki, yanınızdakını bizə göndərəsiniz.

"Zaman Azərbaycan"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR