Yaralı hərbçimiz hiddətləndi (FOTO)

Yaralı hərbçimiz hiddətləndi (FOTO)
19:06 10 Yanvar 2015
231 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbhənin Ağdam rayonu istiqamətində mina partlaması nəticəsində yaralanmış gizir Şamo Məmmədov özü barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Azərbaycan Ordusunun hərbçisi Trend-ə açıqlamasında KİV-də onun barəsində yayılan məlumatları təəccüblə qarşıladığını deyib: “Uzun illərdir Silahlı Qüvvələrdə, döyüş bölgəsində hərbi xidmətdəyəm.
Bu gün mətbuatda dərc olunan guya yaxınlarıma istinadən mənim haqqımda yayılan xəbərləri eşitdikdə təəccübləndim və təəssüf hissi keçirdim. Müalicə aldığım bir vaxtda belə bir xəbər məni çox narahat etdi. Çünki yazılan məlumatlar yalan və iftiradır".

Gizir qeyd edib ki, mətbuat mənbəyi anonim olan bu cür məlumatlar yaymaqla ermənilərin dəyirmanına su tökmüş olur: "Buna heç bir əlavə şərh vermək istəmirəm. Sadəcə bildirmək istəyirəm ki, bu xəbər yaralanan gündən mənim sağ qalmağım uğrunda əməyi olan bütün insanlara, o cümlədən ilkin tibbi yardım göstərən, məni əməliyyat edən həkimlərə qarşı böyük bir hörmətsizlikdir. Belə ki, hadisə baş verən andan bugünədək ətrafımda olan hər kəsdən özümə qarşı diqqət və qayğını hiss edirəm. Və hərbi həkimlərə minnətdarlıq hissindən başqa deyəcəyim ayrı bir fikrim yoxdur. Hər kəs sağ olsun!”

Müalicə həkimi, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ortopediya bölməsinin rəisi, tibb xidməti polkovniki Əbülfət Həmidov bildirib ki, gizir Ş.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra o, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib: "Bütün lazımi tibbi-profilaktik tədbirlər həyata keçirilib. Xəstə hazırda aktivdir, bütün parametrləri normadadır, vəziyyəti stabildir, heç bir həyati təhlükəsi yoxdur və özü sərbəst qida qəbul edə bilir. Gizir Ş.Məmmədova “hospitalda iki gün yemək də verilməməsi” barədə səsləndirilən fikirlər də absurddur. Az-çox tibbi savadı olan hər bir kəs bilir ki, ümumi ağrısızlaşdırma (narkoz) altında aparılan cərrahiyə əməliyyatından sonra xəstəyə qida verilməsi müəyyən normalar çərçivəsində həyata keçirilir. Orqanizmə lazım olan maddələr isə bədənə damardaxili məhlullar vasitəsilə yeridilir.

Bizə müharibə çox şeyləri öyrədib. Artıq hərbi-tibb müəssisələrində hərbi həkimlərimizin bu cür xəstələri müalicə etməsi problem sayılmır. Müalicə kompleks olaraq başa çatdırıldıqdan sonra gizir Ş.Məmmədov protezlə təmin edilərək normal həyat və fəaliyyətini davam etdirmək imkanına malik olacaqdır".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR