İqbal Ağazadədən ÇAĞIRIŞ: “Düşmən deyilik”

İqbal Ağazadədən ÇAĞIRIŞ: “Düşmən deyilik”
19:14 20 Fevral 2018
105 Digər
Ölkə mətbuatı
A- A+

 

Son vaxtlar Azərbaycanda siyasi mübarizə aparan tərəflərin ritorikası olduqca sərtləşib - daha doğru ifadə etsəm, söyüş və təhqirlər qulaqları yağır edib. Çox təəssüf ki, bəzi vətəndaşlar bu sahədə daha çox canfəşanlıq edir, tənqid əvəzinə təhqirlərlə danışır. Bəlkə, bircə dəfə özünüzə kənardan baxasınız? Bu mübarizə metodu xalqa, cəmiyyətə nə verəcək? Kim nə qazanacaq bundan? Bu ritorikanız bilirsinizmi nə qədər insanı hakimiyyətlə yanaşı dayanmağa məcbur edir? Kim ailəsində, evində, valideynlərinin, uşaqlarının yanında belə danışır? Danışırsınızsa, sizdən nəinki vətənə, mübarizəyə, demokratikləşməyə, heç ailənizə də xeyir gəlməyəcək. Çünki övladlar həm də bizim bənzərimizdir. Yox, ailənizdə danışmırsınızsa, sosial şəbəkə ailəsində nədən bizləri öz evinizdə danışmadıqlarınızı dinləməyə, oxumağa məcbur edirsiniz? Bizlər, yeni cəmiyyət - mədəni, savadlı, əxlaqlı, barış və dialoqu yaşam tərzinə çevirən ölkə və vətəndaşlar üçün mücadilə aparırıq. Bilmirsinizmi, hətta uşaqlar belə, uzun müddət bir-birlərinə söyüş söyəndə axırı əlbəyaxa davaya çevrilir? Bunu arzulayanlar varmı?

 

Mən qarşıdurma və davanı qətiyyətlə rədd edən siyasətin tərəfdarıyam. Bu ritorika cahilliyə aparır. Dayanın, durun, lütfən. Bizlər düşmənlə üzbəüz deyilik. Olsa-olsa siyasətini qəbul etmədiyimiz iqtidara qarşı demokratik mübarizə aparırıq. Bunun üçün özünüzdən bir parça olanlarla belə danışmaq və davranmaq heç doğru deyil. Bu sözlərim təkcə müxalif düşüncəli insanlara aid deyil, həm də iqtidar mənsublarına şamildir. Kimlərinsə təhqir dolu ritorikasını onların doğmalarının, əzizlərinin aşağılanması, həbsi hesabına durdurmağa çalışmayın. Bu çox yanlışdır. Qarşıdurma bizlərə bu gün heç lazım deyil. Hər kəs bu ölkənin övladıdır. Heç pis övladınızı - cinayət edəni, dəlini, narkomanı belə övladlıqdan məhrum edirikmi? Yox, əksinə, çalışırıq, normal həyata qaytaraq. Siyasətlə məşğul olan, ictimai-fəal insanlar, iqtidarlar-müxalifətlər də hər bir vətən övladına öz balası, doğması kimi baxmalıdır. Baxmayacaqsa, tərəzinin gözü əyiləcək. Hakimiyyəti dəstəkləyən yazıçı və şairlər, incəsənət nümayəndələri haqqında da sərt mövqelər, hətta əsərlərinin yandırılması fikirləri də səsləndirilir. Anlayıram, hamı umduğu yerdən küsür. Lakin insanları düşüncəsinə, seçiminə görə - səhv olsa belə - linç etmək demokratiyadırmı? Yox, dostlar, bu əksinə, bizim apardığımız mübarizənin demokratik olmadığının göstəricisidir. Bir bloqçunun dediklərinə görə - nə qədər etik və tərbiyəli olmasa belə - doğmalarını cəzalandırmaq necə? İqtidar nümayəndələri bunu demokratik demirəm, hüquqi hesab edirlərmi?!

 

Dostlar, hər kəsə müraciət edirəm - biz hamımız bir ananın - Azərbaycanın övladlarıyıq. Demək ki, bir-birimizlə bacıyıq, qardaşıq, doğmayıq. Kimsəyə öz doğmasını, bacı-qardaşını söymək, təhqir etmək yaraşmaz. O söyüşlərdən hər kəsə pay çatır.

 

Azərbaycan, demokratikləşmə, mübarizə üçün harada və necə yaşamasından asılı olmayaraq, hamını norma və dəyərlərə hörmət etməyə, təhqir və söyüşlərə son qoymağa çağırıram. Keçmişimiz, gələcəyimiz, adət-ənənələrimiz, dəyərlərimiz naminə!

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295094

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR