Azərbaycanlılar Dərbənd küçələrinə axışdılar

Azərbaycanlılar Dərbənd küçələrinə axışdılar
22:05 10 Yanvar 2015
204 Dünya
Ölkə mətbuatı
A- A+

Dərbənddə yaşayan azərbaycanlılar şəhər meri İmam Yarəliyevin siyasətinə etiraz əlaməti olaraq bu gün mitinqə çıxıblar.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Bakı vaxtı ilə saat 19:00 radələrində başlayan aksiyaya 200-dək azərbaycanlı çıxıb.
 
Mitinq iştirakçılarından birinin sözlərinə görə, Dərbənd şəhər rəhbərliyi ildən-ilə üst-üstə yığılıb qalan sosial problemləri həll etmək istəmir: “Biz şəhər meri İmam Yarəliyevə, Dağıstan prezidenti Ramazan Abdulatipova, Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə daimi nümayəndəsi Sergey Məlikova problemlərimizin həlli xahişi ilə dəfələrlə müraciət etmişik. Dərbəndin əsasən azərbaycanlılar yaşayan 7 mahalında mənzil-kommunal şəraiti dəhşətli vəziyyətdədir. Bizim normal yolumuz yoxdur, su təchizatı pis gündədir, antisanitariya baş alıb gedir. Şəhərin yubileyi olacaq. Amma Dərbəndin azərbaycanlılar yaşayan qədim hissəsi təmir-abadlıq proqramına daxil edilməyib. Nə qədər şikayət etsək də baxan yoxdur”. 
 
Digər mitinqçi isə deyib ki, İ.Yarəliyev şəhərə divan tutur: “O, hakimiyyəti qəsb edib. Dərbənddə özbaşınalıqdır. Hamısını onun adamları edir. Yanvarın 12-də seçkilər olacaq. Yarəliyev öz nəzarətində olan şəhər məclisi deputatlarının əli ilə öz səlahiyyət müddətini daha 4 il uzatmaq istəyir. Halbuki xalq ümid edirdi ki, o, bu il vəzifəsindən nəhayət ki, gedəcək”.
 
Aksiyada çıxış edən etirazçılar böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Dərbənddəki heykəlinin yandırılıb təhqir olunması, Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin abidəsinin sındırılması, tanınmış dini xadim Seyid Mir Qafar ağanın qəbrinin təhqir edilməsinə görə şəhərin meri Yarəliyevi ittiham ediblər.
 
Aksiya keçirilən ərazi polis və OMON mühasirəsində olsa da mitinqə müdaxilə edilməyib.
 
Mitinqin sonunda qətnamə və Dağıstan rəhbərliyinə müraciət qəbul edilib. Azərbaycanlılar R.Abdulatipovdan İ.Yarəliyevin istefaya göndərilməsini tələb ediblər.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/52541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR