Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açılıb

Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açılıb
15:52 15 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açılıb.
Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sərgi Xalça Muzeyi ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua başda olmaqla, səfirliyin əməkdaşları, bir sıra səfirlər və səfirliklərin nümayəndələri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.
Muzeyin direktoru Şirin Məlikova bildirib ki, Çin təqviminə əsasən 2018-ci ilin fevralında it ili qədəm qoyduğuna görə layihə çərçivəsində təşkil olunan sərgi bu heyvanın təsvir olunduğu eksponatları əhatə edir: “Sərgidə təqdim olunmuş xalçaların bir neçəsi muzeyin fondundan ilk dəfədir çıxarılır. Bəşəriyyətə mühüm kəşflər bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə böyük təsir göstərib. Hər iki xalqın mədəniyyətində it obrazı insanı pis ruhlardan qoruyan müdafiəçi mənasını daşıyır. Bundan sonra da yeni layihələrin həyata keçirilməsinə, əlaqələrimizin genişlənməsinə əminəm.”
Tədbirdə çıxış edən Çinin ölkəmizdəki səfiri Vey Cinxua bildirib ki, bütün münasibətlər xalqlar arasında olan əlaqələr müstəvisində inkişaf edir: “Bu sərgi iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirəcək, möhkəmləndirəcək. Xoşbəxtlik, uğur və ümid ifadə edən Çin Yeni ili bütün xalqı bir araya gətirir. Novruz bayramı azərbaycanlılara əziz olduğu kimi, bu bayram da Çin xalqına əzizdir”.
Xatırladaq ki, sərgi fevral ayının 28-nə qədər davam edəcək.








Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/xalca-muzeyinde-xalcalar-ve-efsaneler-cin-teqvimi-uzre-yeni-il-sergisi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR