Bağdad və Ərbil İŞİD-ə qarşı mübarizədə anlaşdılar

Bağdad və Ərbil İŞİD-ə qarşı mübarizədə anlaşdılar
19:17 10 Yanvar 2015
173 Dünya
Ölkə mətbuatı
A- A+

Daha ciddi təhlükənin ortaya çıxması mərkəzi İraq hökuməti ilə kürd muxtariyyətini daxili narazılıqları kənara qoymağa vadar etdi

İraq mərkəzi hökuməti ilə kürd muxtariyyatı arasında təhlükəsizlik sahəsində bir sıra razılaşmalar əldə olunub. Bu barədə kürd muxtariyyətinin Peşmərgə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, kürd muxtariyyəti daxili işlər naziri Kərim Sincari və peşmərgə naziri Mustafa Seyid Qadirin iştirak etdiyi toplantıya Bağdaddakı amerikalı komandirlər də qatılıb.

İraq hökuməti yüksək vəzifəli təhlükəsizlik məmurlarının qatıldığı toplantıda İŞİD-ə qarşı mübarizədə mərkəzi hökumətlə Ərbil arasında koordinasiyanın qurulması mexanizminin yaradılması ilə bağlı müzakirələr aparılıb. Sözügedən koordinasiya mərkəzi nazirliklərin nəzarəti altında təhlükəsizlik komitələrinin aktiv fəaliyyətini nəzərdə tutur.

Toplantıda peşmərgənin İraq müdafiə qüvvələrinin bir parçası olduğu vurğulanıb. Eyni zamanda beynəlxalq koalisiyaya üzv ölkələrinin yolladığı hərbi yardımların kürd muxtariyyətinə çatdırılması və həmçinin Bağdadla Ərbil arasında 2007-ci ildə əldə olunmuş hərbi sahədə razılaşmanın tətbiq olunması istiqamətində razılıq əldə olunub.

Qeyd edək ki, hazırda İraqda hökumət qüvvələri ilə kürd silahlıları İŞİD-ə qarşı birgə mübarizə aparır. Ancaq mərkəzi Bağdad hökuməti ilə kürd muxtariyyəti arasında zaman-zaman qeydə alınan gərginliklər bir neçə dəfə silahlı qarşıdurmalara səbəb olub. Hətta son dövrlərdə İŞİD-ə qarşı əməliyyatlar zamanı belə peşmərgə və İraq silahlı qüvvələri arasında mövqe və postlarla bağlı anlaşılmazlıqlar, silahlı qarşıdurma baş verib. Ancaq son aylarda həm Ərbil, həm də Bağdad daxili anlaşılmazlıqları aradan qaldırmaq üçün bir sıra addımlar atıb, eyni zamanda neft satışı məsələsində anlaşma əldə olunub. Aydın məsələdir ki, İŞİD təhlükəsi Bağdad və Ərbili daxili anlaşılmazlıqları aradan qaldırmağa vadar edir. Baxmayaraq ki, Ərbilin güclənməsi mərkəzi hökuməti narahat edir və kürdlərin gələcəkdə müstəqillik tələb edəcəyindən xəbər verir.

Yeri gəlmişkən, hazırda İraqda İŞİD-ə qarşı əməliyyatlar davam edir. ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, avqust ayından bu yana beynəlxalq koalisiya qüvvələri tərəfindən İraq və Suriya ərazisində İŞİD-in 3222 hədəfi vurulub. Hava zərbələri nəticəsində 58 tank, 184 hərbi maşın, 673 döyüş mövqeyi və 980 baza və ya bina məhv edilib. Bundan başqa hava zərbələri nəticəsində Fərat çayında İŞİD-ə məxsus 13 kater vurulub.

Eyni zamanda İraqda hava hücumlarında ABŞ-la birlikdə Avstraliya, Belçika, İngiltərə, Kanada, Danimarka, Fransa və Hollandiya, Suriyada isə yenə ABŞ-la yanaşı Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ iştirak edib.

İslam.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR