Elman Rüstəmovun vədi və proqnozu

Elman Rüstəmovun vədi və proqnozu
00:03 11 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

“2014-cü ildə qlobal iqtisadiyyatda qeydə alınan mürəkkəb proseslərin fonunda iqtisadiyyatımız daha da inkişaf edib”. Trend-in məlumatına görə, bunu yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

İqtisadi islahatların, neft strategiyasının və yaradılmış potensialın qlobal iqtisadi çağırışlara adekvat cavab verməyə imkan yaratdığını deyən Elman Rüstəmov qeyd etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ötən ildə də sosial-iqtisadi tərəqqi davam edib. Mərkəzi Bankın sədri 2008-ci ildən bəri davam edən maliyyə böhranının bütövlükdə qlobal iqtisadiyyata sirayət etdiyini vurğulayaraq dedi: “Bu böhranın ən mühüm xarakteristikası qlobal iqtisadi artımın zəif bərpasıdır. 2014-cü ildə bu artım cəmi 3,3 faiz təşkil etmişdir ki, bu da böhrandan əvvəlki 2002-2007-ci illərdəki orta artım tempindən təxminən 5 faiz aşağıdır. Xarakterik haldır ki, il ərzində Beynəlxalq Valyuta Fondu qlobal artım proqnozunu azalmağa doğru iki dəfə dəyişmişdir. Qloballaşma şəraitində iqtisadi artımın bərpasında problemlər həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir.

Biz zəifləyən qlobal iqtisadi aktivliyin dünya ticarətinə və əmtəə bazarlarına da əhəmiyyətli təsirinin şahidi oluruq. Nəticədə bir sıra əmtəə qiymətlərinin aşağı düşməsini görürük. 2014-cü il ərzində metal qiymətləri 17 faiz, ərzaq qiymətləri 6 faizdən çox, eyni zamanda, enerji daşıyıcılarının qiyməti iki dəfə aşağı düşmüşdür və 2015-ci ilin başlanğıcında da bu proseslər davam edir. Azərbaycan da qlobal iqtisadiyyatın tərkib hissəsi kimi bu şəraitdə müəyyən çağırışlarla üzləşmişdir”.

E.Rüstəmov deyib ki, Azərbaycan dünya iqtisadiyyatının mühüm tərkib hissəsidir: “Son 10 ildə milli iqtisadiyyatımız qlobal iqtisadiyyata inteqrasiyası əhəmiyyətli dərəcədə dərinləşmişdir. Hazırda əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini təşkil edir. Bu, ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 10 ildə 7 dəfə artmışdır. Milli iqtisadiyyatımız bütün xarici konyukturanın pisləşməsinə baxmayaraq möhkəm mövqelərə malikdir. 2014-cü ildə Azərbaycanın tədiyyə balansının cari hesabında 11 milyard dollardan çox profisit gözlənilir. İxracın həcmi idxalı 2,6 dəfə üstələyəcəkdir. Son illər ərzində ilk dəfə idxalın təxminən 20 faizədək azalması, - bu, yəqin ki, ölkənin özünütəminat səviyyəsinin yüksəlməsi ilə əlaqədardır, - xarici ticarət balansına müsbət təsir etmişdir.

Ölkənin strateji valyuta ehtiyatları, artıq qeyd olunduğu kimi, artmışdır və bu gün ümumi daxili məhsulun 70 faizinə çatır. Bu göstərici üzrə ölkəmiz dünyada ilk iyirmilikdəki yerini qoruyur. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür”.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq kreditor mövqeyi daha da yüksəlmişdir: “Qiymətləndirmələrə görə, ölkənin məcmu xarici aktivləri onun öhdəliklərini 2,7 dəfə üstələyir. 2014-cü ildə artıq qeyd etdiyim kimi, ölkədə ümumi iqtisadi artım 3 faiz təşkil etmiş, iqtisadi artımın başlıca drayverinə çevrilmiş qeyri-neft sektoru 7 faiz artmışdır. Bütövlükdə, beynəlxalq iqtisadi və maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz artmışdır.

Ötən il ölkədə tam makroiqtisadi sabitlik qorunmuşdur. Son 10 ildə ən aşağı inflyasiya müşahidə olunmuşdur. İnflyasiya cəmi 1,4 faiz təşkil etmişdir. Bu, əsas ticarət tərəfdaşı olan ölkələrdəki inflyasiyadan təxminən 5 faizdən çox aşağıdır və Azərbaycan iqtisadiyyatına beynəlxalq ticarətdə məlum rəqabət üstünlükləri gətirir.

Bildiyiniz kimi, ötən il bir sıra ölkələrdə müəyyən xarici və daxili amillərin təsiri altında əsl valyuta böhranları baş vermişdir. Nəticədə bir sıra milli valyutalar məcburi olaraq ciddi devalivasiyaya uğramışdır. Rus rublu 80 faiz, qazax təngəsi 19 faiz, türkmən manatı 22 faiz, Belarus rublu 17 faiz, Ukrayna qrivnası 90 faiz, türk lirəsi 8 faiz ucuzlaşmışdır”.

E.Rüstəmov deyib ki, Prezidentin dəfələrlə qeyd etdiyi kimi, manatın məzənnəsi makroiqtisadi və maliyyə sabitliyinin, xüsusilə də sosial sabitliyin vacib amilidir: “Sabit məzənnə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır və korporativ və maliyyə sektorunda sabitliyin təmin olunmasının çox mühüm amilidir. Bir sıra beynəlxalq agentliklər bu yaxınlarda manatı Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa məkanında ən stabil və etibarlı valyuta kimi tanımış və onun çox müsbət perspektivlərini qeyd etmişlər. 2014-cü ildə qonşu ölkələrdə, bölgədə gedən mürəkkəb proseslərlə bağlı yaranmış psixoloji təzyiqlərə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində manatın məzənnəsi sabit saxlanılmışdır. Bunun üçün Mərkəzi Bank valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik tənzimləmə tədbirləri görmüşdür”.

Onun sözlərinə görə, ölkədə hökm sürən möhkəm makroiqtisadi stabillik Azərbaycanın yüksək rəqabət reytinqlərinin formalaşmasında müəyyənedici rol oynayır: “Cənab Prezident, artıq bu haqda Siz qeyd etdiniz. Lakin mən onu qeyd etmək istəyirəm ki, bu rəqabət reytinqinin formalaşmasında və onun davamlı olaraq yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitlik çox mühüm rol oynayır. Artıq bir neçə ildir ki, Azərbaycan həmin reytinqin tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqdadır. 2014-cü ildə Azərbaycan bank sektorunun sabitliyi və dayanıqlığı təmin olunmuş, sektor aktiv olaraq iqtisadi artım və şaxələnmə proseslərini dəstəkləmişdir. Azərbaycan maliyyə sisteminin 90 faizini təşkil edən bank sektoru risklərə qarşı maliyyə immunitetini daha da gücləndirmişdir, bankların kapitalizasiyası davam etdirilmişdir. 2012-ci ildə bankların minimum kapitalının artırılması və onların əlavə kapitallaşması haqqında qərarın qəbulundan sonra onların məcmu kapitalı təxminən 2 dəfə artmışdır. Qlobal maliyyə turbilentliyi şəraitində yüksək kapitallaşma bu gün bank sektorunun maliyyə sabitliyinin əsas dayağıdır.

Hazırda kapital adekvatlığı 8 faizlik beynəlxalq normaya qarşı 19 faiz təşkil edir. Bank sektorunun aktivlərinin 99 faizinə malik banklar minimum kapital tələblərini yerinə yetirmişdir. Ona yaxın bankın isə kapitalı artıq bu gün 100 milyon manatdan yuxarıdır. Bank sektorunun artım templəri iqtisadi artımı əhəmiyyətli surətdə qabaqlayır. Bank aktivlərinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti son 10 ildə 2,4 dəfə artaraq, - beynəlxalq praktikada belə bir göstərici var, - iqtisadiyyatın maliyyə dərinliyi təxminən 78 faizə çatmışdır. Bu, bütövlükdə, orta yaxşı göstərici hesab olunur.

2014-cü ildə bank sektorunun aktivləri 21 faiz, bank kreditləri 18 faiz, o cümlədən uzunmüddətli kreditlər 19 faiz artmış, biznes kreditləşməsinin genişlənməsi davam etmişdir. Biznes kreditləri 18 faiz, o cümlədən sənaye 36 faiz artmışdır. Regionlara kredit qoyuluşları isə 39 faiz artmışdır. 2014-cü ildə həm bank sektorunun, həm də əhalinin rastlaşa biləcəyi maliyyə risklərini nəzərə alaraq, Sizin verdiyiniz tapşırıqlara əsasən, istehlak kreditlərinin artımının Mərkəzi Bank tərəfindən tənzimlənməsi sərtləşdirilmişdir. Nəticədə istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1,9 dəfə azalaraq 19 faizə, ipoteka kreditləri istisna olunmaqla isə cəmi 13 faizə enmişdir.

Avtomobil kreditlərinə gəldikdə isə, bu kreditlərin mütləq həcmi 31 faiz azalmışdır.

Ölkədə əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasında ipoteka mühüm rol oynayır. 2014-cü ildə bank sektoru tərəfindən yaşayış sahəsinin alınmasına verilən kreditlərin həcmi 29 faiz artmışdır. İpoteka Fondu tərəfindən ötən il 97 milyon manat ipoteka krediti verilmiş, artıq ipoteka sistemi fəaliyyət göstərdiyi dövrdə 15 min 800-ə qədər ailə ipoteka krediti almışdır. İpotekanı əldə etmək mexanizmini sadələşdirmək, bu sahədə olan bürokratiyanı azaltmaq üçün elektron ipotekanın tətbiqinə başlanmışdır.

2014-cü ildə bank sektoruna inam daha da güclənmişdir. Əhalinin əmanətləri 11 faiz artaraq 7 milyard səviyyəsini keçmişdir. Adambaşına əmanətlərin məbləği təxminən 1000 ABŞ dollarına yaxındır. Müqayisə üçün deyim ki, 10 il bundan əvvəl bu göstərici cəmi 50 dollar təşkil edirdi. 2014-cü ildə əmanətlər üzrə əhalinin faiz gəlirləri yarım milyard manatı ötüb keçmişdir və bank sektoru bu istiqamətdə mühüm sosial rol oynamağa başlamışdır.

Ötən il ölkədə maliyyə vasitəçiliyi və infrastrukturun inkişafı davam etmiş, milli iqtisadiyyatın maliyyələşməsi daha da dərinləşmişdir. Kredit alanların sayı təxminən 2 milyona çatıb, ölkədə 4,5 milyona qədər əmanətçi var. Bu gün əhalinin hər min nəfərinə 473 əmanətçi düşür. Bizim məqsədimiz hər bir yetkin yaşa çatmış insanın bir və ya bir neçə bank hesabının olmasıdır. Əhalinin bütövlükdə maliyyə sektoruna inteqrasiyası, ondan faydalanması istiqamətində son illərdə əhəmiyyətli işlər görülmüşdür. Ölkədə hər yüz min nəfərə düşən bank xidməti nöqtələrinin sayı 20-yə yaxınlaşır.

2014-cü ildə faiz dərəcələrinin azalması prosesi davam etmişdir. Son illərdə kreditlər üzrə faiz dərəcələri 18 faizdən hazırda 14 faizə düşmüşdür. Lakin bir sıra təminatçı istehlak kreditləri və mikrokreditlər üzrə faiz dərəcəsi nisbətən yüksəkdir və bizim burada görəcəyimiz hələ çoxlu işlər var.

2014-cü ildə ölkədə ödəniş infrastrukturunun inkişafı davam etmişdir. Son 10 ildə elektron hesablaşmaların həcmi 15 dəfə artaraq ümumi daxili məhsulun iki mislini təşkil edir. Plastik kartların sayı artıq 6 milyon ədədə çatır. Son 7 ildə kartlarla əməliyyatların həcmi 3,5 dəfə, POS-terminalların sayı təkcə 2014-cü ildə iki dəfədən çox artmışdır. Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir. Hazırda ölkədə 23 bank internet bankçılıq, 15 bank mobil bankçılıq xidmətləri göstərir.

Möhtərəm cənab Prezident, beynəlxalq təşkilatların rəyinə görə, 2015-ci ildə dünya iqtisadiyyatında qeyri-müəyyənlik yenə də davam edəcəkdir. Bu, öz növbəsində, bütövlükdə beynəlxalq konyukturaya, əmtəə bazarlarına da öz təsirlərini saxlayacaqdır. Bu, bizim üçün yeni makroiqtisadi reallıqdır, çağırışlardır. Lakin Mərkəzi Bankda aparılan stress-testləşmə, simulyasiya modelləri vasitəsilə aparılan hesablamalar göstərir ki, birmənalı olaraq Azərbaycan iqtisadiyyatı həm cari ildə, həm də orta müddətli dövrdə bütün bu risklərə adekvat cavab vermək üçün kifayət qədər imkana və potensiallara malikdir. Bizim qarşımızda duran əsas vəzifə iqtisadi qurumlar arasında yaxşı koordinasiya olunmuş soyuqqanlı iş vasitəsilə bu potensialı reallaşdırmaqdan ibarətdir. Bütövlükdə, fikrimcə, yeni makroiqtisadi reallıqlar bir sıra makroiqtisadi siyasət sahəsində müəyyən manevrləri zəruri edir və artıq Siz öz giriş nitqinizdə bu haqda danışdınız. Əgər son 10 ildəki iqtisadi siyasətimizə baxsaq, bu siyasəti belə xarakterizə etmək olar: Sizin tərəfinizdən irəli sürülmüş sürətli, sıçrayışlı inkişaf modeli, güclü büdcə siyasəti və təmkinli, sabitləşdirici pul kredit siyasəti. Əsas xarakteristikalar bunlardır. Lakin bütövlükdə beynəlxalq konyukturada baş verən proseslərə baxsaq görərik ki, hesablamalara görə, hazırkı neft qiymətlərində təxminən 1 trilyon dollarlıq vəsait neft ixracatçılarından neft idxalatçılarının xeyrinə bölüşdürülür. Təbii ki, bu, beynəlxalq iqtisadiyyatın tərkib hissəsi olan Azərbaycana da öz təsirini göstərir.

İlk növbədə, pul kredit siyasəti haqqında danışmaq istəyirəm. Cari ildə də bütövlükdə aşağı inflyasiya bizim diqqət mərkəzimizdə olmalıdır. Bizim siyasətimiz aşağı inflyasiyanın artıq defilyasiya ilə sərhədləndiyini görmək, iqtisadiyyatın, necə deyərlər, defilyasiya sferasına keçməsinin qarşısını almaqdır, nəinki yüksək inflyasiyanın qarşısını almaq. Bunun üçün əlimizdə olan bütün vasitələrdən bir neçəsini qeyd edəcəyəm.

Manatın sabitliyi. Siz artıq öz çıxışınızda bu məsələni qoydunuz. Manatın sabitliyi üçün bütün imkanlar var. Aparılan hesablamalar da bunu göstərir ki, manatın sabitliyi iqtisadi sabitliyin əsas lövbəridir. Hesab edirəm ki, bu, zəngin Heydər Əliyev irsinin, strategiyasının çox mühüm tərkib hissəsidir. Yəni istənilən siyasət makroiqtisadi sabitlik və onunla dialektik əlaqədə olan siyasi sabitlik üzərində qurulur. Buna görə, cari ildə də manatın sabitliyinin təmini bizim ən öndə olan məqsədlərimizdən biridir və biz bu məqsədin reallaşmasını təmin edəcəyik. Müəyyən beynəlxalq konyukturadan irəli gələn proseslərə görə, yəqin ki, bir qədər təmkinli büdcə siyasəti həyata keçiriləcəkdir. Lakin beynəlxalq praktikadan Siz yaxşı bilirsiniz ki, məsələn, Amerika Birləşmiş Ştatları Mərkəzi Bankı, Yaponiya Mərkəzi Bankı və bu yaxınlarda Avropa Mərkəzi Bankı da bu məqsədlə öz müəyyən monetar genişlənmə planlarını açıqladılar. Yəni Sizin də həmişə görüşlərdə qeyd etdiyiniz bu siyasətin iqtisadi artıma, məşğulluğa olan məlum təsirlərini aradan qaldırmaq üçün monetar genişlənmənin həyata keçirilməsi, iqtisadiyyatda əlavə pul kütləsinin ötürülməsi kanallarının tapılması və bu vasitə ilə, məcmu tələbin genişləndirilməsi yolu ilə iqtisadi artımın canlandırılması və məşğulluğun təmin olunması yəqin ki, diqqət mərkəzimizdə olacaqdır.

Cari ildə də bank sektorunun sabitliyinin qorunması, onun inkişafı, real sektorun inkişafında rolunun gücləndirilməsi, faiz dərəcələrinin aşağı salınması qarşımızda duran əsas vəzifələrdən biri olacaqdır”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR