Azərbaycan hara addımlayır?

Azərbaycan hara addımlayır?
13:27 16 Fevral 2018
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı deputatlar Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə bu günlərdə Dövlət Dumasında qonaq olublar. Qonşuları haqda danışan rusiyalı deputatlar bu respublikanın uğurlarını xüsusi vurğulayıblar: 2017-ci ilin yekunlarına görə Azərbaycan MDB məkanının ən dinamik inkişaf edən ölkəsi kimi tanınıb.

"Şiroko şaqayet Azerbaydjan" - Azərbaycan iri addımlarla irəliləyir! Bu məşhur ifadəni 1982-ci ildə SovİKP MK-nın baş katbi Leonid Brejnev Bakıda respublikaya Lenin ordenini təqdim edərkən səsləndirmişdi. Bu, baş katibin son səfəri olub və belə çıxır ki, sözləri də, sanki bir öncəgörmə imiş.

Azərbaycandan bəhs edən sərginin açılışında Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski qeyd edib ki, Azərbaycan postsovet məkanının hüdudlarından kənarda belə, ən çiçəklənən iqtisadiyyatlardan birinə çevrilib və bu ölkə bir çox böyük beynəlxalq təşəbbüslərin əsasını qoyub.

Sonuncu Davos Forumunun ekspertləri hesablayıblar ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı dünya rəqabət qabiliyyəti reytinqində iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Bəs beynəlxalq maliyyə institutları SSRİ-nin digər "varis"ləri arasında nə üçün məhz bu Cənubi Qafqaz respublikasını seçib? Qeyd edək ki, SSRİ-nin süqutundan sonra "hər bacıya bir sırğa" düşüb. Məsələn, o zaman sovet Ukraynasını əhalisinin sayına və iqtisadi potensialına görə aparıcı Avropa dövlətləri, tutaq ki, Fransa ilə müqayisə etmək olardı. Lakin görün indi Ukrayna haradadır, Azərbaycan harada? Bəs məsələ yalnız neftdədirmi?

Milli Məclisin deputatı, Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov bizi 25 il əvvələ qaytarır: "90-cı illərin əvvəllərində bizim yarıtmaz hökumətimiz var idi. Xalq Cəbhəsinin dövründə özbaşınalıq hökm sürür, ölkə vətəndaş müharibəsi astanasında qalmışdı. Ölkənin həm cənubu, həm də şimalında separatçılıq baş qaldırmış, Azərbaycan parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Belə bir zamanda şəxsiyyətin rolu həlledici amilə çevrilir. Nə üçün Rusiyada hakimiyyət güclüdür? Çünki Putin güclü şəxsiyyətdir. Bu gün Azərbaycanda hamı bilir ki, ölkədə xaosa Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə son qoyuldu. Məhz onun sayəsində 10 il ərzində ölkə bərpa olundu, sonra isə iqtisadiyyatın və bütün Azərbaycanın inkişafı başladı", - deyə Elman Nəsirov bildirib.

Hakimiyyətdə dilletantları əvəzləyən Heydər Əliyev yaxşı anlayırdı ki, yarıdağılmış ölkənin iqtisadi inkişafa əsaslanan siyasi sabitliyə ehtiyyacı var. O zaman o, diqqətini Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" (AÇQ) neft yataqları qrupuna yönəltdi. Hələ sovet geoloqlarının kəşf etdiyi bu yataq Xəzərdəki ən böyük neft və qaz kondensat yatağıdır. Yataqlar blokunun neft ehtiyyatları ilkin olaraq 500 milyon ton qiymətləndirilirdi. Sonrakı dövrdə bu həcm artıqlaması ilə təmin olundu.

1994-cü ildə Bakıda çox iri miqyaslı hadisə baş verdi: dünyanın 8 ölkəsini, o cümlədən Rusiyanı təmsil edən 11 böyük transmilli şirkətlə AÇQ-nin birgə işlənməsini nəzərdə tutan "Əsrin müqaviləsi" imzalandı. Beynəlxalq qiymətləndirmələrə görə, "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarına, həm də sərmayə həcminə görə ən iri  müqavilələrin sırasına daxildir. İndiyədək AÇQ-dən 3 milyard bareldən çox neft çıxarılıb, layihəyə yatırılmış sərmayə isə 33 çilyard dolları keçib.

Neft hasilatının artımı və qaz yataqlarının işlənməsi dünyada karbohidrogen qiymətlərinin qalxması ilə eyni dövrə təsadüf edib. Nəticədə Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) sürətlə yüksələrək 1992-ci ildəki 1,2 milyard dollardan 2014-cü ildə 75,3 çilyard dollara çatıb. Bu, keçmiş SSRİ respublikaları arasında rekorddur. Adambaşına düşən ÜDM isə 159 dollardan 8000 dollara qalxıb.

Heydər Əliyevin başladığı işi sonradan onun oğlu, Azərbaycanın hazırkı prezidenti İlham Əliyev davam etdirib. 2017-ci ilin sentyabrında "Əsrin müqaviləsi"nin müddəti 2050-ci ilədək artırılıb. "Bu, xarici investorların gələcəkdə də Azərbaycanın neft sektoruna iri sərmayələr yatırmasına imkan verəcək. Söhbət on milyardlarla dollardan gedir", - deyə İlham Əliyev bildirib.

Azərbaycanın daha bir qlobal enerji layihəsi "Şahdəniz" qaz yatağının işlənməsi olub. Yataq 1954-cü ildə kəşf edilib və Xəzərdəki ən iri qaz yatağıdır. Azərbaycan rəhbərliyi "velosiped icad etmək" istəməyərək, 1996-cı ildə xarici neft-qaz şirkətlərinin, o cümlədən "Lukoyl"un da daxil olduğu beynəlxalq konsorsiumla əhəmiyyətinə görə ikinci sayıla biləcək müqaviləni imzalayıb. 

"Şahdəniz"dən əvvəlcə Gürcüstana, sonra isə Türkiyəyə başlanan qaz ixracı sonradan Avropa İttifaqının "Cənub Qaz Dəhlizi" layihəsində lap yerinə düşüb. Söhbət Xəzər dənizindən qazı Rusiya və Ukraynadan yan keçməklə Avropa ölkələrinə çatdıracaq lokal qaz kəmərləri sistemindən gedir. Proqnozlara görə, 2020-ci ilin əvvəlinə Azərbaycan Avropa bazarına 10 milyard kubmetr qaz ixrac edə biləcək. Elə isə respublika şimal qonşusu ilə rəqabətə girə bilərmi? Elman Nəsirov bu ehtimala skeptik yanaşır: "Avropanın qaza tələbatı ildə 500 milyard kubmetr təşkil edir. Onun 49%-ə yaxınını Rusiya təhciz edir. Yalnız iki ildən sonra Azərbaycan Avropaya qaz sata biləcək ki, onun da həcmi Rusiya qazından çox azdır. Odur ki, Rusiya Avropa İttifaqı üçün əsas tərəfdaş olaraq qalır".

Enerji sahəsində meqalayihələrin icrası Azərbaycanın sabit inkişafını təmin etməlidir. Lakin 2015-ci ildə neftin ucuzlaşması dövlət büdcəsinin neft-qaz kəlirlərindən asılılığının çox olduğunu göstərib. Nəticədə iqtisadiyyatın şaxələndirilməsi məsələsi gündəmə gəlib. Bu istiqamətdə atılan ciddi addımlardan biri qlobal nəqliyyat layihəsi olan və ümumi uzunluğu 850 kilometrə çatan Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasıdır. Yolun açılışı 2017-ci il oktyabrın 30-da baş tutub və bu, dərhal qonşuların böyük marağına səbəb olub. Yeni nəqliyyat dəhlizi tarixi İpək Yolu ilə yük daşımalarını həyata keçirmək üçün ciddi potensiala malikdir.

Bu irimiqyaslı layihə haqda Davos Forumunun iştirakçılarına danışan İlham Əliyev deyib: "Bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur - əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq 2 həftə ərzində qət edilir. Beləliklə, bu nəqliyyat və enerji şaxələndirilməsinin yeni xəritəsidir və düşünürəm ki, açıq okeana çıxışı olmayan bir ölkə kimi, Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilib".

Prezident qeyd edib ki, Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə münasibətlərin daha da yaxşılaşdırılması prioritet təşkil edir. Odur ki, Azərbaycan iri addımlarla sülhə, əməkdaşlığa və gələcək iqtisadi inkişafı doğru irəliləyir.

Trud, Rusiya
Müəllif: Ravil Zaripov

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/626074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR