Əli Həsənov Prezident qarşısında nələrdən danışdı?

Əli Həsənov Prezident qarşısında nələrdən danışdı?
23:38 10 Yanvar 2015
190 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

“Dövlət başçısının həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan 2014-cü ildə də dünyadakı mövqeyini möhkəmləndirib, beynəlxalq aləmdə ölkəmizə olan maraq daha da artıb”. Trend-in məlumatına görə, bunu yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənov bildirib.

Bu işdə Heydər Əliyev Fondunun da böyük rol oynadığını deyən Əli Həsənov qeyd etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət nəticəsində Azərbaycan bir çox qlobal problemlərdən qorunub: “Dünyada baş verə biləcək maliyyə böhranı barədə Siz hələ 2006-cı ildə fikir söyləmişdiniz. İki ildən sonra bu proses başlandı.

Dünyada ərzaq qıtlığı yaranacağı barədə 2008-ci ildə dediyiniz fikirlər də iki ildən sonra reallığa çevrildi. 2009-2010-cu illərdə neftdən asılılığın azaldılması barədə tapşırıq verdiniz. Beş il sonra dünyada neftin qiyməti ətrafında siyasi oyunlar başlandı.

Hər üç istiqamətdə Sizin rəhbərliyiniz və göstərişləriniz əsasında hökumət lazımi tədbirləri gördü və bu gün də bu işləri davam etdirir.

Nəticədə maliyyə böhranı ölkəmizdən yan keçdi, ərzaq təhlükəsizliyi Proqramı həyata keçirilməyə başlandı və ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun çəkisi artıq 50 faizdən çoxdur”.

Ə.Həsənov deyib ki, bu gün ölkəmizdə qalan əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsi olaraq 1 milyon 200 min qaçqın və məcburi köçkünün sosial problemləridir: “Dünyada hər il münaqişə zonalarının və qaçqın, məcburi köçkünlərin sayı artmaqda davam edir. Əgər bu gün dünyada münaqişə zonalarının sayı 35, qaçqın və məcburi köçkünlərin sayı 52,6 milyon nəfərdisə, 30 il əvvəl bu rəqəm 12 milyon nəfər, münaqişə zonalarının sayı isə cəmi 9 olub, təxminən 4 dəfə artıb. 52,6 milyon qaçqın və məcburi köçkünün isə 6 milyonu 2014-cü ildə yaranıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin qaçqınlara və məcburi köçkünlərə daim həssas, diqqətli və qayğıkeş münasibəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun olaraq daha dolğun şəkildə davam etdirilir. Ulu Öndər Dövlət Neft Fondunun ilk vəsaitini bu sahəyə yönəltməklə bütün dünyaya göstərdi ki, bu, Azərbaycanın bir nömrəli, prioritet problemidir və bu gün də qalmaqdadır.

Ölkəmizin iqtisadi, ictimai-siyasi həyatında növbəti uğurlu il hesab olunan 2014-cü ildə də öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzində olmuş, bu sahə ilə bağlı qəbul edilmiş Dövlət proqramları və ona Əlavələrin icrası uğurla davam etdirilmişdir. Onların sosial problemlərinin həlli məqsədi ilə 2014-cü ildə ayrılmış 630 milyon manat həcmində vəsaitdən 273 milyonu büdcə, 300 milyonu Dövlət Neft Fondunun və 57 milyon manatı beynəlxalq humanitar və digər təşkilatların vəsaitidir. 2014-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1170 manat təşkil edir ki, bu da dünyanın bütün münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir”.

Onun sözlərinə görə, hesabat ilində Ağdam rayonunda 632, Beyləqan rayonunda 320, Hacıqabul rayonunda 101, Gəncə şəhərində 600, Saatlı rayonunda 230, Qaradağ rayonunda 200, Mingəçevir şəhərində 594, Balakən rayonunda 45, Qaradağ rayonunda 240 və Abşeron rayonunda 160 ailə bütün sosial texniki infrastruktura malik yeni salınmış qəsəbə, yaşayış kompleksi və ya fərdi evlərə köçürülmüşdür: “2014-cü il yanvarın 20-də Gəncə şəhərində 1500, avqustun 6-da Ağdam rayonunda 632, noyabrın 14-də isə Gəncə şəhərində 600 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbələrin açılışında şəxsən iştirak etmisiniz.

Maliyyə Nazirliyinin xətti ilə zəruri dövlət ehtiyacları ilə əlaqədar 950, Yasamal rayonu ərazisində müvəqqəti məskunlaşmış 262, Axıska türklərindən 111 ailə yeni mənzillərə köçürülmüşdür.

İl ərzində 270 min kvadratmetr sahəsi olan 7 yeni yaşayış kompleksi salınmış, 2288 şagird yerlik 7 məktəb inşa edilmiş, həmçinin 6 uşaq bağçası, 6 tibb məntəqəsi tikilib istifadəyə verilmiş, 51 kilometr yol, 96 kilometr su xətti, 136 kilometr elektrik xətti, 86 kilometr qaz xətti çəkilmiş, 75 ədəd yüksəkgərginlikli transformator quraşdırılmışdır.

Beləliklə, 2014-cü ildə 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Qaçqın və məcburi köçkünlər üçün ümumilikdə indiyədək 2,8 milyon kvadratmetr yaşayış sahəsi olan 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi salınmış, 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmışdır. Bundan da 42 min ailə, yaxud 210 min nəfər (91 faiz) son 11 ilin payına düşür.

Son 11 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Dövlətqaçqınkomun illik büdcəsi isə 5,5 dəfə artmışdır.

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi üzrə 325 min nəfərin faydalandığı və dəyəri 30 milyon manat təşkil edən 520 mikrolayihə icra edilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 11 ildə 2000 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilmişdir.

Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 11 ildə 75 faizdən 10 faizədək azalmışdır.

Diqqətinizə çatdırmaq istərdim ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə 5,1 milyard manat vəsait sərf olunmuşdur. Bunun 2,3 milyard manatı dövlət büdcəsinin, 1,8 milyard manatı Dövlət Neft Fondunun, 1 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Bu vəsaitin 86 faizi, yaxud 4,4 milyard manatı son 11 ildə istifadə olunmuşdur”.

Ə.Həsənov qeyd edib ki, respublikamızın şimal bölgələrində - Balakən, Zaqatala, Qax, Oğuz, İsmayıllı, Quba, Qusar, Xaçmaz rayonlarında 2000 ailə və ya 8500 məcburi köçkün üçün yeni qəsəbələrin salınması məqsədilə 360 hektar torpaq sahəsi ayrılıb. Artıq Balakən, Qəbələ və İsmayıllı rayonlarında işlərin bir qismi icra olunub, Zaqatala rayonunda isə həmin işlərin 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulub. Digər rayonlarda isə müvafiq layihə işləri görülür: “Bununla yanaşı, qeyd etmək lazımdır ki, məcburi köçkünlərin xeyli hissəsi hələ də çətin şəraitdə yaşayır. Ona görə də Sizin tapşırığınıza əsasən bu məqsədlə yeni Dövlət Proqramının layihəsi hazırlanır”.

Ə.Həsənov daha sonra deyib: “Ötən ilin iyul ayında öz əzizlərinin məzarlarını ziyarət məqsədi ilə Kəlbəcərə gedərkən ermənilər tərəfindən girov götürülmüş və beynəlxalq qanunlara hörmətsizlik edilərək mühakimə olunmuş iki məcburi köçkünün azad olunması istiqamətində Soçi görüşündə iştirakçı ölkələrin prezidentləri ilə ciddi müzakirələr apardınız, Ermənistan rəhbərliyinə layiq olduğu qiyməti verdiniz. Mütəmadi olaraq görüşlərdə bu problemi qaldırmağınız, hər 3 ailənin mənzillə təmin olunmasına dair humanist tapşırıq verməyiniz, Şahbaz Quliyevin Rusiya Federasiyasının vətəndaşı olan həyat yoldaşının işlə təmin edilməsi barədə verdiyiniz tapşırığın icrası, ermənilər tərəfindən qətlə yetirilmiş məcburi köçkün Həsən Həsənovun nəşinin qaytarılması - bütün bunlar onların ailə üzvləri və Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Tapşırığınıza əsasən, məsələ ilə bağlı başda BMT-nin baş katibi olmaqla, 7 beynəlxalq təşkilata müraciətlər göndərilib. Onların hamısından cavab alınıb. Bəziləri baş vermiş hadisəyə görə sadəcə təəssüfləndiklərini bildirir, bəziləri hətta üzr istəyir, bəziləri isə formal, bürokratik münasibət bəsləyirlər.

Bildirmək istərdim ki, fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu və onun prezidenti, hörmətli Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil, mədəniyyət sahələri üzrə layihələr reallaşdırılmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə də daim diqqətlə yanaşır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlərin nəticəsində artıq 8 dövlətin parlamentləri və ABŞ-ın 15 ştatı Xocalı qətliamını soyqırımı kimi rəsmi qaydada qəbul etmişdir.

Baş nazirin müavini qeyd edib ki, 2015-ci il dünyada çətinliklər ili hesab edilir: “Ancaq biz əminik ki, Sizin uzaqgörənliyiniz sayəsində ölkəmiz 2015-ci ili də uğurla başa vuracaq.

Sizi əmin edirəm ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı bütün tapşırıqlarınız bundan sonra da vaxtından əvvəl və yüksək keyfiyyətlə yerinə yetiriləcək, onların arasında ictimai-siyasi sabitlik həmişə qorunub saxlanılacaqdır”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2351858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR